Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat yayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, həmin qərara əsasən Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əməkhaqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.
Bununla əlaqədar olaraq əməkhaqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:
Tarixlər |
Beşgünlük iş həftəsi |
Altıgünlük iş həftəsi
|
23 may |
İstirahət günü
|
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
24 may |
Bayram günü |
Bayram günü |
25 may |
Bayram günü |
Bayram günü |
26 may |
İstirahət günü |
İstirahət günü |
27 may |
İstirahət günü |
İstirahət günü |
28 may |
Bayram günü |
Bayram günü |
29 may |
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
Ödənişli qeyri iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
30 may |
İstirahət günü |
Ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) |
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının 2.2-ci bəndinə əsasən 2020-ci ilin istehsalat təqvimi dəyişmədiyi üçün may ayı üzrə aylıq iş vaxtı norması, eləcə də bu il üzrə orta aylıq iş vaxtı norması, həmçinin bundan irəli gələrək saatlıq (gündəlik) tarif (vəzifə) maaşları əməkhaqlarının hesablanmasında dəyişdirilmir. Qərarla 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirildiyi və 27 may tarixi qısaldılmış iş günü olduğu üçün Qərarın 2.2-ci bəndi nəzərə alınmaqla 2020-ci ilin 31 may tarixi qısaldılmış iş günü olacaq.
Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Növbəli iş rejimində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əməkhaqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Xüsusi iş (əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.