İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
İclası Milli Məclisin Sədri Sahibə Qafarova açıb.
Sahibə Qafarova bildirib ki, dünən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb. Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb. Sədr vurğulayıb ki, bununla əlaqədar karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.
Milli Məclisin Sədri Sahibə Qafarova deyib: “Yaranmış vəziyyətlə əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, bizim işimizi işıqlandıran media nümayəndələrinin də bu tövsiyələrə əməl etməsi yaxşı olardı.
İyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti bu virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir. Möhtərəm Prezidentin Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında qeyd etdiyi kimi Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib.
Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən önəmlidir”.
Sonra Sədr Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 4 məsələ daxil edilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə ediblər.
Çıxış edən deputatlar ölkə həyatının müxtəlif sahələrində son vaxtlar baş verən hadisələr barədə fikirlərini açıqlayıblar, təmsil etdikləri dairələrdə seçicilərlə keçirdikləri görüşlərdən danışıblar. Deputatlar öz çıxışlarında yeni növ koronavirus pandemiyası ilə mübarizə sahəsində karantin dövründə dövlət və parlament tərəfindən həyata keçirilən çevik tədbirlərin vətəndaşlar tərəfindən müsbət qarşılandığını söyləyiblər.
Sonra iclasın gündəliyinə daxil edilən məsələlərə baxılıb.
Əvvəlcə, Sədr Sahibə Qafarova Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verib. Bildirilib ki, Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. Qeyd edilib ki, namizədlər səriştəli və prinsipial şəxslərdir, cəmiyyətdə nüfuz sahibi olan insanlardır.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat birinci oxunuşda təqdim olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub.
2019-cu ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən komitə üzvlərinə təqdim olunub.
Qeyd edildi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. İndiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib.
Ötən müddətdə qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7.3 faiz, əhalinin real gəlirlərinin 4.7 faiz, orta aylıq əməkhaqlarının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Azərbaycanda 2018-ci ilə nisbətən iqtisadi artım 0.7 faiz sürətlənərək 2019-cu ildə 2.2 faizə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3.5 faiz təşkil edib. 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ümumiyyətlə qeyri-neft sektorunun ÜDM-dəki payı 2018-ci ildəki 58.3 faizdən 2019-cu ildə 61.7 faizə qalxmışdır. Ölkədə əməkhaqqı fondunun ÜDM-də payının artırılaraq 6.1 faizə çatması təqdirəlayiq haldır.
2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyə balansının cari əməliyyatlar balansında 4.3 milyard manat həcmində profisit qeydə alınıb.
Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də xüsusi əhəmiyyət kəsb edib. Ölkə Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının sonuncu “Doing Business”, biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülüb, ölkəmiz 190 ölkə arasında 25-ci yerə yüksəlib.
İqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinin muzdlu işdən aylıq gəlir vergisindən 7 il müddətində azad edilməsi, mikrosahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinə 75 faizlik güzəştin tətbiq edilməsidir. Bunlar da 2019-cu ildə ölkədə qeyri-leqal məşğulluğun səviyyəsini azaltmış, leqal şəraitdə işləmək istəyən sahibkarların sayını isə əhəmiyyətli dərəcədə artıraraq vergi daxil olmalarına müsbət təsir göstərmişdir.
Bildirilib ki, dövlət büdcəsi dövlətə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunmasına dair əsas maliyyə sənədi hesab olunur. Bu zəmində 2019-cu il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etmək olar.
Qeyd olunub ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına müvafiq olaraq hazırlanmış ilk büdcədir. Büdcə qaydasının tətbiqi dövlət xərclərinin profisitliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında hələ də mühüm xüsusi çəkiyə malik olan neft gəlirlərindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəsinə şərait yaradıb. Ötən ilin dövlət büdcəsinin icrası haqqında hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə daha yetərli və əhatəlidir.
Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərclərin isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunub. Belə ki, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34,0 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub. İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4,0 dəfə çox, yəni 7,5 milyard manat büdcə artıqlığı (profisit) yaranıb. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib. Təqdirəlayiq haldır ki, əldə olunan bütün əlavə gəlirlər və dövlət büdcəsində ənənəvi formalaşan ehtiyatlar istisnasız olaraq dövlətimizin başçısı tərəfindən əhalinin sosial müdafiəsinin güclənməsinə yönəldilib. Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil edib.
Vurğulanıb ki, 2019-cu ildə fiskal orqanların dövlət büdcəsinə daxilolmaları artıqlaması ilə təmin etməsi və xərclərin qənaətlə icrası nəticəsində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələrindən tam istifadə edilməsinə ehtiyac qalmayıb, kəsirin hesablama metodologiyasına uyğun olaraq faktiki kəsir proqnoza nisbətən qat-qat az olub, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil edib.
