Bu gün koronavirusa yeni yoluxmaların sayı 113, sağalan xəstələrin sayı 40 nəfərdir, 1 nəfər koronavirusdan ölüb. Hazırda xəstəxanalarda müalicə edilən aktiv xəstələrin sayı 1 333 nəfər olub. Ümumilikdə ölkədə koronavirusa ümumi yoluxmaların sayı 3 387 nəfərə çatıb.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, ölkədə bundan sonra vəziyyətin tibbi baxımdan necə olacağı yalnız bizim özümüzdən asılıdır. Parklarda mütləq maskalardan istifadə edilməlidir:
“Xəstə sayı artdıqca onlara tibbi baxımdan yardım göstərmək də çətinləşə bilər. Bu gündən karantin qaydaları daha da yumşaldılır. Amma biz həkimlər daha çətin işə hazır olmalıyıq. Bunu statistika da göstərir. 11-17 mayda 755 yoluxma olub. Bir həftə ərzində bu qədər yoluxma olmayıb. Məhdudiyyətlər götürüldükdən kimi yoluxmaların sayı artdı. Bu, bizim sosial məsuliyyətimizin olmadığını göstərir. Bu günə qədər dövlət tərəfindən bütün tədbirlər görülüb. Biz də sosial məsuliyyəti hiss etməliyik".