Beynəlxalq Türk Akademiyasının yaranmasının 10-cu və görkəmli qazax yazıçısı Abay Kunanbayevin anadan olmasının 175-ci ildönümü münasibətilə “Abay və XXI yüzillik: Əsrlərin müəllimi” mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, onlayn tədbiri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali açaraq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Abay Kunanbayevin 175 illiyinin qeyd olunması haqqında Sərəncam imzaladığını bildirib. Qeyd edib ki, həmçinin Beynəlxalq Türk Akademiyasının və UNESCO-nun birgə tədbirlər planı çərçivəsində ədibin yubileyi beynəlxalq miqyasda keçiriləcək konfranslar vasitəsilə dünya ictimaiyyətinə çatdırılacaq. D.Kıdıralı TÜRKSOY tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına xidmət etmək məqsədilə 2020-ci ilin türk dünyasında “Abay Kunanbayev ili” elan edildiyini diqqətə çatdırıb.
Sonra UNESCO-nun Qazaxıstandakı nümayəndəliyinin rəhbəri Andrey Şevelev, Qazaxıstanın Təhsil və elm naziri Ashat Aymağambetov və Qırğızıstanın Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov ədibin irsinin təbliği istiqamətində görülən işlərdən danışıb, yazıçının yaradıcılığını bəşəriyyət üçün qiymətli sərvət adlandırıblar.
Daha sonra ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təbrik məktubunun mətnini konfrans iştirakçılarına çatdırıb.
Mərasimdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Abay Kunanbayevin qazax xalqının milli-mənəvi dəyərlərinin böyük tərənnümçüsü olduğunu bildirib, şairin yaradıcılığında Qazaxıstanın müstəqillik ideyalarının geniş vüsət aldığını söyləyib. Qeyd edib ki, Qazaxıstanda maarifçilik hərəkatının ən böyük ideoloqlarından biri olan yazıçının “Qara söz” kitabındakı milli ruhlu şeirlər qazax xalqını ağ günə çıxarmaq uğrunda mübarizəyə ruhlandıran mühüm çağırışlardır.
Ümummilli lider Heydər Əliyevin Abay Kunanbayevin yaradıcılığına yüksək qiymət verdiyini deyən İsa Həbibbəyli Ulu Öndərin onu qazax xalqının fəxri, eləcə də bəşəriyyətə və Azərbaycan xalqına məxsus görkəmli yazıçı adlandırdığını xatırladıb. O, filosof şairin əsərlərinin bir neçə dəfə kitab halında Azərbaycan dilinə tərcümə olunduğunu və bu prosesdə Süleyman Rüstəm, Məmməd Rahim, Məmməd Araz, Mirvarid Dilbazi kimi böyük sənətkarların iştirak etdiyini vurğulayıb. Bundan əlavə, ölkəmizdə Abayın həyat və yaradıcılığına dair mühüm tədqiqatlar aparıldığını, monoqrafiyalar yazıldığını və Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bu il çap olunmuş bir nömrəsinin yazıçıya həsr edildiyini diqqətə çatdırıb.
Akademik çıxışının sonunda Abayın əsərlərinin dünyanı sülhə, ədalətə, bərabərliyə, dostluğa çağırdığını, onun yaradıcılığının müasir və hər zaman aktual olduğunu söyləyib.
Beynəlxalq videokonfransda, həmçinin Türk Şurasının Baş katibinin müavini Sultan Rayev, TÜRKPA Baş katibinin köməkçisi Əli Yıldız, TÜRKSOY Baş katibinin köməkçisi Bilal Çakıcı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, UNESCO-nun Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Batırhan Kurmanseyit və digərləri çıxış edərək koronavirus pandemiyası dövründə ədibin yubileyinin onlayn rejimdə yüksək səviyyədə keçirilməsinin ədəbi və mühüm hadisə olduğunu bildiriblər.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının yaranmasının 10-cu ildönümü münasibətilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli adından Darxan Kıdıraliyə təbrik məktubu göndərilib.