Diqqətə çatdırılıb ki, büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınmaqla icra olunub, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artım dəstəklənib. 2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri proqnozlaşdırılan 31,1 faizə qarşı – 26,6 faiz təşkil edib. Hesabatda dövlət büdcəsindən maliyyələşən dövlət proqramları və tədbirlər üzrə icra vəziyyəti və onların nəticələri barədə məlumatlar və göstəricilər öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci il ilə müqayisədə 1,8 faiz bənd azalıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 2018-ci ilə nisbətən 3,4 faiz-bənd artaraq 43,8 faiz təşkil edib.
Qeyd olunub ki, dövlət büdcəsi xərclərinin 31,8 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Prezident İlham Əliyevin imzaladığı 2 böyük sosial paketin uğurlu icrasının nəticəsi olaraq sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artaraq, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 50,0 faiz artırılıb. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 milyard vəsait hesabına yerinə yetirilib. Dövlət büdcəsində əməyin ödənişi üzrə xərclər 5,0 milyard manata yüksəlməklə ümumi xərclərin - 20,5 faizinə çatıb. Dövlət dəstəyi qismində fiziki şəxslərin problemli kreditlərinin həllinə nail olunmaqla ümumilikdə 639,0 milyon manat kompensasiya məbləğinin ödənişinin həyata keçirilməsi təmin edilib.
Bildirilib ki, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində uğurlu siyasət davam etdirilməklə bu məqsədə ümumilikdə büdcə xərclərinin 13,9 faizi həcmində vəsait yönəldilib. Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş şəhid ailələrinin vərəsələrinə 11 min manat hesabı ilə birdəfəlik müavinətlərin verilməsi təmin edilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmaqla dövlət və icmal büdcələrindən üst-üstə 494,0 milyon manat vəsait ayrılıb.
Dövlət borcunun idarə olunmasında səmərəliliyinin və çevikliyin daha da artırılması, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitlərindən daha düzgün istifadəsi hesabına 2019-cu ildə əlavə borclanmaya gedildikdən sonra belə, ilin sonuna ölkənin dövlət borcunun həcmi 164,0 milyon ABŞ dolları məbləğində azalıb.
O deyib ki, 2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin edilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclər də icra olunub.
Komitə sədri bildirib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə dövlət büdcəsində nəzərdə tutulmuş məbləğdə dotasiya ayrılıb, proqnoza qarşı əlavə gəlir əldə etməklə öz xərclərini gəlirləri hesabına maliyyələşdirdiklərinə görə bir sıra rayon və şəhərlərə nəzərdə tutulduğundan az dotasiya ödənilib.
Qeyd olunub ki, 2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün də mühüm zəmin yaratdı. Gözlənilmədən baş verən və xaricdən idxal olan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 milyon manat icra edilməsi mühüm uğur sayılmalıdır. Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırkı dövrdə atdığı operativ iqtisadi addımlar Azərbaycan iqtisadiyyatının bu çətin şəraitdən minimum itki ilə çıxmasına və postpandemiya dövründə iqtisadi inkişaf tempini bərpa etməyə imkan verəcək.
Çıxışının sonunda komitə sədri qeyd etdi ki, 2019-cu il üçün dövlət büdcəsinin icrası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunan 2019-cu il üçün dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və müvafiq hesabat ətraflı müzakirə edilib. İclasda faydalı, konstruktiv fikir mübadiləsi aparılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da öz çıxışında 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi qurumun rəyi Milli Məclisə təqdim olunub.
Müzakirələr zamanı çıxış edən deputatlar məsələ barədə öz fikirlərini açıqlayıb, təkliflərini veriblər.
Maliyyə naziri Samir Şərifov səsləndirilən fikirlərə münasibət bildirib.
Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” məsələni qəbul ediblər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib.
Bildirilib ki, Qanunun 13.3-1-ci maddəsinin birinci cümləsinə “o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar” sözləri əlavə edilir. Bu əlavədən sonra buradakı fikir aşağıdakı şəkildə səslənəcək: “Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir”.
Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.
Çıxış edən deputatlar məsələyə münasibət bildiriblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Növbəti məsələ - “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd olunub ki, Məcəlləyə təklif olunan dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb.
Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.
Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur. Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Deputatlar qanun layihəsi barədə öz fikirlərini açıqlayıb, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.
Cinayət Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Bununla Milli Məclisin növbəti plenar iclası başa çatıb.