24 Dekabr 2024, Çərşənbə axşamı

XXI əsr insanlığa fərqli, fantastik ümidlər vəd etmişdi. Hər kəs yeni eranın bi­rinci yüzilliyindən ağlasığmaz inkişaf gözlərkən, qarşılaşdığımız təbii fəla­kət­lər, cinayətlər, sağlıq problemləri insan övladının zaman-zaman sınağa çə­kil­diyini və bunun təkrar-təkrar baş verməsini çarəsizcə anlamaqdadır. Son aylar ya­şadığımız zəruri sosial izolyzsiya şəraitində bir çox insanın əslində daxili alə­mində potensialın, ideyanın, yaradıcılığın gizləndiyinin fərqinə varması üçün münbit şərait yaratmışdır. Gözəgörünməz bir düşmənlə qarşı-qarşıya qaldığımız son aylarda təbii ki ehtiyatlı olmalı, dezinfeksiya qaydalarına, sosial məsafəyə diqqət yetirmək zərurəti yaranmışdır. Lakin bu vəziyyətdə xəstəlik qapıdaymış kimi panik hal keçirməmək, psixoloji vəziyyət halına gətirməmək üçün sağlam bədən – sağlam düşüncə məntiqi ilə hərəkət edilməlidir. Evdə qala bilməməkdən şikayətlənən bizlər yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışmalı, elmi-yaradıcı potensialımızı təkmilləşdirmə istiqamətinə yönəltməliyik. Bu, hər bir sahənin insanı üçün keçərlidir. Belə ki:

-         elm sahəsində çalışanlar – elmi tədqiqatlara daha çox zaman ayıracaq;

-         maliyyə - iqtisad sahəsi – krizi fürsətə çevirməyin optimal imkanlarını axtaracaq (təbii ki, bu insanların xeyrinə olmalı);

-         təhsil sahəsi - hər zaman olduğu kimi cəmiyyətin savadlanması üçün daim yeniləşən elmi-texniki innovasiyalardan istifadə ilə hər vəziyyətdə keyfiyyətli tədrisin təşkilini hazır­la­ya­caq;

 -         psixoloq və sosioloqlar – gənc nəslin yetişdirilməsi imkanlarının daha verimli olması qayğısına qalacaq;

-         ticarətlə məşgul olanlar hansı sahədə boşluqların olmasını araşdıracaq;

-         xidmət sahəsi – istənilən vəziyyətdə daha hansı xidmətlərin zəruru olacağını müəyyənləşdirəcək və keyfiyyətini yüksəldəcək və sair.

Çalışdığımız təhsil sahəsinin günümüzün reallığında tədrisin canlanması üçün mövcud imkanlardan necə səmərəli istifadə edilməsi istiqamətində apardığı işlər təqdirəlayiqdir. Istər ali, istərsə də orta məktəb müəllimləri imkan daxilində üzə­rinə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmaqdadır. Nadir hallarda bu­na şou donu geyindirməyə çalışanlar da tapılır. Əminik ki, hər bir mənəviyyat sahibi olan mü­əl­lim öz tələbəsi, yaxud şagirdi ilə hər dəfə onlayn dərsdə görüş­dü­yün­də xüsusi məsuliyyət hisslər keçirir. Onlayn dərslərin offlayn dərs qədər effektli olmaması fikirlərində həqiqət vardır. Əslində dərslərin onlayn formatda keçirilməsi offlayn dərslər qədər effektli ola bilər. Bunun üçün proses iştirakçılarının hər biri bu işə ciddi yanaşmalı, öyrənib-öyrətmək zərurəti duymalıdır. Orta məktəb dərsliklərinin mövcudluğu, ali məktəb­lər­də mühazirələrin universitet portallarında yerləşdirilərək tələbələrə çatdı­rıl­ması öyrə­nən­lərə lazımi bilik mənbələri yaradır. Bu materialların əlavə izahata ehtiyacı var əlbəttə. Onlayn və videoderslərin məqsədi də bu təlabatı ödəməklə təhsil sahə­sində yarana biləcək durğunluğun aradan qaldırılmasına xidmət edir. Lakin əgər ali və orta məktəbdə təhsil alanlar bu işə ciddi yanaşmırsa, o zaman keçən zamanı itiril­miş hesab edə bilərdik. Bir məsələ də var ki, öyrənmək istəyən əksər hallarda şəraitdən asılı olmayaraq öyrənir. Ucqar dağ kəndlərində repeti­to­run nə olduğunu bilməyən şagirdlərin 700 bal toplayaraq ən yüksək səviyyəli universitetlərə qəbul olunması faktı hamımıza məlumdur. Bu dövrdə həmin faktla­rın təbliğatına geniş yer verilməsi də oyrənənlər üçün stimul ola bilər.     

                                      YUNİSEF-in koronavirusun yayılması zamanı uşaqların tərbiyəsinə dair tövsiyələri (www.unicef.org/coronavirus/covid-19-parenting-tips) valideynlər üçün çox faydalı ola bilər. Bu sənəd valideynlərin uşaqlarla təkbətək söhbətlərə vaxt ayırmasını, gündəlik həyat rejimini necə qurmasını, pis davranışları idarə edərkən də sakit olmağı və stressi idarə edə bilməsi, uşaqlarla COVID-19 haqqında danışmağı təklif edir. Araşdırmaların nəticələrinə görə, valideynlərin övladları ilə bir masa arxasında nahar etməklə birlikdə vaxt keçirməsi, onlarla sadə söhbətlərə vaxt ayırması, müzakirələr aparması uşaqların məktəb təhsilində daha uğurlu olmasını şərtlən­dirir. Beynəlxalq araşdırmalar göstərir ki, bəzi ölkələr valideynlərə konkret dəstək verir. Məsələn, Estoniyada pandemiya xəstəliyinin erkən mərhələlərində valideynlər üçün övladlarına distant təhsildə necə dəstək olmaları barədə tövsiyələr verən açıq vebinar təşkil edilib. İsraildə vali­deyn­lər üçün xüsusi internet portalı istifadəyə verilib, onun vasitəsilə valideynlər milli tədris planı əsasında təhsil tapşırıqlarına və rəqəmsal məzmuna daxil ola bilirlər. Latviyada  isə valideynlərə rəqəmsal öyrənməyə necə uyğunlaşmaq barədə göstərişlər olan bir təlimat təqdim edilib. 

Son aylar bütün dünyada həyat virtuallaşmış, bəşər övladı gecə-gündüz inter­netdən asılı və­ziy­yətə məhkum olmuşdur. Bəs bu qədər informasiya bolluğu, şüa­ya mə­ruz qalma, texnologiya­lar­dan, yeni proqramlardan istifadə zamanı keçiri­lən stress, yeni formata alışmanın gətirdiyi gərginliyi azaltmanın yolları hansılardır? Necə etməli ki, normal həyata qayıdarkən daha az zərər görmüş olaq. Yəni, əsəblərimiz gərilməsin, həyatımıza fiziki cəhətdən sağlam davam edə bilək və bu zaman kəsiyindən elmimizi, mənəviyyatımızı təkmilləşdirilmiş vəziyyətdə çıxara bilək. Düşünürəm ki, gələcəkdə qarşaya çıxa biləcək problemlərdən sığortalanmaq üçün aşağıdakı qaydalara əməl etməkdə fayda vardır:

-         yuxu rejiminə ruayət etməklə (gecə-gündüz yuxusunun yerini dəyişməmək);

-         saglam yaşam - sağlıqlı qida rasionuna diqqət etməklə (duz, karbohidrat, şəkər, fəsfut qidalardan, zərərli vərdişlərdən  uzaq);

-         texnologiyalardan – yəni istifadə edilməsi zəruri olan yeni tədris, yaxud di­gər proqramlardan düzgün, səmərəli istifadə üçün mütəxəssislərdən kömək al­maq (bu, lazımsız vaxt itkisinin və stresin qarşısını alacaqdır);

-         görüləcək işi əvvəl planlaşdırıb fikri dəqiq layihələndirdikdən sonra kompü­ter arxasına keçmək (bu da diqqətin yayınmasına, lazımsız şüalanmaya və vaxt itkisinə qarşı əhə­miyyət kəsb edir);

-         aktiv həyat tərzi keçirməklə  (evdə, həyətyanı sahədə, idmanla məşğul olmaq, fisziki iş görmək);

-         sabaha pozitiv düşüncə ilə baxmaq və hədəf müəyyənləşdirmək;

-         maraqlı hobbilər – varsa inkişaf etdirmək, yoxsa yaratmaq;

-         mənəviyyatı təmizləmək: iç dünyamıza baxmaq, analiz etmək (kimik, nə istəyirik).

Bütün bunlar bizim yeniləşən və sürətlə dəyişən dünya formatına uyğunlaşmamıza imkan ya­ra­dar, sabahın qarşımıza çıxaracağı sürprizlərinə hazırlıqsız yaxalanmamızdan qoruyar. Artıq dün­ya elə kiçlmişdir ki, planetin hər hansı sahəsində yaranmış ciddi problem endemik-lokal ol­maq­­dan çıxıb qlobalaşmaqla dünya üçün təhlükəyə çevrilir. Bunun üçün də dünyada həyatı iflic etmiş koronavirus təhlükəsi ölkələri birlikdə mübarizəyə qaldırmışdır. Bu məqsədlə YUNESKO  koronavirus pandemiyasının geniş yayılması dövründə ikinci "Covid-19 education res­ponse" vebinarını keçirib. Həmin tədbir dünya ölkələri üçün hazırda təhlükəli vurusla mü­ba­­­ri­­zənin ön cərgəsində dayanan və  təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyin­lə­rin­də daşıyan fədakar müəllimlərə həsr edilib. Seminar dünyanın bütün bölgələrindən olan  iştirakçıları bir araya gətirərək, müəllimlərin peşəkar hazırlığı və təlimə dəstəyin təmin olun­masından tutmuş, internetlə zəif və ya əlaqəsi olmayan uzaq ərazilərdə, kənd yerlərində distant təhsil probleminə qədər bir sıra geniş məsələlərə toxunub. "Ehtiyac ixtiraçılığın anası olduğundan, bu vəziyyət müəllimlər və tələbələrə daha enerjili, yaradıcı və yenilikçi olmaq üçün bir fürsət ola bilər", – fikrini son vaxtlar çox işlədirik. Vebinar  iştirakçıları məktəblərin gözlənilmədən bağlanmasının onların əksəriyyəti üçün sürpriz olduğunu söyləyiblər. Bununla belə, Uqandada müəllimlər bir gün ərzində tələbələr üçün ev tapşırıqları paketi  hazırlayraq şa­girdlərə göndərə biliblər. Hollandiyada bütün tədris proqramı 48 saat ərzində rəqəmsal formata keçirilib. Filippində isə Təhsil Departamenti planlaşdırılmış müddət­dən əvvəl "DepEd Com­mons"  platformasını işə salıb. Keyfiyyətli təhsilin təmin edilməsi üçün uzun illərdir bir çox kre­a­tiv layihələr həyata keçirilməkdədir. Hazırda isə "Uşaqların əlverişsiz vəziyyətdə öyrədilmə­si özündə onların  bir çoxunu "itirmək"  riski daşıyır.  Ev şəraiti onlara həmişə  məsafədən dərs­lər­də iştirak etməyə imkan vermir". Bütün bunlar aparılan araşdırmaların nəticəsi kimi icti­ma­­iyyətə çatdırılmışdır. Qeyd edilmişdir ki, məktəb  müəllimləri valideynlərlə  daimi əsasda əlaqə saxlamaqla da onları təlimatlanlandırır, həmçinin onlara stimul verir. Bu təcrübə təlimin mühüm aspektidir: "Biz rəqəmsal təhsillə  əldə etməyə illərimizi sərf edəcəyimiz faydalı biliklər əldə et­dik", – deyə A.Lourvink bildirib. "Müəllimlər bir-birini çox dəstəkləyir və güclü şəbəkə­lər yaradırlar, cəmiyyətlər isə müəllimlərin dəstəyinə qoşulurlar", – deyən A.Lourvink əlavə edib ki,  məktəblərin  informasiyanın ötürülməsindən başqa, təhlükəsizlikdən tutmuş emo­sional rifaha qədər gətirdiklərini heç nə əvəz edə bilməyəcək. Seminarda qeyd olunub ki, bü­tün ölkələrin hö­ku­mətləri peşə hazırlığının təmin edilməsi və müəllimlərin bu yeni təlim şəra­i­ti­nə uyğun­laş­ma­sına kömək etmək üçün resursların ayrılması istiqamətində səylərini gücləndi­rir­lər. Bu cür gö­rün­məmiş və qeyri-müəyyən vaxtlarda  müəllimlər  daha artıq  stress və narahatlıq hiss edirlər. Müəllimlərin böhran dövründə təhsili təmin etmək üçün onlara göstərilən əlavə təz­yiq­lə­rə qarşı durmaq və təhsilalanların  emosional ehtiyaclarını dəstəkləmək üçün sosial-emosional dəs­təyə ehtiyac duyulur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim-şagird-tələbə üç­bu­cağının optimal işi üçün zəruri tədbirlər görülmüş, proses davamlı inkişaf et­diril­məkdədir. Mək­təb-valideyn əlaqəsinin də sıxlaşdırılması öyrətmə-öyrənmə prosesində səmərəliliyi yüksəl­t­məklə, yaranmış problemin optimal həllinə gətirib çıxarar.

Bəs Azərbaycan bu prosesə əvvəldən necə reaksiya verdi? "Pandemiya ilə bağlı mübarizədə Azər­bay­can dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı müba­rizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdi".  Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bil­­dirib. Onun sözlərinə görə, martın 2-də Azərbaycanın bütün ərazisində təhsil prosesi dayan­dı­rı­lıb: "Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən za­man dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qə­rar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çe­vik reaksiya ver­di­yi­nin göstəricisidir". Təhsil naziri vurğulayıb ki, Azərbaycan dövləti tərəfin­dən qəbul edilən qərar­lar – vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlam­lı­ğı­na vura bi­lə­cəyi təsirin qarşı­sının alınması, dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həm­rə­y­li­yi nəticəsində olub.                                                                                                                               

Covid - 19-un pandemiya kimi cəmiyyətə, yəni təhsilə - iqti­sadiyyata – ailə və fərdlərə ğöstərdiyi təsirlər hazırda tam anlaşılmaya bilər. Lakin bunun nəti­cə­lə­rini mənfi, yaxud müsbət tərəfə çevirə bilən cəmiyyətlər bu sınaqdan uğurla çıxacaqdır. Hər za­man bəşəri dəyərlərin əsas tutulması bütün cəmiyyətlərin qarşısında duran vəzifələrdən ol­muş­dur. Ümid edirik ki, Yer planetinin XXI əsrdə yaşadığı pandemiya sınağı təbiətə, insanlığa vu­ru­lacaq zərərlərin qarşısının alınması üçün bir xəbərdarlıq rolu oynayacaqdır. İnsanlığın qazan­ma­sı, hər şeyin insanlığa xidmət etməsi ümidi ilə hər kəsə bol günəşli, Saglam Dünya arzulayırıq. 

(P.S. Bəzən bu vəziyyəti yaşadığımızla birgə  internetsiz-televiziyasız-smart telefonlarsız bir dünya düşünürəm. Və o an qanım donur, elmin-texnikanın inkişafında xidmətləri olan bütün insanlara sonsuz minnət duyuram.) 

Zərövşən BABAYEVA

                                                           Naxçıvan Dövlət Universitetinin dosenti,

pedaqogika üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR