24 Dekabr 2024, Çərşənbə axşamı

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

 Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb emlinin parlaq səhifəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətləri barədə demişdir: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə ­xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı idealarla doğru istiqamətləndirmişdir.

İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyət yararlanır. Zərifə xanım da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Ali təhsil illərində özünəməxsus fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı, sadəliyi və insanpərvərliyi ilə tələbələr arasında dərin hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi.

O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdır. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi. Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

   Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuş, həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda ­dosentlikdən elmin ən yüksək zirvəsi olan ­akademikliyə qədər yüksəlmişdir. 1977-ci ildə Bakıda Zərifə Əliyeva­nın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, Zərifə xanımın təşkilatçılıq bacarığı nəticəsində tədbir gözlənildiyindən də yüksək səviyyədə keçirilmişdir. ­Zərifə xanım oftal­mologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq  görülmüşdür.

 Akademik Zərifə Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmiş, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər bu gün də Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım dəfələrlə Naxçıvanda olmuş, buradakı həkimlərlə görüşmüş, onlarla həmişə sıx əlaqə saxlamışdır. Müasirləri onun Naxçıvandan olan tanışlarına, peşə yoldaşlarına çox isti münasibət bəslə­di­yini, onlara diqqətlə yanaşdığını, həmişə qayğı göstərdiyini ehtiramla xatırlayırlar. Zərifə xanım müxtəlif vaxtlarda muxtar respublikanın, demək olar ki, əksər rayonlarında xəstələri müayinə etmiş, qiymətli məsləhətlər vermiş, müalicəyə ehtiyacı olan insanlara köməklik göstərmişdir. Alimin əldə etdiyi elmi və praktik nailiyyətlər bu gün muxtar respublikanın səhiyyə sistemində tətbiq olunur. Belə ki, ilk dəfə olaraq traxoma xəstəliyinin müxtəlif mərhələlərdə sintomisin emulsiyası ilə müalicə metodu, gözün herpetik xəstəlikləri, virus konyuktivitləri, gözyaşı yolları xəstəlikləri, şəkər retinopatiyası, qlaukoma və başqa xəstəliklərdə akademik Zərifə Əliyevanın təklif etdiyi iridodiaqnostika müayinəsi, yeni terapevtik və cərrahi müalicə üsulları geniş tətbiq edilərək yüzlərlə insanın gözünə nur qaytarmışdır.

Zərifə Əliyevanın 1983-cü ildə çapdan çıxmış “Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri hər bir tibb işçisi üçün stolüstü kitabdır. Həkim-xəstə münasibətinə xüsusi diqqət yetirən Zərifə xanım məqalələrinin birində yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”.

Görkəmli alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb etmişdir.

 Zərifə xanım fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitabdır. Alimin zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Həmçinin Zərifə Əliyevanın Azərbaycan tibb elmində xüsusi əhəmiyyət kəsb edən qohumların nikahının tibbi, bioloji-fizioloji çətinliklərinə dair nəzəriyyəsi yüzlərlə yeni qurulmuş ailələrin taleyində mühüm rol oynamışdır. Aparılan geniş maarifləndirmə tədbirləri, inandırıcı tövsiyələr və konkret faktlar respublikada qohumluq əsasında qurulmuş ailələrin sayının azalmasına, bu yolla genetik xarakterli irsi xəstəliklərin əsasən aradan qaldırılmasına səbəb olmuşdur.

 Zərifə xanım ulu öndər Heydər Əliyevin təkcə həyat yoldaşı yox, həm də silahdaşı idi. Ümummilli liderimiz kimi böyük şəxsiyyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Yalnız seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi. Ümummilli liderimiz bu barədə deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

Görkəmli alimin Vətənə, doğma xalqına olan məhəbbəti, bu torpaqda yaşamaqdan duyduğu qürur hissi Azərbaycanı daim gözəlləşən, yüksələn görmək arzuları ilə vəhdət təşkil edirdi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirməklə həm də görkəmli alimin arzularını reallığa çevirir. Artıq Azərbaycan inkişaf edən qüdrətli dövlətdir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Onun xatirəsini milyonlarla insanın yaddaşında böyük ehtiramla yaşadan cəhətlərdən biri də bu böyük şəxsiyyətə məxsus insani məhəbbət və şəfqətdir. Zərifə ­xanımın həyatda əsas amalı həkimlərimizi bilikli və peşəkar, millətimizi sağlam və gözü nurlu görmək idi. Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də – ölkə­mizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq nümunədir”.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR