24 Dekabr 2024, Çərşənbə axşamı

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan faktorlardan biridir. Bununla yanaşı bu sahənin inkişaf etdirilməsi yoluxucu və parazitar xəstəliklərə qarşı mübarizədə həyati əhəmiyyət kəsb etməklə son dövrlərdə daha aktual xarakter almışdır. Muxtar respublikamızda baytarlıq xidmətinin müasir tələblərə uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada baytarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar fəaliyyət göstərir. Həmçinin baytarlıq idarələri və məntəqələri üçün lazımi iş şəraiti yaradılır, süni mayalanmanın tətbiqi ilə bağlı tədbirlər görülür. Epizootik tədbirlərin görülməsi üçün dərmanlarla təminat vaxtında həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada bu sahədə sabitlik vardır”.

Muxtar respublikada heyvandarlıq sahəsində əldə olunan nailiyyətlər əhalinin ət və ət məhsulları, süd və süd məhsullarına olan tələbatının ödənməsində mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” bu tədbirlərin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Proqramda 25 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuş, ötən dövrdə bu tapşırıqların icrasına başlanılmışdır.

Baytarlıq təbabəti insanları ərzaq məhsulları ilə təmin edən ev heyvanları arasında xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin müəyyən xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktik və təşkilati tədbirlər sistemidir. Bu ilin ötən dövründə Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası təmin edilmiş, tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması üçün Şahbuz, Ordubad, Kəngərli, Babək və Culfa rayonlarında xüsusi yerlər ayrılaraq cəsədlərin basdırılması üçün quyular qazılmışdır.

Proqramın icrasına uyğun olaraq heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlər də davam etdirilmiş, epizootik tədbirlər planına uyğun olaraq qarayara xəstəliyinə qarşı 94 min 631 baş iribuynuzlu, 4 min 797 baş təkdırnaqlı, 337 min 519 baş xırdabuynuzluda, eyni zamanda nodulyar dermatit xəstəliyinə qarşı 80 min 650 baş iribuynuzluda, dabaq xəstəliyinə qarşı 99 min 834 baş iribuynuzluda, emkar xəstəliyinə qarşı 36 min 542 baş iribuynuzluda, bradzot xəstəliyinə qarşı 32 min 95 baş xırdabuynuzluda, pasterellyoz xəstəliyinə qarşı 87 min 879 baş quşda, eləcə də quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılmışdır.

 Bruselyoz xəstəliyini müayinə məqsədilə 14 min 593 baş iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmiş və xəstəlik aşkarlanmamışdır. Eyni zamanda vərəm xəstəliyinə görə 3 min 954 baş iribuynuzlu, manqo xəstəliyinə görə isə 1731 baş təkdırnaqlı heyvanlarda müayinələr aparılmışdır.

Ekoloji təmizliyin təmin edilməsi yoluxucu və parazitar xəstəliklərin yayılmasının qarşısını alır. Dövlət Proqramının icrasına uyğun olaraq ötən dövrdə heyvandarlıq binalarının yerləşdiyi ərazilərdə 1786 obyekt üzrə     520 min 143 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.

Heyvandarlığın daha sürətlə inkişaf etdirilməsi, yeni məhsuldar cinslərin yetişdirilməsi, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və qısırlığın aradan qaldırılmasında süni mayalamanın çox böyük təcrübi əhəmiyyəti vardır. Süni mayalanmanın heyvandarlıqda müvəffəqiyyətlə həyata keçirilməsi bir tərəfdən iqtisadi cəhətdən sərfəlidir, digər tərəfdən isə heyvanlar arasında xəstəliklərin qarşısını alır. Bu istiqamətdə Dövlət Proqramında nəzərdə tutulan süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Muxtar respublikada fəaliyyət göstərən 23 süni mayalanma məntəqəsinin texnikləri tərəfindən 3 min 307 baş inək və düyədə süni mayalanma işləri aparılmışdır.

 Aqrar sektorda məhsuldarlığın yüksəldilməsində heyvandarlıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi əsaslı rol oynayır. Bu sahədə əvvəlcədən başlanılan işlər davam etdirilir. Ümumilikdə yanvar-mart aylarında dövlət maliyyə dəstəyi hesabına 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 16 heyvandarlıq və 5 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmışdır. 50 baş iribuynuzlu heyvandarlıq təsərrüfatının yaradılması üzrə isə layihə hazırlanmışdır.

 Ərzaq məhsullarının saхlanılmasının düzgün təşкilində, miqdar və кeyfiyyətcə yaхşı qalmasında tara və qablaşdırıcı materialların rolu böyüкdür. Dövlət Proqramında heyvandarlıq məhsullarının emalı və qablaşdırılmasını həyata keçirən müəssisələrin reyestrinin aparılması ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Ötən dövrdə rəsmi qeydiyyatda olan 10 süd məhsulu, 4 dondurma, 3 ət məhsulu, 2 hisə verilmiş bildirçin əti və toyuq əti hissələri, 2 hisə verilmiş balıq məhsulları, emal edilmiş gön-dəri, 2 arıçılıq məhsulları istehsalı müəssisələrinin, 16 quşçuluq və 18 balıqçılıq təsərrüfatlarının reyestri aparılmışdır.

Sığorta iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da mühüm rol oynayır. Əmlakı və məhsulu gözlənilməz hadisələrə qarşı sığorta etdirmək fermer və torpaq mülkiyyətçiləri üçün böyük əhəmiyyət daşıyır. Belə ki, kənd təsərrüfatında tətbiq olunan sığorta bitkiçilik və heyvandarlıqda müxtəlif riskli hadisələr nəticəsində dəymiş zərərlərin ödənilməsində çox faydalıdır. Proqramın icrasına uyğun olaraq heyvandarlıqda sığorta işinin təşkili ilə bağlı sahibkarların maarifləndirilməsinə başlanılmış, Culfa, Şərur və Babək rayonlarında müşavirələr keçirilmiş, “Heyvandarlıqda aqrar sığortanın əhəmiyyəti” adlı maarifləndirici bukletlər sahibkarlara paylanılmışdır.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icrası muxtar respublikada baytarlıq təbabətinin inkişafında mühüm mərhələ təşkil edəcəkdir.

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR