Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
1976-cı ildə Naxçıvanda hava limanının tikilməsi bir sıra problemlərin həllinə öz töhfəsini verib
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat problemlərinin həllinə daim xüsusi diqqət yetirib, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilib. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Həmin dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başlayıb. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndərimiz limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürüb və bu iş qısa müddətdə həyata keçirilib. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirib. Bununla əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olub. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilib.
Blokada vəziyyətində yaşayan Naxçıvanda mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter alıb, inkişaf proqramları qəbul olunaraq həyata keçirilib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlayıb, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilib. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarıb. Prezidentin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə isə “Şərq terminalı” istifadəyə verilib.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə hava limanının “Qərb terminalı” istifadəyə verilib. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşları və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunub. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynayıb, hava limanının saatlıq sərnişin dövriyyəsi 300 nəfərdən 600 nəfərə çatdırılıb. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir.
Naxçıvanın sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırıb
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırıb. Hava limanında əhaliyə və turistlərə hərtərəfli xidmət göstərmək üçün lazımi şərait yaradılıb, infrastruktur təkmilləşdirilib. Həyata keçirilən işlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad, Şərur və Şahbuz şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilib, sərnişinlərin rahatlığı və xidmətin səviyyəsi yüksəldilib. Xidməti personalın bilik səviyyəsinin yüksəldilməsi, müasir texnoloji avadanlıqlardan istifadə qaydaları və onların tətbiq edilməsi üçün də tədbirlər görülüb, əməkdaşlar Milli Aviasiya Akademiyasında təşkil olunmuş ixtisasartırma kurslarında iştirak ediblər. Hava limanında müasir xidmət tələblərinə cavab verə biləcək yüksəkixtisaslı gənclərin işə cəlb olunması ən böyük uğurlardan biridir.
Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının tikintisi 2019-cu ildə yekunlaşıb. Uzunluğu 3300, eni 60 metr olan uçuş-enmə zolağı enmə, işıq-siqnal sistemləri, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və digər qurğularla təmin olunub. Uçuş-enmə zolağı böyükhəcmli yük təyyarələrinin qəbuluna imkan verəcək.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, 2019-cu il avqust ayının 15-dən Naxçıvan Muxtar Respublikasına Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək. Türkiyə üzərindən yeni açılan hava dəhlizi gələcəkdə yeni beynəlxalq reyslərin açılmasına şərait yaradacaq.
Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət etməyə imkan verir.