24 Dekabr 2024, Çərşənbə axşamı

…Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. İndi ömrünün 70-ci ilinin zirvəsindən baxanda aşağılarda, çox uzaqlarda sərhədləri o qədər də aydın olmayan uşaqlıq illərinin, zəhmətlə dolu hadisələrin və çapıqlaşmış yaraların izləri ilə yanaşı, qırmızı, işıq saçan cizgilər də görünür. Bu cizgilər Şərur Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və  Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Məmmədovun keçdiyi tale yolundan xəbər verir. Bu elə bir yoldur ki, istəsən də, istəməsən də o yolu getməli, zaman adlı sarvanın sığalını da, qırmancını da dadmalısan. Amma elə yaşamalısan ki, bu kavran sərt qayalara, vahiməli uçurumlara dirənəndə cismani ömrün yarıda qırılıb qalmalı olsa da, şərəf və ləyaqətlə bu həyatı başa vurub yaddaşlara, ürəklərə, ruhlara köç edə biləsən.

Məndə bu qənaət birən-birə, elə-belə yaranmayıb.Jurnalist dostum Elman Məmmədovla yarıməsrlik tanışlığımızdan yaddaşıma zərrə-zərrə, qətrə-qətrə həkk olub.

– Kimdir Elman müəllim? Ömrü haradan başlayıb harada davam edir? 
           – Adi bir azərbaycanlı, ziyalı... Sinəsi Vətənin bütövlüyü və azadlığı üçün döyünən bir vətəndaş. Dörd övladını içinin odu, yanğısı və sevgisi ilə süsləyən ailə başçısı. Üstəgəl, peşəsinin vurğunu – sözü sözlə dilləndirən və dinləndirən, çörəyi sözdən çıxan, amma ona çörək ağacı kimi baxmayan bir jurnalist. Bir də üstəgəl, yanımcıl insan-dərdlərinə sarılıb qovrulan anda belə, darda olana ilk köməyə tələsən, qarşısındakının kədərini fikir yox, ürək süzgəcindən keçirən qonşu-qohum-tanış-həmkar.

Uzun illər mətbuatda çoxlarına örnək olası fəaliyyəti ilə seçilən Elman müəllim  də məhz o insanlardandır ki, həmişə vicdanının səsinə çəkinmədən, cəsarətlə səs verib. Nə şan-şöhrətə can atıb, nə ad-san dalınca qaçıb, nə də var-dövlət üçün özünü oda-közə vurub. Qazandıqları da məhz  sözünün dəyərinə, sənətinin nüfuzuna məhz zərgər dəqiqliyi ilə yanaşmasının bəhrəsidir.

Elman Telman oğlu Məmmədov düz 70 il bundan əvvəl – 1950-ci il may ayımın 15-də  Şərur rayonunun Düdəngə kəndində doğulub. 1968-ci ildə rayon qəzetinin mətbəəsində mürəttib köməkçisi kimi çalışıb, eyni zamanda redaksiyanın tapşırığı ilə ara-sıra xəbər axtarışına çıxıb. 1969-cu ildə BDU-nun jurnalistika fakültəsinə qəbul olunub. Universitet illərində Nurəddin Babayev, Nəsir İmanquliyev, Əliş Nəbili, Şirməmməd Hüseynov, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Nəriman Zeynalov, Cahangir Məmmədli kimi tanınmış ziyalılardan aldığı dərs həyatda həmişə gərəyi olub, yoluna işıq salıb. 1974-cü ildə rayon qəzetində müxbiri işləyib, bir il sonra şöbə müdiri vəzifəsinə irəli çəkilib. Ağa Ağayev, Hüseyn Əbdülhüseynov, Cəfər Məmmədov, Cəfər Əliyev, Mikayıl Əliyev, Çingiz Nağıyev, İslam Əliyev, Mirhüseyn Seyidov, Yaşar Ələkbərov kimi peşəkarlarla çiyin-çiyinə işləyib.                    

 Şəxsən tanıdığım, əməkdaşlıq etdiyim bu ziyalıların qələmindən çıxan yazılar hesabına o zamankı “İşıqli yol” qəzeti respublika miqyasında ən yaxşı rayon qəzetlərindən sayılırdı. Bunun bir səbəbi də qəzetdə tənqidi yazılara, xüsusən felyetonlara geniş yer verilməsi ilə bağlı idi. Mübariz janrda yazanların sırasında Elman Məmmədovun xüsusi yeri vardı. Gördüyü haqsızlıqları, narazılıqları yazılarında mütləq əks etdirirdi. Hətta onun yazıları büro iclaslarında oxunur, haqlı tənqidin nəticəsində həmin şəxs barədə ciddi ölçü götürülürdü, işdən qovulurdu. Çünki müəllif həmişə yalnız fakta əsaslanır, yalan, qeyri-dəqiq heç nə yazmırdı. 

Bəlkə də mətbuata çox bağlılığının nəticəsi idi ki, sonradan nə qədər şərurlu gənc jurnalist olmaq arzusuna düşmüşdü. Onlardan biri də mən idim. Jurnalistikada təhsil aldlğım illərdə qəzetin “Mirzəcəlil sayağı” rubrikası altında onlarla yazım dərc olundu. Felyetonları birgə yazsaq da “qəhrəmanlarımız”ın təhdidlərinə, hədə-qorxularına Elman cavab verməli olurdu. Minimum söz, maksimum məna. Onun tələbləri belə idi. Bir dəfə Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin rüşvətxorluğundan bəhs edən “Xəstə çox şey dilər, lakin ona qismət olmaz” adlı felyetonda rüşvətxor obrazı yaratmağa cəhd elədiyim bir səhifənin üstündən xətt çəkib belə bir cümlə ilə əvəzlədi: “ Baş həkim yumruğunu stola elə çırpdı ki, küncdəki ayağıbağlı xoruz dik atıldı.” Vəssalam! Təşbehsiz, məcazsız, istiarəsiz, təkrirsiz, mübaliğəsiz, epitetsiz, litotasız, metanomiyasız və metaforasız da obraz göz önündə canlanır.                

“Üçüncü toy” felyetonu (19.1.85) isə ailəsi ola-ola toyda vurulduğu bir xanımın ardınca Xanlar rayonuna səfər edən məmurun sərgüzəştlərindən bəhs edirdi. Həmin felyetona Elman belə bir bənd əlavə etmişdi:

Mən aşiqəm Xanlara

Xanlardakı canlara

Jiqulimi qurban verrəm

Sənnən keçən anlara

“Bilalın eşq sərgüzəştləri” (3.9.85) felyetonda isə qəhrəman üç uğursuz evlilikdən sonra Xok kəndinə yollanır. Onun pərişan halını görənlər soruşur:

Qəm toxumun əkə-əkə,

Nədən düşdün sən bu kökə?

Söylə görüm bizim Xökə

Gəlişin xeyirmi, oğlan?

Altmış beş yaşlı aşiq “oğlan” sözündən cuşa gələrək deyir: 

Çəkdi o qız məşqə məni

Saldı yaman eşqə məni

Eləyib lap peşkə məni

Gəlişim xeyirdi, oğlan.

Bayatı, tapmaca, sual-cavab və digər  formalardan əksər felyetonlarda satirik manera kimi istifadə edirdik. Məsələn, “Mirzəcəlilsayaği” rubrikasında “O nədir ki…” (17.4.77) tənqidi yazıda xəbər alırdıq:

Aşıq eldən yuxarı

Şana teldən yuxarı

Gölməçələr harada

Çıxıb beldən yuxarı?

Molla Nəsrəddin cavab verirdi:

Aşıq eldən yuxarı

Şana teldən yuxarı

Kəndarası yollarda

Gölmə beldən yuxarı.

Yaxud bir tapmaca:

-O nədir ki, Məmmədəli deşikdə

Qulaqları eşikdə?

Cavab “Çimənlər” deyilən ərazidə istifadəsiz qalan armaturlardır ki, yarıya kimi toprağa quylanıb. Amma aid təşkilatların gözünə görünmək üçün yarısı torpaqdan yuxarı, eşikdə qalıb.

“Şəhriyar bayatıları”nda (İşıqli yol”-27.9.75) öz-özümüzə təskinlik verirdik:

Şəhriyarlı bacılar

Bağda güllər saçılar

İnşallah bir gün gələr

Kitabxana açılar.

 

Əzizim cuşa gələr

Həftələr qoşa gələr

Yarımçıq qalmış obyekt

İnşallah başa gələr.

 “İşıqlı yol”un 31 dekabr 1978-ci il nömrəsində Elman “bayatı çəkirdi”:

Qarabağda bağ olmaz

Qara salxım ağ olmaz

Xalq malını yeyənin

Ürəyində yağ olmaz.

 

Sədr,tez ol, atdı gəl

İl axıra çatdı gəl

Ət planı dolmadı

Süd planı batdı gəl.

Həmin nömrədə ayrıca verilən”Bayatılar” da Elman Məmmədova məxsus idi:

Əzizinəm Salyana

Dara zülfün sal yana

Necəsən bir ah çəkəm,

Köhnə ildə yatanlar

Təzə ildə oyana.

Elman Məmmədov “Qəsəbəmiz təmiz olmalıdır”( “İşıqlı yol”-14.9.78) adlı replikada yazırdı: “Pendir-süd məntəqəsinin müdiri söhbət əsnasında burada sanitariya-gigiyena işlərinin yüksək səviyyədə qurulduğunu bildirdi. O, üst-başına daraşan milçəkləri güclə qovaraq dedi ki, məntəqədə lazımi səliqə-sahman, təmizlik yaradılması üçün əlindən gələni etmişdir.

Elmanla müştərək felyetonlarımızdan bəzilərini indi də əziz xatirə kimi saxlayıram. Onlardan “Döyənək çox pis şeydir” (“İşıqlı yol”-23.10.77), “Döşə gəlsin”(“Sovet kəndi”-15.6.78), “Gecə konserti” (“Sovet kəndi”-8.2.79), “Piyada səfər” (“Şərq qapısı”-1.6.82), “Özü əngəl içində” (“İşıqlı yol”-10.6.86), “Qoğal” (“İşıqlı yol”-24.8.82), “Mən niyə dərsdən qaçdım”? (“İşıqlı yol”-3.4.79), “Şeytan” (“İşıqlı yol”-18.2.86), “Cadu-piti” (28.5.88) “Tilsim” (“Kirpi” jurnalı-28.5.88) və başqa felyeton və replikalar indi də öz bədii məziyyətlərini saxlamaqdadır.                              

Bununla belə “İşıqlı yol” yüksəliş dövrünü 90-cı illərədək yaşadı və dövrün məlum dağıdıcı prosesləri ilə üzləşdi. Maliyyə imkanlarının məhdudluğu üzündən bağlandı. O vaxtkı rayon rəhbərliyi  “Bu ağır vəziyyətdə bizə qəzet lazım deyil”,-deyə yaxasını kənara çəkərək, mətbu orqanı taleyin ümidinə buraxdılar.

Belə bir vaxtda Elman Məmmədovun “Mirzə Namlem M “ imzası ilə hər gün kiçik formatda, 8-12 səhifə həcmində bülletenin dərcinə başlanıldı. Bülleten qeydiyyatdan keçməsə də  kəndbəkənd, səngərbəsəngər əl-əl gəzirdi. Burada Sədərəkdə və rayonun digər  sərhəd bölgələrində  erməni təcavüzkarları ilə gedən döyüşlər barədə  məlumat verilirdi.  Rayon rəhbərliyinin  təqib və  təhdidləri azmış kimi bir gün cəbhəçilər də redaksiyanın qapısını mismarladılar. Mismarı vuran “Şərur qönçələri”nin yetirməsi səbəbi belə izah etdi ki, bu qəzet sovet hökumətinə, partnomenklaturaya xidmət edib, rayon partiya komitəsinin orqanı olub. Boz qurdun, Nəbinin, Koroğlunun nəvələrinə belə qəzet lazım deyil. Boz qurdun öz orqanı olacaq.

“Şərur qönçələri” həmin dərnək idi ki, hələ 60-cı illərdən qəzetin nəzdində yaranmış, 80-ci illərdə isə Elmanın təşkilatçılığı ilə şərurlu gənc ədəbi qüvvələrin məbədgahına çevrilmişdi. Qələm sahibləri  ilk yazılarını burada şair Altay Tağızadənin rəhbərliyilə müzakirəyə çıxarır, bəyənilənlər qəzetdə dərc olunurdu. Dərnəyin yetirmələri sonralar ölkəmizin ictimai-siyasi həyatında, ədəbi-bədii mühitndə  öz dəst-xətləri ilə tanınmışlar. İsa Həbibbəyli, Muxtar İmanov, Asim Yadigar, Əhməd Sədərəkli, Vaqif Məmmədov, Budaq Təhməz, İnqilab Orxan, sonralar dərnəyin rəhbəri olmuş İbrahim Yusifoğlu…

İllər sonra həmin ziyalılarla söhbətimdə dəfələrlə Belinskinin bu məşhur kəlamı belə improvizə olunub: “Bütün  Rusiya Qoqolun “Şinel”indn çıxdığı kimi şərurlu ədəbi qüvvələr də “Şərur qönçələri”nin, konkret olaraq Elmanın şinelindən çıxıb. İndi onların əksəriyyəti Şərurdan uzaqlarda yaşasalar da ata yurduna gələndə Elmanla da əzizləri kimi görüşür, onu yad edir, həmin günləri sevə-sevə xatırlayırlar. Amma içlərində elələri də olub ki…

Elman əvvəllər redaksiyada onu tez-tez ziyarət edən, sonralar isə mühüm post tutan bir nəfərlə rayonda keçirilən tədbirlərdə üz-üzə gəlsə də, onun özünü tanımamazlığa vurmasına sadəcə heyrətlənib. Aradan bir müddət keçəndən sonra həmin adam işdən çıxarılıb, yenidən redaksiyaya dönüb, hətta Elmana irad da tutub ki, dağ Məhəmmədə sarı gəlməsə Məhəmməd dağa sarı gələr. Elman onun naxələfliyini üzünə vurmadan dar günündə həyan olub. Birininmi,  beşininmi?

Elman müəllim danışır ki, bəlkə də başqalarının bu hərəkəti mənə yer eləməzdi, amma çətin günlərində evimə aparıb qonaq elədiyim, süfrəmin başında oturtduğum bu şair təbiətli adam qapıya mismar çalanda, sanırdım ki, qəlbimə çalır, bıçağı kürəyimə saplayır.              

Elman Məmmədov 1992-ci ildən “Şərurun səsi” qəzetinin redaktorudur. Onun təbirincə, jurnalistikada xırda heç nə yoxdur. 10-15 cümlədən ibarət bir xəbərin başlığını da “yüz ölçüb bir biçir”. Adi statistik şərhlərdə də, problematik mövzuların işıqlandırılmasında da Elmanın qələminin sanbalını görmək çətin deyil. İqtisadiyyatın ayrı-ayrı sahələrində gündəmdə dayanan, həllini tələb edən məsələlərin çözülməsinə aid mövzular üzərində xeyli düşündükdən, nə yazacağını, necə yazacağını dəqiq müəyyənləşdirəndən sonra əlinə qələm götürür. Onun mövzuya baxış bucağı, problemin təhlil və təqdimat üsulları təkcə peşəkar jurnalist olmağından irəli gəlmir. Bunlar həm də onun toxunduğu mövzuları, başqa sözlə, iqtisadiyyatın ayrı-ayrı sahələrində gedən islahatları, həlli vacib məsələləri dərindən bilməsinin nəticəsidir. Rayonda ailə təsərrüfatlarından, müəssisələrdə istehsal edilən yerli məhsulların ixrac imkanlarından, mənəvi dəyərlərdən, təhsil, səhiyyə məsələlərindən, insanların gündəlik həyatından bəhs edərkən yazdığına sərf etdiyi vaxtdan daha çox oxuyur, yazacağı mövzunun içinə girir, mənimsəyir və kompüter arxasına keçir. İnnovasiyalar, sosial könüllülər, startap layihələri,  kurikulum, koronavirusla mübarizə tədbirləri… Bunlar son illərin mətbuata gətirdiyi  mövzulardır. Gərək zamanla ayaqlaşasan, öyrənəsən, gənc həmkarlarından geri qalmayasan.  Onlar belə şeyləri yaxşı bilir, janrlar arasında sərhədləri isə Elman müəllim kimi peşəkarlar tanıyır. Yazılara korrespondensiya, məqalə, zametka, zarisovka, müsahibə, reportaj, oçerk və digər janrlardan don geyindirərək  oxucuya təqdim edir. Yazıların dili aydın və şirin, gətirilən faktlar sənədlər əsasındadır. Bu kimi yazıları oxuyan oxucu həm daxili dünyası işıqlandırılan qəhrəmanı, həm də daxili dünyanı işıqlandıran müəllifi görür.

Bu sətirləri yazarkən, gözüm masanın üstündəki  qəzetə sataşır. “Şərq qapısı” qəzetinin 3 mart tarixli nömrəsində Elman müəllimin  M.Məmmədovla birgə “Hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb” adlı yazısı dərc olunub. Bu, qəzetin son bir ayda dərc etdiyi ən yaxşı publisist yazılarından biridir.  Elman müəllimin əksər publisist yazıları isə  “Şərurun səsi” qəzetinin səhifələrində yer alır. “Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən Şərur inkişaf, tərəqqi yolundadır” yazısını oxuduqca həm də peşəkar jurnalistin öz obrazı göz önündə canlanır. O jurnalist ki,  Səyavuş Sərxanlının qələmində belə tərənnüm olunub:

Sətirlər - keçdiyi yollar, cığırlar,
Nöqtələr - alnından düşən təridir. 
Qaranquş həmişə nəğmə oxuyar, 
Qəzetlər də onun nəğmələridir.

Çəməndə lalədir, dağda şəlalə - 
Bu yurda bağlayıb öz eşqini o. 
Fəhlənin yanında olubsa fəhlə, 
Danışıb alimlə alim kimi o!

Keçmişinə boylananda, dünəninə baxanda özü, ailəsi, 4 övladı, 10 nəvəsi, 2 nəticəsi, dost-tanışları üçün utanc gətirməyəcək bir ömür yaşadığından qürur hissi keçirir. Çətinliklərindən, ağrı-acılarından danışmağı sevmir. Ağlı kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləyib. Bundan bezikmək nədi, qatlaşdığı möhnəti bir yaşamaq vasitəsi bilib. Çətin, ağır mənzil şəraitində illərlə ağır yataq xəstəsi olan həyat yoldaşına həyan olub. O, həyatdan köçəndən sonra taleyin daha bir ağır zərbəsi ilə üzləşib. Ailəli gənc oğlu Kamran qəfil ölümü ilə sinəsinə dağ çəkib. Hazırda 3 ailə ilə 48 kvadratmetrlik darısqal mənzildə müsbət enerjisi ilə talenin bəxş etdiyi ömür payını yaşayır.

Çətin və şərəfli peşə sayılan qəzetçiliyin geniş və yoxuşlarından keçmiş Elman müəllim üçün redaksiyadan kənarda həyat demək olar ki, yoxdur. Dəfələrlə işdən sonra onu evdə axtarmışam, amma yenə redaksiyada tapmışam. Demə, başı sabah qəzetdə dərc olunacaq yazıları təkrar-təkrar oxumağa, çapa hazırlamağa qarışıb. Redaksiya işçiləri indiyədək kiçik bir xəbərin belə, o, baxmadan qəzetdə getdiyini görməyib. Bütün yazıları dönə-dönə işləyir, yenidən kompüterdə yazır, əvvəlki materialdan daha mükəmməl bir yazı ortata qoyur. Bir sözlə, redaktor vəzifə borcuna vicdanla yanaşmağı xoşbəxtlik sayır. Mətbuatı vicdan tərəzisi, həyat aynası, ictimai rəy yönəldicisi  hesab edir. Əlahəzrət SÖZü isə belə dəyərləndirir:

– Söz nə deyil ki? O, böyük təsir gücünə malikdir. Arzularımızı, istəklərimizi, xəyallarımızı möhtəşəm Sözlə ifadə edirik. Sözün quluyuq, illərdir Sözə xidmət edirik, Sözdən çörək yeyirik, Sözlə üz qızardırıq, utandırırıq, sevindiririk, göylərə qaldırırıq. Buna baxmayaraq Söz hər şeyə yetərli deyil. İçinin ağrısını Sözlə ifadə et. Söz hisslərin ifadə vasitəsidir, o da hər zaman yox - mən dopdolu içdən danışıram. Sevginin dərəcəsini Sözlə ifadə edə bilərsənmi? Mümkünsüzdü...

Elman müəllim bildirir ki,  “Şərurun səsi”ni ilk növbədə rayonunun sosial-iqtisadi, mədəni inkişafı, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərin mətbu yolla işıqlandırmaq vəzifəsi düşündürür. Nə gurultulu, nə gözqamaşdıran sərlövhələrə, nə də ucuz sensasiya xatirinə gərəksiz mövzulara müraciət edirik. Sadə, anlaşıqlı dildə yazırıq. Əhalini düşündürən və narahat edən rayondaxili məsələləri diqqət mərkəzində saxlayıb, onların obyektiv işıqlandırılması, irimiqyaslı quruculuq işlərinin islahatların təbliğində operativliyə nail olunmasını hədəf seçirik. 

– Yeni yaş… Qocalmaqdımı, ucalmaqdımı? 

– Şərəfli qocalıq başqa şeydir. O ucalıqdır. Hər yeni yaş əvvəlkinin hesabatıdır deyərdim, sabaha yeni baxışdı, yeni planlardı, arzulardı... Həyata sımsıx bağlanmaqdı. Yaşımdan qorxmuram.  Axı əgər hələ də mənim enerjim, yaşamaq həvəsim, həyata və insanlara sevgim varsa, yaşın nə önəmi var? Mən hələ yaşamaq, işləmək, insanlara əl tutmaq istəyirəm. Gələcəyə xoş güman insan xislətində, insan təbiətindədir, insan qəlbinin əbədi, kövrək ehtiyacıdır. İnanmaq istəyirsən, özünü inandırırsan və inanırsan ki, hər şey yaxşı, daha gözəl alınacaq. İnsanlar bir-birilə daha mərhəm, daha yaxın olacaqlar. Nəvələrimin toyunu görüm, ətrafımdakı insanlar xoşbəxt olsunlar. O gün olsun ki, Qarabağımızın azad edildiyinin şahidi olum və inanıram ki, bu arzuma çatacağam.  

Biz də qələm dostumuzu ömrünün müdrik çağına – 70 yaşına çatması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Elman Məmmədovun imzası ilə Odlar Yurdu Azərbaycanımızdan, onun ən qədim və ayrılmaz hissəsi olan doğma Naxçıvanımızdan, sinəsindən Arpaçayı, ətəyindən Araz keçən Şərurdan xoş müjdəli, qələbə soraqlı yazıları bundan sonra da oxuculara sevinc bəxş eləsin. Niyyət olmasın, qismət olsun!                                                                                       

                                              Hüseyn Əsgərov                      Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

                                                 1-29 fevral 2020-ci il

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR