24 Dekabr 2024, Çərşənbə axşamı

İkinci Dünya Müharibəsinin qələbə ilə sonlanmasında Azərbaycan xalqının böyük xidmətləri var idi. Azərbaycan xalqı bu qəddar və amansız müharibədə bütün qeyrətli oğul və qızları ilə qatılaraq ön cəbhədə rəşadətli döyüş nümunələri göstərmişdir.  Ulu öndər Heydər Əliyev xalqımızın bu müharibədəki xidmətləri haqqında demişdir: “Tarix bu gün bilməlidir ki, İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidmətləri, fəaliyyəti, rolu çox böyük olmuşdur”. Azərbaycan xalqının Həzi Aslanov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov, Hüseynbala Əliyev, Əhmədiyyə Cəbrayılov və daha onlarla, yüzlərlə övladı, taleləri nə olursa-olsun, bu amansız döyüşlərdə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişdilər. Hətta azərbaycanlılardan ibarət diviziyalar - 416-cı “Taqanroq”, 77-ci, 223-cü, 271-ci, 402-ci diviziyalar böyük qələbənin əldə olunmasında, bilavasitə Reyxstaqın tutulmasında canları və qanları bahasına iştirak etmiş, əsl döyüş hünəri göstərmişdilər. Azərbaycanlı alim Yusif Məmmədəliyevin bu dövrdəki kəşfləri də müharibədə faşizmin məğlub olması və SSRİ-nin qələbə qazanmasında həlledici rol oynamışdı. Həmçinin azərbaycanlıların arxa cəbhədəki fədakarlığı, müharibəyə göstərdikləri dəstək, əllərindən qopanı, əyinlərindən və boğazlarından kəsdiklərini ön cəbhə döyüşçülərinə, yardım fonduna göndərmələri əsl vətənpərvərlik örnəyi idi.

Söz yox, bu amansız müharibədə Naxçıvandan döyüşlərə yollanan insanların da rolu misilsiz idi.  Böyük Vətən Müharibəsi illərində düşmən üzərində qələbə qazanılmasında Naxçıvandan olan həkimlər, orta tibb işçiləri və başqa peşə-sənət adamları da əvəzsiz xidmətlər göstərmişdilər. Naxçıvanın gənclər təşkilatları da fəal mövqe nümayiş etdirərk el birliyilə xalqın müharibədən qələbə ilə üzü ağ çıxmasına öz töhfələrini vermişdilər. Böyük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlara görə həmyerlilərimizdən Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Naxçıvanlı general-mayor Akim Abbasovun döyüşlərdə göstərdiyi xidmətlər də az deyildi. Naxçıvanlılar həm də partizan və antifaşist müqavimət hərəkatında yaxından iştirak etmişdilər. Naxçıvanlı partizanlardan Zəfər Qədimovun, Bəşir Qazıyevin, Əlipaşa Rəcəbovun, Firudin Hüseyn­ovun döyüş yolu böyük bir mübarizlik nümunəsi idi. Həmyerlilərimiz Yunis Mirzəyevin, Zeynal Zeynalovun, Sadiq Nadir­ovun, Mahmud Mahmudovun müxtəlif ölkələrdə fəaliyyət göstərən partizan dəstələrindəki fəaliyyətləri və göstərdikləri igidlikləri böyük bir iftixar mənbəyi təşkil edir.

Bu amansız müharibədə ölkəmizi, habelə Naxçıvan Muxtar Respublikasını təmsil edən yazıçı və şairlərimiz də az olmamışdır. Məlum olduğu kimi, Böyük Vətən Müharibəsində bir çox Azərbaycan yazıçısı iştirak etmişdi:  həm döyüşçü kimi fəal iştirak edən yazıçılar da var idi, hərbi müxbir kimi iştirak edənlər də. Professor Teymur Əhmədovun tərtib etdiyi “XX əsr Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabında adları çəkilən onlarla yazıçı adlarının arasında naxçıvanlı yazıçı və elm adamlarının da adları yer almaqdadır: Abbas Zamanov,  İslam Səfərli, Əkbər Məftun, Hüseyn Razi, Müzəffər Nəsirli, Nağı Nağıyev və başqaları. Bu yazıçı və alimlər ya əllərindəki qələmi qoyub odlu silahla “müsəlləh əsgər” kimi döyüşlərə qatılmış, ya da döyüşçülər arasında əhval-ruhiyyəni artırmaq, onlara mənəvi dayaq durmaq məqsədilə jurnalist və təbliğatçı kimi fəaliyyət göstərmişlər. Eləcə də həm müharibə illərində, həm də müharibədən sonra Naxçıvan ədəbi mühitində müharibə mövzusunda olduqca layiqli əsərlər yazılmışdır. İslam Səfərlinin, Məmməd Arazın, Kəmalə Ağayevanın, Hüseyn İbrahimovun, Nağı Nağıyevin və başqalarının bu mövzudakı əsərləri ədəbi xəzinəmizdə qiymətli yer tutur. Naxçıvanlı yazıçılardan olan Qurban Qurbanov müharibəyə gedərək qayıtmayan talesiz insanlardan biri idi. Böyük Vətən Müharibəsində Azərbaycanın 416-cı “Taqanroq” diviziyasında rəşadətlə döyüşən, döyüşlərdən birində qəhrəmanlıqla həlak olan Naxçıvan Muxtar Respublikasında İncəsənət İşləri Komitəsinin sədri olmuş İsmayıl Sayılovun   da adı məhz belə kədərli siyahıda yer alır.

Tanınmış şair və tənqidçi Müzəffər Nəsirli Naxçıvan ədəbi mühitinin inkişafı vəziyyətinə həsr olunan sanballıı əsərində yazırdı ki, Böyük Vətən Müharibəsi Naxçıvanda yaradıcılıq sahəsinə atılmış  gənclərimizin ədəbi fəaliyyətini dayandırdı.  Gənclər Vətənin çağırışı ilə cəbhəyə getdilər. Lakin buna baxmayaraq arxa cəbhədə qalan yazıçı və şairlər çox mürəkkəb bir şəraitdə qələmi yerə qoymadılar. Partiyamızın arxa cəbhədə xalqın qarşısında qoyduğu vəzifəni dərk edən yazıçı və şairlər Nağı Nağıyev, Məmmədəli Tarverdiyev, Əkbər Məftun, Əbülfəz Abasquliyev, Hüseyn Əzim və başqaları yeni ədəbi əsərlər yazırdılar.  Onların əsərlərinin başlıca mövzusu alman faşist işğalçılarına   ümumxalq nifrəti, vətən məhəbbəti və xalqı  böyük imtahan dövründə vətənpərvər ruhunda tərbiyə və səfərbər etməkdən ibarət idi”. Bu baxımdan Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan qüdrətli sənətkar İslam Səfərli, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov, Kəmalə Ağayeva, tanınmış yazıçılardan Nağı Nağıyev, Müzəffər Nəsirli, Əkbər Məftun, Hüseyn Əzim,  Məmmədəli Tarverdiyev və başqaları öz yaradıcılıqlarında müharibə mövzusuna müraciət edərək onun dəhşətləri, qayğı və problemlərini əks etdirmişlər.

Poeziyamızın qüdrətli nümayəndəsi, müharibədə rəşadətli döyüş yolu keçən İslam Səfərlinin müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Onüçlər”, “Əmin ol, ata!”, “Səngərsiz döyüş”, “Döyüşçünün xəyalı” və b. əsərləri müharibənin dəhşətlərini, insanların əhval-ruhiyyəsindəki əksini təsvir və təqdim etmək baxımından çox diqqətəlayiqdir. Bu döyüşkən ruhlu şairin məşhur azərbaycanlı zabit, mahir tankçı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər” əsəri də çox maraqlı, mənalı və təsirlidir. Şairin məşhur “Onüçlər” şeiri də öz avtobioqrafikliyi ilə diqqəti cəlb edir. Bu əsərdə özü də daxil olmaqla şairinin yaşadığı Sarvanlar məhəlləsindən bir yerdə müharibəyə gedən on üç nəfərin döyüş yolu təsvir edilmişdir. Poemalarında da müharibə mövzusunu davam etdirən şair xüsusilə öz poetik qüdrəti və təsir gücü ilə seçilən “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə” və b. kimi bir-birindən maraqlı, yaddaqalan əsərlərində müharibə dəhşətlərini, əsgərlərin döyüş yolunu, onların qəhrəmanlığı və talelərini əks etdirmişdir. “Böyük Vətən müharibəsindən əlil qayıtmış tələbə dostum Əhəd Əliyevin dedikləri” epiqrafı “Çex qızının məhəbbəti” poemasının real həyat hadisələri əsasında yazıldığına dəlildir. Döyüşlərdə gözlərini itirsə də, ona olan məhəbbətindən dönməyən çex qızı (əslində alman qızı!) Erikanın qəhrəman döyüşçü Əhədlə birikdə Azərbaycana dönərək onunla ailə həyatı qurub yaşamaları müharibəyə qarşı insanların rəşadət və qəhrəmanlıqları ilə bərabər bir-birilərinə bəslədikləri dönməz sevginin qələbə çalması fikri poetik biçimdə ifadə edilmiş, əsərin bədii ideyasında öz yerini tapmışdır. “Üçüncü hərb istəmirik” şeirində də şairin müharibəyə nifrət, sülhə çağırış ideyası öz əksini tapıb.

Müharibə mövzusunda yazılan əsərlər arasında Xalq şairi Məmməd Arazın “Müharibə olmasa”, “Gözləri yol çəkən ana mahnısı” şeirləri, “Üç oğul anası”, “Əsgər qəbri haqqında ballada” poemaları və b. əsərləri məxsusilə qeyd edilməlidir. “Üç oğul anası” poemasında üç övladını müharibəyə göndərən bir ananın portreti yaradıldığı kimi, onun mənəvi əzabları, psixoloji sarsıntıları, ana kədəri və taleyi əsaslı yer almaqla müharibəyə lənət və nifrət duyğuları əks edilib. Övladları müharibədə olan kimsəsiz ananın dünyasını dəyişib yadların çiynində məzara getməsini şair müharibənin yaratdığı bir insan talesizliyi kimi təqdim edir.

– Gedin, tez qayıdın! – söylədi ana, -

Gedin, qapımızı yağı döyməsin.

Ancaq unutmayın: İgid olana

Gərək arxasından güllə dəyməsin,

- deyən şair övladlarını müharibəyə yollayan ananın qeyrət və vətənpərvərliyini ifadə etməklə bərabər, övladlarına döyüşkənlik və igidlik arzularını da diqqətə çatdırıb. Və yaxud “Müharibə olmasa” şeirində bəşəriyyətə sülh, əmin-amanlıq arzu edən Xalq şairi bütün dərd-ələmin səbəbi kimi müharibəni lənət ünvanına çevirir.

 General gözündə də

Bu hissi duyur adam:

“Tullayıb çinlərimi

Bir kəndə sədr olaram”,

Müharibə olmasa.

 

...Sevənlər aləmində

Nə qəm, nə həsrət olar.

Bəşərin gülləsi – söz,

Sözü – məhəbbət olar,

Müharibə olmasa.

Xaıq şairi müharibə, hərb üçün doğulmuş bir generalın sülh, əmin-amanlıq arzularını da təqdim etməklə bu istəkləri bütün bəşəriyyətin, insanlığın ehtiyacı, ümumi səsi olaraq əks etdirir.

Kəmalə Ağayevanın naxçıvanlı Əli Babayevə həsr etdiyi “O, bizim dağların oğludur” pyesi maraq doğurur. Əsər Naxçıvandan olan və uzaq İtaliyada partizan hərəkatında rəşadətlə döyüşən “Pyotto” ləqəbli Əli Babayevin keçdiyi döyüş yolundan bəhs edir. Əsir düşərgəsindən qaçan Əli Babayev partizanlara qoşulur və düşmənə qarşı döyüşlərdə öz qəhrəmanlıqları ilə ad çıxarır. Yazıçı qəhrəmanın obrazını, xarakter xüsusiyyətləri və qəhrəmanlıqlarını parlaq cizgilər, konkret hadisələrlə təqdim edir.  Bu qorxmaz və igid döyüşçü böyük hünər göstərərək Udino haəbsxanasından dustaqları qaçırmağa nail olur. Qələbə xəbərini eşidən və dərindən sevinən Əlinin dilindən deyilən bu şeir parçası da minlərlə Əli kimi döyüşçünün ümumiləşmiş qəlb duyğularını ifadə edir:

Bu şanlı qələbən mübarək olsun,

Mən sənin səcdənə gəlirəm, Vətən.

Qoy mənə bəxşişin bir ürək olsun,

Qəbul et, eşqinlə gülürəm, Vətən!

Müharibə dövründə ədəbiyyata gələn Hüseyn İbarhimov da “O qoymadı düşməndə anasının qanını” şeiri, “Məzar daşına yazılan yazı”, “Senanın göz yaşları”, “Qorxmaz kapitan” və s. kimi əsərləri ilə müharibənin gətirdiyi və yaşatdığı problemləri əks etdirmişdir. Xalq yazıçısı Hüseyn İbrahimov təkcə müharibə kimi dəhşətli bir hadisənin savaş və qırğın səhnələrini əks etdirməyib, o daha çox insanların qəlb dünyası və ruhunda yaşanan hissi-psixoloji “savaşı” təqdim etməyə çalışıb. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə enib. “Ata məhəbbəti” hekayəsində məhz yazıçı bir döyüşçünün geridə buraxdığı ailəsi və hələ doğulmamış körpəsinə olan məhəbbətini əks etdirib. “İnam” hekayəsində yazıçının Vahid adlı döyüşçü obrazı da Azərbaycan xalqının müharibədə rəşadət göstərən qəhrəman övladlarının ümumiləşmiş obrazı kimi çıxış edir. Həkim Şalva İrakliyeviçin hər bir əsgərə öz övladı kimi can yandırması insan qəlbinin əzəmətini göstərmək baxımından da çox nümunəvidir. “Şirin xatirə” hekayəsində yazıçının böyük məhəbbətlə təsvir etdiyi Azərbaycanlı qızı Yazgül obrazı sevgilisinin ardınca müharibəyə gedən, bütövlükdə vətən aşiqi olaraq özünü təsdiq edən, öz əməli, eşqi, məhəbbəti ilə qəlblərdə əzəmətli bir QADIN-ANA abidəsi ucaldan yaddaqalan bir personajdır. Yazıçının “Zərifənin çiçəkləri”, “Sakit axşamlar” və b. əsərlərində də məhz bu cür ruh, bu kimi ideya hakimdir.

Naxçıvan ədəbi mühitinin simalarından olan Hüseyn Əzim  “Yadigar”, “Terek sahilində”,  “Vətən”,  “Gözü yolda qalan yar”  kimi əsərlərində müharibənin gətirdiyi bəşəri bəlaları və ortaya çıxan ictimai kədəri, hisləri əks etdirib. Minlərlə, milyonlarla insanın qələbə xəbəri duymaq istəyini ümumiləşdirən şair Hüseyn Əzim şeirlərindən birində yazırdı: 

Kaş oğlumun cəbhədən gələydi, şad xəbəri

 Hicran yıxıb kül eylədi bu nazənin dilbəri

Mənim gözüm, onun könlü həsrət qalıb işığa.

Yetər  oğlum sual vermə, daha dərdli  aşığa.

 Açılmayır ürəyimiz, şadlıq bizə kədərdir.

Dərmanımız, təbibimiz qələbədir, zəfəridir !

Müharibə mövzusunda çoxsaylı publisistik yazılar ilə çıxış edən yazıçı Nağı Nağıyev həm də bu mövzuda yazdığı “Polad” pyesində bir döyüşçünün qəhrəmanlıq nümunəsi ilə müharibənin dəhşətlərini, döyüşçülərin ruhunu diqqətə mərkəzinə gətirmək istəmişdir. Pyesdə vətənin azadlığı və istiqlaliyyəti uğrunda misilsiz döyüş hünəri göstərən igid Azərbaycan övladı Poladın cəbhədəki qəhrəmanlıqlarından bəhs edilir. Yazıçının “Bir qəlbin  fəryadı” hekayəsi də müharibə mövzusunda yazılmış ən yaxşı əsərlərdən biridir. Azərbaycan oğullarını  qəhrəmanlığa çağıran şeirlərilə çıxış edən Əkbər Məftun Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevə həsr etdiyi  “Sən könül mülkünün iftixarısan”,  eləcə də “Xilaskar ordu”,  “Ey Vətən”, “Partizan hekayəsi” kimi müharibə mövzulu lirik şerlərini yazmışdır. Şair Əlyar Yusiflinin isə “Oğlu cəbhədən qayıtmayan analara”, “Məğlub bayraq”, “Buhenvald”, “Əsgər anası” və b. şeirləri müharibəyə həsr olnumşdur. O, “Əlincədən uçan qartal” adlı poemasını və sonradan bunun əsasında yazdığı eyniadlı pyesini naxçıvanlı Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərova həsr etmiş, onun bir örnək təşkil edən döyüş yolundan, qəhrəmanlıq nümunələri və şücaətindən bəhs etmişdi. Böyük Vətən müharibəsi dövründə müxtəlif işlərdə çalışan yazıçı, jurnalist Məmmədəli Tarverdiyevin də müharibədə iştirak edən həmyerlilərimiz və əmək adamları haqqında yazdığı əsərləri, xüsusilə arxa cəbhə adamlarının rəşadətli əməyini özündə əks etdirən “Zaman” pyesi və oçerklərini qeyd etmək yerinə düşər. Yazıçı Zaman obrazı vasitəsi ilə müharibədə rəşadətlə döyüşən və qayıtdıqdan sonra da əmək sahəsində qəhrəmanlıq göstərərək nailiyyətlər əldə edən onlarla Azərbaycan insanının surətini, taleyini ümumiləşdirmişdir.

II Dünya Müharibəsi mövzusu sonrakı ədəbi nəsillərin yaradıcılığında da ön planda dayanmış, qiymətli əsərlər ərsəyə gəlmişdir. Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələri olan Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar, Vaqif Məmmədov, Sona Teymurbəyli və başqaları istər Böyük Vətən Müharibəsi və alman faşizminə, istərsə də Azərbaycanın XX əsrin sonlarında taleyinə yazılan erməni faşizmilə müharibə mövzusuna həsr olunan  qiymətli əsərlər ərsəyə gətirmişlər. İkinci Dünya Müharibəsində xalqın göstərdiyi böyük qəhrəmanlıqlar, müharibənin yaratdığı fəsadlar və yaşatdığı acılar Vaqif Məmmədovun müharibə mövzulu şeirlərində poetik həssaslıqla yer alır. “Müharibə yaraları” adlı şeirində müəllif yazır:

Ayaqsız dönübdür evə bir nəsil,

Dünyadan bir nəsil aralanıbdır.

Od-alov qoymayıb sevə bir nəsil,

Bir nəslin sevgisi yaralanıbdır. 

1973-cü ildə yazılan şeir İkinci Dünya Müharibəsinin vurduğu zərbələri, yaratdığı fəsadları ifadə baxımından son dərəcə dolğun və məzmunludur. Döyüşlərdə ayaqdan şikəst qalan insanların həyatdan, cəmiyyətdən ictimai-mənəvi cəhətdən uzaq düşməsi, özündə hiss etdiyi sınıqlıq üzündən fəallığını, cəmiyyətə qaynayıb-qarışmasını itirməsi hadisəsi və psixoloji əhval-ruhiyyəsi bu şeirin əsas məzmununu təşkil edir. Bu baxımdan, mübaliğəsiz demək olar ki, bu şeirdə ayaqların həm fizioloji mənada insanın həyatında oynadığı rol, həm də ictimai-mənəvi anlamda insan taleyində daşıdığı əhəmiyyət çox dolğun şəkildə öz bədii əksini tapmışdır. Bəhs olunan bu şeirdə müharibənin həm zaman olaraq insanlardan çaldığı ömür, həm insanların fiziologiyası, sağlamlığı, mənəvi aləminə vurduğu zərər, həm də onların sevgi aləminə gətirdiyi iztirab, kədər və sevgisizlik təcəssüm olunub, poetik ustalıqla psixoloji planda təqdim edilib. Şair çox dolğun, inandırıcı şəkildə bir nəslin sevgi aləminin necə yaralandığını şeirdə ustalıqla təqdim etmişdir.

Şeirdə müharibəyə nifrət, hər cür savaşa qarşı etiraz hay-küysüz, şüarsız, çığır-bağırsız, süni pafosdan, səs-küydən uzaq şəkildə, amma olduqca təsirli, sirayətedici, mənalı və inandırıcı surətdə əks olunub. Şairin “O kişilər gedibdi” şeirinin mövzusu da ictimai problemə, nəsillərin bir-birindən aralanması, uzaq düşməsi məsələsinə həsr olunub:

Biçənək yerini biçən azalıb,

Arandan yaylağa köçən azalıb,

Köhləni dayaqdan seçən azalıb,

Sən görən kişilər gedibdi daha.

Məhz bu cür ideya-etik əhəmiyyətinə görə şairin müharibə mövzusunda yazdığı bu əsərlər ədəbiyyatşünaslığımızın diqqətini çox çəkmişdir. Şairin müharibə mövzusuna həsr etdiyi “Qara kağızlar” şeiri də müharibənin insan talelərini əks etdirmək, insanların, xüsusilə döyüşçülərin yaxınlarının, hətta əsgər məktublarını aparan poçtalyonların psixoloji nüanslarını təqdim etmək baxımından çox uğurludur.

          Beləliklə, naxçıvanlı yazıçılar da bəşəriyyətin taleyində qara və kədərli bir hadisəni təşkil edən II Dünya Müharibəsində iştirak etmiş, bir əsgər kimi döyüş yolu keçmişlər, eləcə də arxa cəbhədə, müharibədən sonra öz əsərlərilə qələbə uğrunda mücadilə aparmışlar. Az qala hər bir ailənin taleyində qara günləri, kədərli hadisələrilə yadda qalan Böyük Vətən Müharibəsi bədii ədəbiyyata da öz təsirini göstərmiş, müharibənin məhrumiyyət və dəhşətlərlə dolu obrazı yaradılmışdır. Bu mənada Böyük Vətən Müharibəsinin qələbə ilə nəticələnməsi və böyük zəfərin çalınmasında azərbaycanlıların, o cümlədən Naxçıvandan olan döyüşçülərin, müxtəlif peşə, sənət adamlarının, sadə adamların, əlbəttə ki, insanları vətən uğrunda rəşadətli döyüşə və qəhrəmanlığa səsləyən ədəbiyyat adamalarının, şair və yazıçıların mislsiz rolları olmuşdur.  Əlbəttə, həyatı təhdid edən amansız müharibələrdə təkcə insanların rəşadəti deyil,  həm də ağıl orusu ilə misraları döyüşür!..

 Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR