24 Dekabr 2024, Çərşənbə axşamı

İnsan vücudunun 75 faizini, beynin 85 faizini, qanın 90 faizini, böyrəklərin 82 faizini, sümüklərin isə 22 faizini su təşkil edir. Hüceyrələrimizin normal həyat fəaliyyəti, vücuddakı su balansını qoruması və fizioloji funksiyaların yerinə yetirilməsi üçün, (tənəffüs, dəri. sidik və nəcis yolu ilə) təqribən, 2300 ml su xaric edirik. Unutmamalıyıq ki, su yalnız susuzladığımız zaman içilməz. Çünki beynimizin “hipotalamus” adlanan hissəsində aclıq və susuzluq mərkəzləri bir-birinə yaxın yerləşir və biz çox zaman yanlış olaraq susuzluğumuzu aclıq kimi anlayırıq. Çox vaxt “yalançı aclıq” siqnalı gəldiyi zaman həddən artıq yemək yeyilməsi, sonra isə üzərindən yenə yanlış olaraq həddən ziyadə su içilməsi onu göstərir ki, ilk siqnal yanlış anlaşılıb. Əvvəlcə su içilməli imiş. Yuxarıda da  dediyimiz kimi, (çəkiyə uyğun olaraq) orta hesabla 1,5-2,5 litr arası su içilməlidir. Qadınlar kişilərə nisbətən daha az su içirlər. Digər faktorları da istisna etməməklə birlikdə, onu deyə bilərik ki, piylənmə hallarına qadınlarda daha çox rast gəlinir. Bir çoxları içilən meyvə sularını, çayı və sairi də su hesab edirlər. Bu, duzgün fikir deyil. Necə deyərlər, suyun yerini heç nə vermir. Biz vücudumuza lazım olan oksigeni təkcə hava yolu ilə qəbul etmir, sudan da alırıq. İnsan aclığa 40 gün, susuzluğa 7 gün, havasızlığa 5 dəqiqə dözə bilər. Su birnəfəsə deyil, aramla içilməlidir. Yeməklərdən 15 dəqiqə öncə içilən su maddələr mübadiləsini sürətləndirir, mədədə müəyyən həcmi tutur və çox yemək yeyilməsinin qarşısını alır. İdman edilən zaman da aramla az-az içilən su artıq çəkinin və zərərli maddələrin vücuddan atılmasına kömək edir.

Sağlam zehni və fiziki fəaliyyət üçün də su əvəzsizdir. Uzun zaman susuzluqdan sonra əgər vücuda lazımi miqdarda su qəbul edilmədikdə qanın həcmi azalır, qan qatılaşır, aritmiya, təzyiq düşmələri, unutqanlıq, diqqət əskiklikləri müşahidə oluna bilir. Bəs vücudumuza lazımi miqdarda su qəbul edib-etmədiyimizi necə öyrənə bilərik? Əgər sidiyin rəngi tünd və iylidirsə, daim yemək yeməyilməsinə baxmayaraq, yenə də aclıq hiss edilirsə, yorğunluq, əzələ ağrıları, əsəb gərginliyi və sir varsa, bu, sizin lazımi miqdarda su içmədiyinizin göstəricisidir.

Vücudumuza lazım olan miqdarda su içməkdən bəhs etməyimiz, suyun həddən artıq çox içilməli olduğu mənasına gəlmir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu beytini daim misal çəkirəm:

 Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

Suyun normadan artıq içilməsi də doğru deyil. Belə olduqda böyrəklərin işi çətinləşir. Qanda suyun normadan artıq toplanması elektrolitik tarazlığın pozulmasına, natriumun vücuddan hədsiz miqdarda atılmasına, halsızlığa, ürəkbulanmaya və hətta koma kimi hallara gətirib çıxara bilir.

Suyun daxilə qəbulu kimi, onun xaricə istifadəsi də insan orqanizmi üçün faydalıdır. Biz hava ilə əhatələnmişik və havasız yaşaya bilmərik. Havada (müsbət və mənfi) ionlar var və bunlar bizə təsir edir. Vücud bu ionlarla yüklənir. Heç fikir vermisinizmi ki, küləkli havalarda bir çox insanlarda yorğunluq və baş ağrıları baş qaldırır. Bu onunla izah edilə bilər ki, küləkli havada elektrik yükü çox olur və vücud bu yüklə xeyli yüklənir. Bu yüklənməni isə su ilə aradan qaldırmaq mümkündür. Bunun üçün su ilə yuyunma kifayətdir. Düşünürük ki, gün ərzində bir neçə dəfə dəstəmaz alınmasındakı hikmətlərdən biri də budur. Bununla Uca Yaradan qarşılaşa biləcəyimiz yüklənməni minimuma endirməyimiz üçün bir səbəb yaradıb. Çünki dəstəmaz alınan zaman yuyulan üzvlər vücudun bioloji aktiv nöqtələrinin ən çox olduğu hissələrdir və bu nöqtələr xarici təsirlərə qarşı daha həssasdır.

İndi isə hansı suları içə biləcəyimiz barədə söhbət açaq. Naxçıvan Muxtar Respublikası bir su cənnətidir. Muxtar respublika bulaqlarının sayına və mineral sularının tərkibi çeşidliliyinə görə Azərbaycanın analoqu olmayan bir regionudur. Hələ 1960-cı ildə tibb elmləri namizədi Aydın Cabbarlı Sirab mineral suyu haqqında yazdığı “Sirab mineral suyunun müalicəvi əhəmiyyəti” adlı kitabında onun xroniki hepatoxolesistitlərin müalicəsində müvəfəqiyyətlə istifadə edildiyini bildirmişdi. Aparılan təcrübədə xəstələrə 24 gün ərzində gündə 3 dəfə 200 ml otaq temperaturunda sirab suyu verilmiş və çox ürəkaçan nəticələr əldə edilmişdir.

Mineral sular tərkibindəki duz qatılığına və faydalarına görə müalicəvi, müalicəvi-süfrə və süfrə suları kimi çeşidlənir. Əgər suda duzun qatılığı 1 litrdə 1 qramdan  çoxdursa, bu, mineral su, 1 qramdan azdırsa, bu, süfrə suyu adlanır. Mineral sularda duz molekulları ionlara parçalanmış şəkildədir. Ona görə də mineral suyun tərkibində duz yox, müsbət yüklənmiş hidrogen (H), natrium (Na), kalsium (Ca), maqnezium (Mg) kationları və bunlara bərabər miqdarda mənfi yüklənmiş xlor (Cl), sulfat (SO4), hidrokarbonat (HCO3) anionları mövcuddur.

Mineral suların tərkibində olan manqan, mis, sink, molibden, dəmir, arsen, kobalt, bor, brom, ftor, yod kimi mikroelementlər orqanizmdə müxtəlif fermentlərin tərkibinə daxil olaraq maddələr mübadiləsində iştirak edir. Mineral sulardan, əsasən, həzm sistemi, yuxarı tənəffüs yolları, sidik-ifrazat sistemi problemlərində, mübadilə pozulması ilə bağlı xəstəliklərdə, anemiyalarda və osteoparoz zamanı istifadə edilməsi daha yaxşı səmərə verir.

Müalicəvi mineral suların daxilə qəbulu hər kiloqram çəkiyə 3-3,5 ml hesabı ilə götürülür və gündə 2-3 dəfə olmaqla orta hesabla 1 ay qəbul edilir. Mədə turşuluğu normal və yüksək olanda yeməklərdən 1-1,5 saat əvvəl, turşuluq az olanda isə yarım saat əvvəl içilir. Qəbizlik zamanı su 20-25, ishala meyillilik zamanı isə 40-45 dərəcədə qəbul edilir.

Naxçıvan Muxtar Respublikasında çıxan məhşur Sirab və Badamlı suları müalicəvi-süfrə suları qrupuna aiddir. Darı dağ silisium tərkibli hidrokorbanatlı suyun, əsasən qaraciyər, mədə-bağırsaq, şəkərli diabet, piylənmə və ümumilikdə, mübadilə pozulmalarında içilməsi faydalıdır. Vayxır suyunun hepatit, öd kisəsi iltihabı, xroniki qastrit, xroniki kolit kimi xəstəliklərdə istifadəsi vücuda əhəmiyyətli dərəcədə fayda verir. Vayxır suyunun osmotik qatılığı insanın qan plazmasının qatılığına uyğun gəldiyi üçün bütün daxili xəstəliklərdə müvəffəqiyyətlə istfadə edilir. Mineral sulardakı xlor (Cl) ionu mədənin selikli qişasını qıcıqlandırdığı üçün vəzilərin sekresiyasını gücləndirir. Natrium tərkibli bikarbonatlı sular (Sirab, Badamlı, Vayxır) susuzluğu yaxşı yatırır. Yeməkdən əvvəl içilən belə sular mədə vəziləri vasitəsilə ifraz olunan xlorid turşusu ilə reaksiyaya girir. Mineral sulardakı sulfat ionu maqneziumla birləşərək acı ingilis duzu maqnezium sulfatı (MgSO4), natrium ilə birləşərək isə qlauber duzunu (Na2SO4) əmələ gətirir. Bu acı duzlar bağırsağın peristaltikasını və ödün ifrazını qaydaya salır, sinir sisteminə müsbət təsir göstərir.

Kalsium tərkibli sular soyuqdəyməyə qarşı fayda verir, maddələr mübadiləsini sürətləndirir, sümüklərin inkişafına, diş və dırnaqların sağlamlığına, saçların gücləndirilməsinə fayda verir.

Kalium (K) ionlu sular yaddaşa və diqqətin artırılmasına  müsbət təsir edir, zehni yorğunluğu azaldır. Maqnezium (Mg) ion tərkibli sular əzələ sistemimiz üçün əvəzsiz rol oynayır.

Ümumiləşdirməli olsaq, sonda onu demək istərdik ki, su mövzusunda ən əhəmiyyətli məsələ vücudumuzu və içilən suyu yaxşı tanımağımızdır. Belə olduqda hansı sudan nə zaman və nə qədər içə biləcəyimiz barədə doğru seçim edə bilərik.

Uca Allahdan hər kəsə su kimi şəfaf, aydın sabahlar diləyi ilə...

 Pərvanə QƏHRƏMANOVA

“Şəfa” Özəl Tibb Mərkəzinin əməkdaşı, dietoloq

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR