24 Dekabr 2024, Çərşənbə axşamı

Uzaqda, qəriblikdə, əsarətdə qalan bir yurd var!.. İllərdir, öz doğmalarının yolunu gözləyən, isti nəfəsindən uzaq qalan, yollara dikilən gözlərinə həsrət çökən bir yurd... Neçə vaxtdır ki, o yurdun dağlarının gözləri yolda, qulaqları səsdə qalıb. Başına od ələnir, zirvəsində ildırımlar çaxnaşır dağlarının. Artıq o dağlardan nə Xanın səsi ucalır, nə də Qarabağ şikəstəsi. Doğma insanlarının səsinə həsrət qalıb, düşmən əlində yad baxışları, yad nəfəsləri qəbul edə bilmir o dağlar… İllərdir, nə payızı payızdı , nə də ki yazı yaz Laçının...

 Qarabağın iki ən gözəl şəhəri Şuşa və Laçın iki dost, qardaş kimi yaşayıb. Adları həmişə bir çəkilib. Təbiəti bir-birinə bənzədiyi kimi taleyi də bir oldu onların. Şuşa xəyanətin qurbanı olduqdan cəmi 10 gün sonra Laçın rayonu da düşmən tapdağına məruz qaldı. Döyüşçülərin Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilməsinin səbəbi isə texnikanın sayının az olması və Bakıdakı hakimiyyət çəkişmələri idi. Həmin dövrdə Qarabağda baş verənlər o zaman hakimiyyətdə olanları əsla maraqlandırmırdı. Havadarlarından güc alan Ermənistan isə əksinə, bütün qüvvəsini Laçını işğal etməyə sərf edirdi. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi olan Şuşanı ələ keçirməklə bütün Yuxarı Qarabağı işğal etsələr də, gözləri doymadı. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başladı. Şuşa kimi Laçının da mühüm hərbi-strateji əhəmiyyət kəsb etdiyini nəzərə alan düşmən mayın 13-ü və 14-də zirehli texnikalar, Mi-24 vertolyotlarının müşayiətilə Qayğı qəsəbəsi və Laçın şəhərini bombardman etdi.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorusrayonu istiqamətindən hücuma keçən ermənisilahlı birləşmələri mayın 18-də rayonu işğal etdi. Ermənistan silahlı qüvvələriAzərbaycanın qala qapısı sayılan Laçın rayonunun bir şəhər, bir qəsəbə, 125 kəndini, 1835 kvadratkilometrlik ərazisini işğal edib. Bu qəsbkarlıq nəticəsində rayonərazisindəki54dünyavə200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrimiz erməni vandalizminə məruz qalaraq dağıdılıb. 13 min 745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və digər obyektlər bütün əmlakı ilə birlikdə talan və məhv edilib. 72 min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin meşə zolağı olan Laçın rayonunda əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib.

Bu itkilərimiz içərisində ən ağırı və unudulmazı işğal zamanı rayon sakinlərindən 238 nəfərin ermənilər tərəfindən işgəncələrlə və insanlığa yaraşmayan üsullarla öldürülməsi, 66 nəfərin itkin düşməsi, 120 nəfərin əlil və şikəst olması, yüzlərlə uşağın bir valideynini, 31 uşağın isə hər iki valideynini itirməsidir. İtkin düşmüş və girov götürülmüş 66 nəfərin taleyi bu gün də məlum deyil.

Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi. Məkrli planlarını ölkəmizdə yaranan qarışıqlıqdan da istifadə edərək daha geniş formada həyata keçirən ermənilər Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr vasitəsilə təcavüzün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu. Bu, həmin vaxtlar idi ki, Bakıda hakimiyyət davası gedirdi. Başı kreslo davasına qarışan ovaxtkı rəhbərlik nə torpaqların işğalına, nə də oradan didərgin düşən insanların taleyinə yanırdı. Bütün bunları, bir-birinin ardınca baş verən hadisələrin heç də yaxşı sonluqla bitməyəcəyini görən xalq nə yaxşı ki, ümummilli liderimizi böyük təkidlə hakimiyyətə dəvət etdi. Məhz ulu öndərimiz ölkə rəhbərliyinə gələndən sonra bütün bu siyasi çəkişmələrə son qoyuldu. Həyata keçirilən qətiyyətli siyasət nəticəsində informasiya blokadası aradan qaldırıldı, qüdrətli ordu yaradıldı, müstəqilliyimiz, varlığımız, qalan torpaqlarımız işğaldan xilas edildi.

Laçında eramızdan əvvəl II-I minillikdən başlayan məskunlaşmanın tarixi buranın qədim Azərbaycan yurdu olduğunu bir daha təsdiq edir. Rayonun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Maraqlı məqam ondan ibarətdir ki, Qobustan və Gəmiqayadan sonra məhz Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim tarixə söykənən mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir. Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu pir məbədi, XII əsrin abidəsi olan Malik Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz və digər tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.

Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk “Abdal” tayfasının adından götürülüb.

1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanıb. 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilib. Şəhərin adı görkəmliAzərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.

Lakin çox təəssüf ki, bu qədim yurd yerimizdə xalqımıza məxsus Ağoğlan məbədi (IX əsr), Dəmrovlu pir məbədi ( XI əsr), Cicimli kəndində Malik Əjdər türbəsi (XII əsr), Kar günbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, Dəmir və Tunc dövrlərinə aid kurqanlar, qəbiristanlıqlar və onlarla digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.

Laçın həm də zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik qədimAzərbaycan torpağıdır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Bu qoruq və yasaqlıqda bitki örtüyü, nadir fauna növləri mövcud idi.

Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qaraağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən zəngin meşələr var idi. Buradakı nadir ağac növləri illərdir, qırılaraq Ermənistana daşınır. Ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmit istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları, müxtəlifrəngli mərmər, kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit yataqları 28 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında ermənilər tərəfindən talan edilir. 28 ildir ki, Laçının 74 min nəfərdən çox sakini respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayır...

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşam üstü qoy uzaqdan,

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

28 ildir ki, Qarabağın adı hər dəfə çəkiləndə, bu sətirləri dinləyəndə ulu torpağın həsrətilə hər birimizin köksündən qəzəb vulkanı püskürür, ürəyimiz qisas hissi ilə alovlanır.

Azərbaycan xalqı tarixboyu öz gücü, qüvvəti,zəhmətkeşliyi, mübarizliyi, düşmənə qarşı mübarizədə gözünü belə qırpmadan can verməyə hazır olan minlərlə qəhrəman övladı ilə tarixin çətin sınaqlarından üzüağ çıxıb. Başımızın üstündə yüksələn bayrağımız canını Vətən üçün sipər edən oğulların sayəsində dalğalanıb. Ən çətin məqamda belə, mübarizə əzmini itirməyən xalqımız yeri gələndə bütün dünyaya sübut edib nə qədər güclü olduğunu. Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq. Çünki xalqımız böyük qələbələrdə imzası olan bir xalqdır. Biz inanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bir gün də Qarabağın azadlıq çağırışı olacaq. Və həmin gün xalqımızın bir an belə, düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan igid oğullarının davamçılarının sayəsində düşmənə layiqli cavab veriləcək. Qarabağın azad olması yolunda Cocuq Mərcanlıdan, Talış yüksəkliyindən başlayıb Qızılqaya zirvəsinə doğru yol alan zəfər yürüşümüz torpaqlarımız azad edilənə kimi davam edəcək.

 Ramiyyə Əkbərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR