24 Dekabr 2024, Çərşənbə axşamı

«Bu gün 102 illik tarixi vərəqlənən  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev  belə qiymətləndirmişdir: «Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.» Bu dəyərləndirmənin davamı olaraq möhtərəm Prezidentimiz  İlham Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin tarixi paralellər fonunda indiki və gələcək nəsillərə çatdırılması günümüzün əsas tələbləri sırasındandır. Dövlətimizin başçısı İlham Əliyevin ardıcıl  Sərəncamları əsasında  2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili», 2019-cu ilin «Nəsimi ili», cari ilin isə «Könüllülər ili»  elan edilməsi də bu çağırışların təsdiqidir: Keçilən  yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki,  Azərbaycan xalqının  qəhrəmanlıqla  dolu zəngin  keçmişi, tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri vardır.  Bu  tarixi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.»

 Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

  V.Rəhimzadə vurğulayıb ki,  23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq  Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən  və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi.  Daim ilklərə imza atan  Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verildi, bu mühüm addım  bütün dünya demokratiyasına böyük töhfə oldu.  Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa edərək  müstəqil Azərbaycan  Xalq Cümhuriyyətinin varisi oldu”.

V.Rəhimzadə qeyd edib ki, bu  qısa xronologiya Azərbaycanın müstəqillik tarixinin zəngin olmaqla yanaşı,  böyük sınaqlardan şərəflə keçdiyini nümayiş etdirir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.  

«Cümhuriyyət tariximizin öyrənilməsi ulu öndər  Heydər Əliyevin əsas çağırışlarından olub» söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin 1993-2003-cü illərdə gördüyü işlərin davamı olaraq   son 16 ildən artıq dövrdə   möhtərəm Prezidentimiz  İlham Əliyev  milli dövlətçilik tariximizə diqqət və qayğısını davamlı addımları ilə təsdiqləyir. Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı, həmçinin  2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması barədə Sərəncamlar  xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsində  mühüm rol oynadı.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev hər il 28 May–Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Cümhuriyyət tarixinə  yüksək qiymət verərək bildirir ki,  Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Bu diqqət və qayğının tərkib hissəsi kimi 2007-ci ildə  Bakının  İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi  abidəsinin açılışını qeyd edə bilərik.  Həmçinin cənab İlham Əliyevin göstərişi ilə  Cümhuriyyət tariximizin araşdırılması məqsədilə ikicildlik  ensiklopedik lügət  hazırlanıb.

«Atılan bu addımlar tariximizə verdiyimiz dəyərdən, öyrənilməsinə göstərdiyimiz maraqdan, ən əsası zəngin tarixə malik olduğumuzu bir daha dünyaya  çatdırmaqdan ibarətdir. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə    fəxr edir» söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq müstəqilliyimizin yenidən bərpa olunmasından   29 ilə yaxın zaman keçir. Bu illər Azərbaycan tarixinə biri-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Dahi şəxsiyyətin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi Azərbaycanın istər 1918-ci illərdə, istərsə də müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə cərəyan edən proseslərin fonunda özünü bir daha qabarıq şəkildə büruzə verir. Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan xaosdan, anarxiyadan, iqtisadi tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxdı. Ölkəmiz qısa müddətdə sabitlik məkanına çevrildi. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrilməkdən qürur duydu. Məhz  təbii resurslardan səmərəli istifadə etmək,  səyləri birləşdirmək, dünya iqtisadi sisteminə inteqrasiya etmək  məqsədilə imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın dünya birliyində yeri və rolunu artırdı, ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırdı.  Ulu Öndər Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli  yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq.»

Baş redaktor bildirib ki, son 16 ildən artıq dövrdə  ulu öndər  Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahib olduğunu  bəyan edir.  İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır.  Bu gün müstəqil Azərbaycana hansı sahədən diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin inkişaf modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi vurğulanır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti özündə ehtiva edən, davamlı inkişafa yönələn Strateji yol xəritələri  qarşıdakı illər üçün müəyyənləşdirilmiş hədəflərin gerçəkləşməsində stimulverici amilə çevrilib. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, möhkəm bazanın hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: « Bu gün dünyanı bürüyən, birinci mərhələsi başa çatıb bəzi ölkələrdə ikici mərhələsi yaşanan koronavirus pandemiyası dünya dövlətlərinin, o cümlədən Azərbaycanın malik olduğu imkanları bir daha nümayiş etdirdi. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq müstəvidədə gördüyü tədbirləri ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, həmçinin ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə ünvanladıqları məktublarda da  ölkəmizin təkmil inkişaf strategiyasının uğurlarına diqqət yönəldilir, Azərbaycanın bu bəladan az itki ilə çıxacağına böyük əminlik ifadə edilir. Ölkəmizin birlik, həmrəylik çağırışlarını  əməldə nümayiş etdirməsi də diqqətçəkən addımlarımız sırasındandır. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə iki böyük tədbirin- Türk Şurasının və Qoşulmama Hərəkatının videoformat şəklində  Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın dünyanı birləşdirən, bir-birinə əks qütbləri bir araya gətirən, ölkələr, xalqlar arasında körpü rolunu oynayan ölkə imicini daha da möhkəmləndirdi.»

Baş redaktor 102 illik yolun uğurlarını qısa təhlil əsasında tam əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl Azərbaycanın qarşısında yeni-yeni imkanlar, üfiqlər açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  proqram xarakterli bu tezisinə istinad etsək, «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da  yüksəklərə qaldıracaqdır.»  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR