Milyarder Elon Muskun sahibi olduğu SpaceX şirkətinin “Crew Dragon” kosmik gəmisini daşıyan Falcon 9 raketi NASA-nın iki astronavtı ilə bərabər Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb.
Start NASA-nın YouTube kanalında canlı yayımlanıb.
Kosmik gəmidəki NASA astronavtları Daqlas Hyorli və Robert Benkendir.
Qeyd edək ki, start ikinci cəhddən sonra uğurlu olub. Uçuş mayın 27-nə planlaşdırılsa da, əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
NASA-nın 1986 və 2003-cü ildəki insan həyatı bahasına başa gələn kosmik missiyalarından sonra qurumun insanlı uçuş proqramlarına son verilmişdi. Ancaq Elon Musk sahibi olduğu SpaceX şirkəti vasitəsilə bu vəziyyəti dəyişməyə çalışır.
NASA artıq SpaceX-də 48 astronavtı BKS-yə aparacaq 12 kosmik uçuş üçün 2,5 milyard dollarlıq rezervasiya edib. Yəni adambaşına SpaceX-ə 50 milyon dollar ödəniş ediləcək. Hazırda NASA Rusiyaya adambaşına uçuş üçün 80 milyon dollar ödəyir.