Ülviyyə Həmzəyeva: Tarixdə iz qoymuş və sənətdə yeni cığır açmış rəssamların yaradıcılıqlarını araşdırmağı sevirəm
Müsahibimiz Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır
- Ülviyyə xanım, hazırda ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparılır. Görülən işlərini necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan Respublikasının Prezidentinin ən əsas məqsədi COVID-19 pandemiyası ilə mübarizədən xalqımızı və dövlətimizi ən az itki ilə çıxarmaqdır. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində hər gün yüzlərlə insan dünyasını dəyişir. Heç bir ölkənin səhiyyə sistemi sayı artmaqda olan xəstələrin müalicəsini tam təşkil edə bilmir.
Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə ən səmərəli tədbirlər həyata keçirilir, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atılır. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və onun ölkəmizin müxtəlif sahələrinə vurduğu ziyanların aradan qaldırılmasına cəlb edib. Azərbaycan bu çətin durumdan az itkilərlə çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlərlə dünyaya nümunə oldu. Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın qabaqcıl ölkələri bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri təqdir edirlər. Azərbaycanda, on minlərlə insan qısa müddət ərzində müayinə edilib və əhali yeni növ koronavirus infeksiyası ilə əlaqədar testdən keçirilib. Bu ağır dönəmdə dövlət başçısının bütün mənalarda xalqın yanında olması, insanların qayğısı ilə yaşaması, Öz vətəndaşlarına dəstək göstərməsi insanlara yüksək əhval-ruhiyyə bəxş edir, xalqımızın bu sınaqdan tezliklə və uğurla çıxacağına əminlik yaradır.
Pandemiya dövrünü əsərlərimdə əks etdirirəm
- Siz ictimai-siyasi fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğulsunuz, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, respublikamızın Əməkdar rəssamısınız. Maraqlıdır, pandemiya dövründə hansı əsərlər çəkmisiniz?
- Mən də bir çox rəssamlar kimi, dövlətimizin qərarlarına sayğı ilə yanaşır, məhz pandemiya dövrünü əsərlərimdə əks etdirirəm. İki ay ərzində işlədiyim “İnsanlıq” adlı iş artıq ərsəyə gəlib. Yaradıcılığımı durmadan davam etdirirəm...
- Yeri gəlmişkən, yaradıcılığınız haqqında ətraflı məlumat verməyinizi xahiş edirik...
- Mən Azərbaycanın gözəl və qədim şəhərlərindən biri olan Naxçıvanda anadan olmuşam. Mənim atalarım bu qədim torpaqda yaşayıb, mənim xoşbəxt uşaqlığım burada keçib. Ənənələrlə, mifoloji deyimlərlə dolu olan bu qədim diyar mənim yaradıcılığıma stimul verib. Naxçıvanda yaşayan insanlar bizim yüksək və başıqarlı dağlarımız kimi, nəcib və qürurludurlar. Mən qürur duyuram ki, böyük memarlar, musiqiçilər, rəssamlar, müdrik sərkərdələr bu müqəddəs torpaqlarda yaşayıb yaradıblar. Naxçıvan dahilər beşiyidir. Bu gün mənim rəssam kimi formalaşmağımda gözəl təbiətimizin, təmiz ətirli havamızın, valideynlərimin və yaxşı insanların böyük əməyi vardır. Özüməməxsus yaradıcılıq yolum vardır və bunu davam etdirirəm. Yaradıcılığımı hər hansı janra və ya üsluba uyğunlaşdırmaq kimi bir düşüncəm olmayıb. Sadəcə, yaradıcılıqla məşğulam və ərsəyə gələn əsərləri dəyərləndirməyi, hansısa janra və ya üsluba aid etməyi sənətsevərlərin, art kritiklərin öhdəsinə buraxıram.
Mən teatr rəssamı kimi də fəaliyyət göstərirəm. Misal olaraq deyə bilərəm ki, Naxçıvan Dram Teatrının səhnəsində görkəmli dramaturq Moris Meterlinkin “Göy quş” və Xalq yazıçısı Elçinin “Teleskop” əsərlərinə manumental tərtibatlar etmişəm.
Rəssamlıq da digər sənətlər kimi irsidir
- Ümumiyyətlə, rəssamlığa marağınız necə yarandı? Bu marağın yaranmasında ailənizin təsiri olubmu?
- Açığı, sevdiyim və özümü biləndən mənimlə olan bu sənətin və ya mənim üçün belə müəmma olan bu təbii prosesin maraqdan, yoxsa digər faktorların təsirindən yarandığını bilmirəm. Ata nənələrim xalçaçılıqla məşğul olmuşlar. Xalçaların çeşnilərini, ipləri və rənglərini də özləri hazırlayardılar. Atam metal üzərində döymə ilə məşğuldur və rəssamdır.
Fikrimcə, rəssamlıq da digər sənətlər kimi irsidir. Təbii ki, genlərdə kodlaşdırılmış bu məlumatların hansı formada və ya üslubda ortaya çıxması insanın dünyaya baxışı, yaşadığı mühitə münasibəti, tarixi və müasir dövrün hadisələrinin təsiri ilə müəyyənləşir, deyə düşünürəm. Düzgün təhsil və təcrübə ilə yaxşı rəssam olmaq olar. İnsanın portretini çəkməyi öyrənmək olar. Ancaq heç vaxt dahi rəssam olmağı öyrənmək olmaz. Bunun üçün daha artığına ehtiyac var. Dünyanı fərqli görmək, eksperiment aparmaq və həqiqətən yaradıcılıqda yeni kəşflər etmək bacarığı lazımdır. Bunlar isə irsən və müxtəlif həyat təcrübələrindən əldə edilir.
- Şəxsən hansı əsərlərlərinizi daha çox bəyənirsiniz? Eyni zamanda, beynəlxalq müsabiqələrdə, sərgilərdə hansı uğurlarınız olub?
- Bütün əsərlərim mənim üçün dəyərlidir. Fikrimcə, hansı rəssama bu sualı versəniz əsərlərinin onun övladları olduğunu və övladlara fərq qoymağın çətin olduğunu deyər. Ancaq təbii ki, bəzi əsərləri işləyərkən əsərin mövzusunun hansı tarixi və ya günümüzün reallıqlarını əks etdirməsi, hadisələrin mənə o andakı mənəvi psixoloji təsiri və sairə amillər ərsəyə gələn əsərə daha çox bağlanmağıma səbəb ola bilər. Bu əsərlərdən bir neçəsini deyə bilərəm. Məsələn, “Naxçıvan Bəşəriyyətin Beşiyi”, “Avesta”, “Ümummilli Lider”, “Zaman və Məkan”, “Bəşəriyyət” belə əsərlərdəndir.
Rəsm çəkməyə başladığımdan bəri bir çox ölkədaxili və xarici rəsm festivallarında, sərgi və müsabiqələrdə iştirak etmişəm, müxtəlif diplomlar və mükafatlarla təltif olunmuşam. Orta məktəb dövrlərində bir neçə ölkədaxili müsabiqədə birinci yerə layiq görülmüşəm. Universitet illərində daha yadda qalan beynəlxalq layihələrdən ABŞ-da Avrasiya Konfransı, ABŞ Dünya Ticarət Birliyi, Şimal-qərbi İndiana, ABŞ Calumet “Purdue” Universiteti, ABŞ Təşəbbüskarlar Ticarət Sərgisində, Ərzurumda “Türk Şöleni” Beynəlxalq Türk Festivalında, Aşqabadda “ Azərbaycan Mədəniyyəti Günləri”ndə, Tbilisidə, Çində keçirilən sərgi və müsabiqələri qeyd edə bilərəm. Həmçinin bir neçə əsərim ABŞ-ın Lonq Ayland şəhərinin məşhur göydələninin fasadında lazer effekti ilə sərgilənib. 2011-ci ildə ABŞ-ın Californiya şəhərində çap olunan “Beynəlxalq Müasir Ustadlar” kitabında yaradıcılığım haqqında məlumat verilib, əsərlərim çap edilib. 2014-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş VIII Dünya İncəsənət Festivalında əsərlərim “Unikal Milli Orijinallıq” nominasiyası üzrə birinciliklə mükafatlandırılıb.
2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişəm. Eləcə də, UNESCO -nun Beynəlxalq İncəsənət Assosasiyasının üzvüyəm.
- Hansı məhşur rəssamların yaradıcılığını bəyənirsiniz? Hansı ki, onların yaradıcılığı sizin də yaradıcılığınıza stimul verib...
- Ümumiyyətlə, tarixdə iz qoymuş və sənətdə yeni cığır açmış rəssamların yaradıcılıqlarını araşdırmağı sevirəm. Düşünürəm ki ancaq yenilikçi sənət adamları tarix boyu inkişafa təkan vermiş və intibaha öz töhvələrini vermişlər. Dünya sənət tarixində belə rəssamların sayı yetərincə çoxdur, ancaq bəzilərinin yaradıcılıqlarını incələdikdə rəssamın ruhən mənə yaxın olduğu düşüncəsi yaranır. Bunlardan Rasim Babayev, Toğrul Nərimanbəyov, Əhməd Kamal, Cavad Mircavadov və s. misal göstərə bilərəm. Əcnəbi rəssamlardan isə İeronim Bosx, Amadeo Madeliani, Mark Şaqal, Pablo Pikasso kimi bir çox sənət dahisini deyə bilərəm.
Biz gənc nəsilə rəssamlıq sənətini sevdirməyə çalışırıq
- Ülviyyə xanım, son olaraq bütövlükdə Naxçıvan Rəssamlar Birliyinin uğurları haqqında məlumat verməyinizi xahiş edirik... Rəssamlıq məktəbi muxtar respublikada necə inkişaf edir? Gənc nəslin rəssamlığa marağı hansı səviyyədədir?
- 1971-ci ildən fəaliyyət göstərən Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı 2000-ci ildə müstəqil yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikasında rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülür. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə birliyin 40 illik yubileyi keçirilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamların fərdi yaradıcılıqlarını davam etdirmələri üçün onlar hər cür şəraiti olan emalatxanalarla təmin olunub, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilib, rəssamların albom-kataloqları nəşr olunub.
Gənc rəssamların formalaşması da diqqətdə saxlanılır. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzalanan sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən, Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət müəllimliyi və rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət müəllimliyi ixtisaslarında təhsil alan tələbələrlə işlərin aparılması, onlara ustad dərslərinin keçirilməsi, sərgilərin təşkili daima diqqət mərkəzindədir. Bundan əlavə, Rəssamlar Birliyi tərəfindən uşaq yaradıcılıq mərkəzləri və orta məktəblərdə də ustad dərsləri keçirilir.
Biz gənc nəslə rəssamlıq sənətini sevdirməyə çalışırıq. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisaslarında təhsil alan tələbələrlə görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də mühüm işlər görülür. 2015-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması Bəhruz Kəngərli irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin daha bir ifadəsidir. 2012-ci ildən etibarən hər iki ildən bir keçirilən “Naxçıvan Bəşəriyyətin Beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı dünyanın bir çox ölkəsindən olan tanınmış rəssamları öz ətrafında cəmləməyi bacarıb. Bu festivala 100-dən çox xarici rəssam qatılmış, Naxçıvanın intibahını, gözəlliklərini kətana köçürərək gələcək nəsillərə ərmağan etmişlər.
Ümumiyyətlə, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonu ilin 365 günü sərgi ilə sənətsevərləri qarşılayır. Dövlət əhəmiyyətli tarixi günlərə və görkəmli fırça ustalarına həsr olunmuş sərgilərlə yanaşı müasir dövr yerli və xarici rəssamların sərgiləri mütəmadi olaraq keçirilir, onların yaradıcılıqlarının xalq tərəfindən tanınması və sevilməsi üçün bütün lazımi işlər aparılır. Bu ilin əlamətdar hadisələrindən olan görkəmli Azərbaycan rəssamı İbrahim Safinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. Sərgi muxtar respublika rəhbərliyinin İbrahim Safinin 120 illik yubileyinin keçirilməsi haqqındakı sərəncama uyğun olaraq təşkil edilib. Rəssamın kitab albomunun təqdimatı da keçirilib.
Nardar BAYRAMLI