Monteneqronun “Çrenogorski portal” xəbər saytında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.
“Müstəqil Azərbaycan Respublikasının banisi” sərlövhəli yazıda ulu öndər Heydər Əliyevin 1969-cu ildən başlayaraq Azərbaycanın həyatındakı mühüm yeri barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev o vaxt sosial-iqtisadi böhran yaşayan Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə yüksəldib.
Məqalədə qeyd olunur ki, 1990-cı ildə Azərbaycan ağır müharibə şəraitində idi. Sovet İttifaqı hökumətinin rəhbərlərindən biri olan ümummilli lider SSRİ dağılandan sonra xalqın iradəsi ilə Azərbaycana qayıtdı. Onun güclü və ağıllı siyasəti ölkəni ağır böhrandan xilas edib. 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və məhz bu tarixdən ölkə regionda lider dövlətə çevrilməyə başladı.
Vurğulanır ki, Heydər Əliyevin rəhbərliyi ilə milli dövlətçiliyin təməli qoyulub, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib, ciddi islahatlara başlanılıb. Ümummilli liderin sayəsində qazanılan böyük uğurların məntiqi nəticəsi olaraq bu gün Azərbaycan xalqı demokratik və hüquqi dövlətdə yaşamaq fürsəti əldə edib, siyasi və iqtisadi müstəqilliyə qovuşub.
Daha sora məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində əldə olunan atəşkəsdən sonra ölkəmizin sürətlə artan iqtisadi potensialı, ağıllı neft strategiyası, mühüm beynəlxalq razılaşmalar və sazişlər barədə söhbət açılır. Həmçinin əsası ulu öndər tərəfindən qoyulan siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa