Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmışdır. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün uçuş-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülmüşdür.
Muxtar respublikanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş qısa müddətdə həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdir. Bununla əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olmuşdur. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud hava limanlarının maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması sahəsində görülən işlər ardıcıl və sistemli xarakter almış, inkişaf proqramları qəbul olunaraq həyata keçirilmişdir. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsini diqqətdə saxlamış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını yeni inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidentinin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə isə “Şərq terminalı” istifadəyə verilmişdir.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə hava limanının “Qərb terminalı” istifadəyə verilmişdir. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşları və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynamış, hava limanının saatlıq sərnişin dövriyyəsi 300 nəfərdən 600 nəfərə çatdırılmışdır. Hər iki terminalda beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına tələbatı da artırmışdır. Hava limanında əhaliyə və turistlərə hərtərəfli xidmət göstərmək üçün lazımi şərait yaradılmış, infrastruktur təkmilləşdirilmişdir. Həyata keçirilən işlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad, Şərur və Şahbuz şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilmiş, sərnişinlərin rahatlığı və xidmətin səviyyəsi yüksəldilmişdir. Xidməti personalın bilik səviyyəsinin yüksəldilməsi, müasir texnoloji avadanlıqlardan istifadə qaydaları və onların tətbiq edilməsi üçün də tədbirlər görülmüş, əməkdaşlar Milli Aviasiya Akademiyasında təşkil olunmuş ixtisasartırma kurslarında iştirak etmişlər. Hava limanında müasir xidmət tələblərinə cavab verə biləcək yüksəkixtisaslı gənclərin işə cəlb olunması ən böyük uğurlardan biridir.
Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının tikintisi 2019-cu ildə yekunlaşmışdır. Uzunluğu 3300, eni 60 metr olan uçuş-enmə zolağı enmə, işıq-siqnal sistemləri, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və digər qurğularla təmin olunmuşdur. Uçuş-enmə zolağı böyükhəcmli yük təyyarələrinin qəbuluna imkan verəcəkdir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən 2019-cu il avqust ayının 15-dən Naxçıvan Muxtar Respublikasına Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcəkdir. Türkiyə üzərindən yeni açılan hava dəhlizi gələcəkdə yeni beynəlxalq reyslərin açılmasına şərait yaradacaqdır.
Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət etməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.
Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublika əhalisinə və turistlərə nümunəvi xidmət göstərəcək.
Naxçıvan Beynəlxalq Hava Limanı