Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 12 məsələ daxil edilib.
Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər. Çıxış edən deputatlar ölkə gündəmində olan vacib məsələlərdən söz açıblar, qeyd və təkliflərini veriblər. Sonra gündəliyin birinci məsələsinin müzakirəsinə başlanılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumatında bildirib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir və ölkəmizin iqtisadi maraqlarına uyğundur. Komitə sədri qeyd edib ki, ötən ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində qardaş ölkə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 33 faiz artıb. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artıb. Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard dollara çatıb. Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında da mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəaların öz əksini tapdığı da vurğulanıb. Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin vacib və əhəmiyyətli məsələləri əhatə etdiyini vurğulayıb. Qeyd olunub ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur. Ətraflı müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sənədi şərh edib. Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməyə, iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək, ordumuzun inkişafına töhfə verəcək. Sənədlə əlaqədar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da fikirlərini bildirib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə sənədi təqdim edərək bildirib ki, Protokol iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əhatə dairəsini bir qədər də genişləndirməkdən ibarətdir. Bu sıraya insan alveri, casusluq və təxribat, məcburi əmək və qanunsuz miqrasiya, dini radikalizm zəminində törədilən cinayətlər, qiymətli kağızların saxtalaşdırılması, orqanların, toxumaların və hüceyrələrin qanunsuz dövriyyəsi, mülkiyyət əleyhinə, vətəndaşların sağlamlığı, şərəf və ləyaqəti əleyhinə edilən cinayətlərlə mübarizə məsələləri daxil edilib. Sənəd səsə qoyularaq təsdiqlənib.
Fasilədən sonra müzakirələr davam etdirilib. Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycanın Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə danışaraq deyib ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir. Sənəd səsvermə yolu ilə təsdiqlənib.
Sonra Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, sənəd ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverişli şəraiti təmin etməyə yönəldilib. Səməd Seyidov da sənədin Azərbaycanın milli maraqlarına uyğun olduğunu vurğulayıb və Protokol səsvermə yolu ilə qəbul edilib.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır. “Üzümçülük və şərabçılıq haqqında” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” Qanunun müvafiq maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” haqqında Qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcək. Sənəd səsvermə yolu ilə təsdiq edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeyinti məhsulları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Bildirilib ki, sənədlərə təklif olunan dəyişikliklər bu sahə ilə əlaqədar bəzi normativ aktlara, eləcə də “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
İclasda Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) də müzakirə edilib. Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra birinci oxunuşda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Sənədi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı təqdim edib. Bildirilib ki, ölkəmizdə karantin rejimi bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Deputat qeyd edib ki, Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Qanun layihəsi ətrafında müzakirələr aparılıb. Deputatlar Fazil Mustafa, Razi Nurullayev, Azay Quliyev, Şahin İsmayılov, Qüdrət Həsənquliyev, parlamentin komitə sədrləri Siyavuş Novruzov, Əhliman Əmiraslanov sənədin hazırkı dövr üçün olduqca zəruri, mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar, faydalı təkliflərini bildiriblər. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova sənədlə əlaqədar çıxış edərək bildirib ki, 82 deputatın müraciəti ilə qanunvericiliyə uyğun olaraq parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb. İyunun 1-də və 2-də keçirilən iclaslarda dəyişikliklərin ikinci və üçüncü oxunuşlarda müzakirəsi də aparılacaq.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verib. Bildirilib ki, Qanunun 5 maddəsinə 11 dəyişiklik edilib və 10-cu maddə yeni redaksiyada verilib. Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır. Sənəd ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddədə digər vacib məqamlar da öz əksini tapıb. Təklif olunan dəyişikliklər növbəti illərdə ünvanlı dövlət sosial yardımın və özünüməşğulluq proqramlarının genişləndirilməsini, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsini təmin edəcək. Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verilib. Bildirilib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirib ki, qanunun birinci oxunuşda müzakirəsi zamanı təklif olunan bəzi təkliflər nəzərə alınıb. Dəyişikliklərə əsasən infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması nəzərdə tutulur. Bu sənəd də səsvermə yolu ilə təsdiqlənib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək deyib ki, bu gün yaz sessiyasının sonuncu iclasıdır, növbədənkənar sessiyanın keçirilməsi də nəzərdə tutulur.
Sədr yaz sessiyasının yekunları barədə deputatlara məlumat verərək söyləyib ki, 6-cı çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib. Parlamentdə Prezident İlham Əliyevin martın 10-da Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülüb. Dövlətimizin başçısının başladığı əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir.
Qeyd edilib ki, yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatlarına başlanılıb, Aparatın və İşlər İdarəsinin yeni strukturu, ştat cədvəli müəyyən edilib, bir sıra dövlət qulluqçuları ixtisar edilib. Milli Məclis Aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə saxlanılıb. Yeni bir şöbə - İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Sədr çıxışında belə bir inamı ifadə edib ki, islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcək.
Bildirilib ki, Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib. Parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olub. Təcrübə göstərir ki, bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin səriştəli şəkildə həll edilməsinə və nəticə etibarı ilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir.
Sədr daha sonra deyib ki, dövlətimizin başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə Milli Məclis yaxından iştirak edir. Parlamentdə xüsusi iş qaydası tətbiq edilib. Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər olmaqla tibbi maska ilə əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaq. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Milli Məclisin deputatları və əməkdaşları 250 min manatdan çox vəsait köçürmüşlər. Milli Məclisin iclasında deputatlar koronavirus pandemiyasına qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən Azərbaycan həkimlərini və tibb işçilərini, polis və gömrük xidməti əməkdaşlarını, sərhəd qoşunlarının əsgər və zabitlərini alqışlayaraq, sayğı duruşunda dayanmışlar. Bu tədbirə həsr edilən sosial videoçarx bir neçə gün ərzində müxtəlif televiziya kanallarında nümayiş etdirilərək, pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən peşə sahiblərinə cəmiyyətin hörmətinin artırılması baxımından böyük tərbiyəvi əhəmiyyət daşımışdır. Mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olmuşdur. Artıq müntəzəm xarakter alan bu humanist aksiya cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Həmişə olduğu kimi, Azərbaycan tarixinin həm əlamətdar, həm də kədərli günlərinə Milli Məclis öz münasibətini bildirmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi ərəfəsində keçirilən iclasda bu dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlər minnətdarlıq hissi ilə anılıb.
Bildirilib ki, Milli Məclisin iclasında faşizm üzərində qələbənin 75 illiyindən söhbət açılıb, xalqımızın oğul və qızlarının döyüş meydanlarında qəhrəmanlığına, arxa cəbhədə fədakarlığına hörmət və sayğı ifadə edilib.
“Mayın 7-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenkonun təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə həsr edilən videokonfrans keçirilib, burada müxtəlif ölkələrdən 17 iştirakçı, o cümlədən 7 ölkənin parlament sədrləri çıxış ediblər. Sədr deyib ki, videokonfransda mən öz çıxışımda ölkəmizin qələbəyə verdiyi böyük töhfələrdən danışdım, bu gün Ermənistanda tarixin saxtalaşdırılmasına, müharibə canilərinin qəhrəmanlaşdırılmasına qarşı kəskin etirazımı bildirdim”- deyə Sahibə Qafarova vurğulayıb.
Sədr vurğulayıb ki, Milli Məclisin iclasında tariximizin faciəli səhifələri olan 31 mart – Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü qeyd olunub, erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasımızda biz yeni bir formadan istifadə etdik. Ata-baba yurdunun həsrəti ilə yaşayan şuşalı gənc qız parlamentin iclasında xalqımıza və dünyaya müraciət etdi.
Sahibə Qafarova deyib: “Mən möhtərəm Prezidentimizin Milli Məclisin birinci iclasında söylədiyi nitqdən sitat gətirmək istəyirəm. Prezident İlham Əliyev demişdi: “Əlbəttə ki, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. ...Bizi təmsil edən deputatlar fəal olmalıdırlar. Hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq”.
Məhz bu mülahizələrə əsaslanaraq, Milli Məclis xalqımızın sıravi bir nümayəndəsini, didərginliyin ağrı-acısını hər gün yaşayan insanların təmsilçisini yüksək kürsüyə dəvət etdi və onun səsi ilə dünyaya xitab etdi. Bu çıxış ölkə və dünya mediasında geniş əks-səda doğurdu. Dünya erməni şovinizminin hansı faciələr törətdiyinin bir daha şahidi oldu”.
Parlamentin Sədri çıxışında vurğulayıb ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə də öz təsirini göstərib. Xarici səfərlər, qonaqların qəbulu müvəqqəti dayandırılıb. Amma parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar.
Sədr daha sonra söyləyib ki, mayın 15-də Milli Məclisin plenar iclas salonunda Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirilib. Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq, deputatların təmsilçilik funksiyasının həyata keçirilməsində deputat köməkçilərinin rolu və vəzifələri göstərilib. Onlara tapşırılıb ki, dairələrdə vətəndaşların deputatlara təqdim etdikləri ərizə, şikayət və müraciətlərin müvafiq icra orqanlarına çatdırılmasını təmin etsinlər, deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlayıb Milli Məclisin yeni şöbəsinə təqdim etsinlər ki, ölkənin və Milli Məclisin rəhbərliyi bu barədə məlumatlı olsunlar.
Çıxışının sonunda Parlamentin Sədri Milli Məclisin 2020-ci il yaz sessiyasını bağlı elan edib.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib. Yaz sessiyası öz işini başa çatdırıb.