24 Dekabr 2024, Çərşənbə axşamı

Dünyada müxtəlif virus növləri var. Gün keçdikcə bunlardan bəzilərinə çarə tapılsa da,  bəzi yeni aşkar olunmuş viruslara qarşı səhiyyə sözün əsl mənasında çarəsizdir.

İnternet resurslarından oxuduqlarımız, gördüklərimiz belə deməyə əsas verir ki, dünyada Ebola, Hiv, Rota, Dong, Hanta, Çiçək kimi viruslar müxtəlif zamanlarda meydana gəlmiş milyonlarla insanın ölümünə səbəb olmuşdur. Bəzilərinə qarşı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən peyvənd tapılsa da, bəzilərinə qarşı hələ də heç bir vaksin icad edilməmişdir. Adıçəkilən  virusların çarəsi tapılmamış gündəmi  “korono” adlı yeni virus alt-üst etdi. Ötən ilin dekabrında Çinin Vuhan şəhərində ilk dəfə koronovirusa yoluxma halları qeydə alındıqdan sonra qısa müddət ərzində dünyanın 200-dən artıq ölkəsində bu virus sürətlə yayılmağa başladı. Ən dəhşətlisi də o idi ki,  bu virus digər viruslarla müqayisədə dəfələrlə sürətlə yayıldı.

XXI əsrin ən böyük bəlası hesab edilən koronovirus pandemiyası əhatə dairəsini genişləndirməkdə davam edir. SARS virusunun qohumu adlandırılan virus dekabrdan bu günə qədər minlərlə insanın həyatına son qoydu. İlk dəfə virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun heyvandan insana keçdiyini iddia edənlərdən oldu, həmçinin ilk dəfə bu virusun pnevmaniyaya səbəb olduğunu da qeyd etdi. Nottingam Universitetinin virusoloqu Jonatham Ball isə vurğulayır, “Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronovirusun heyvanlardan insana keçməsini görərik”,

Artıq hər kəsə məlumdur ki, bir çox ölkələrdə ölüm halları günbəügün artır və təəssüflə qeyd etmək istəyirik ki, bu virus can almaqla yanaşı bir çox sahələrə də mənfi təsirlər etdi. BBC və başqa informasiya kanallarının  verdiyi məlumatlara əsasən deyə bilərik ki, iqtisadi cəhətdən çox ziyan görmüş ölkələr artıq böhranla üz-üzədirlər.  Ekspertlərin bəzi bəyanatlarını nəzərə alsaq, bu ilin 2008-2009-cu illərin böhranından daha da ağır olacağını təxmin etmək çox da çətin deyil.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Çinlə aramızda çox uzaq məsafə olmasına baxmayaraq bizim ölkəmizdə bu virusa yoluxma halları qeydə alındı. Ölkə başçımız Prezident İlham Əliyev virusun yayıldığı məlum olan ilk gündən təqdirəlayiq addımlar ataraq bir sıra mühüm qərarlar qəbul etdi. İlk olaraq fevral ayında ölkəmizdə yoluxma halı qeydə alındıqdan sonra xalqa qəti xəbərdarlıq edildi. Karantin rejimi tətbiq olunması isə zamanında verilmiş düzgün qərar oldu. Qonşu ölkələrə  giriş-çıxışın müvəqqəti olaraq bağlanılması da xarici ölkələrdən gələn insanlar vasitəsilə virusa yoluxma halların qarşısının  alınmasına yönəldilmişdir.   Mərhələli şəkildə ictimai siyasi yığıncaqlar, kütləvi tədbirlər təxirə salındı.  Həmçinin ali və orta təhsil müəssisələrində dərslər dayandırıldı, idarə və müəssisədə fəaliyyət göstərənlərin  sosial izolyasiyası təmin olundu. Əhali arasında kütləvi maarifləndirmə işləri aparıldı. İlk olaraq yaşı 65-i keçmiş insanların küçəyə çıxma, daha sonra isə kütləvi şəkildə özünü təcrid kompaniyası aparıldı.  “Evdə qal!” çağrışı  vətəndaşların sağlamlıq sığortası oldu. Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti  yanında Operativ Qərargah və koronavirusla mübarizəyə dəstək fondunun yaradılması da çox əhəmiyyətli qərarlardan idi. Ölkə başçısının  zamanında qəbul etdiyi qəraraların nəticəsində bu gün Azərbaycanda bu virusun yayılma halları minimuma enmiş, yeni yoluxma halları qeydə alınsa da, sevindirci haldır ki, sağalanlar daha çoxdur, həyatını itirənlər isə digər ölkələrlə müqayisədə yox dərəcəsindədir. 

Dünyada pandemiya elan olunan virusun yayılmasının qarşısının alınması ilə bağlı muxtar respublikada da mühüm addımlar atılmışdır.  İlk öncə onu qeyd edək ki, bu məsələyə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aidiyyəti üzrə bir sıra mühüm tapşırıqlar vermişdir. Naxçıvan Ali Məclis Sədrinin fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fondu fəaliyyətə başlamışdır. Qısa zaman içərisində fiziki şəxslər, dövlər qurumlarının kollektivləri, özəl sektor və sahibkarları, muxtar respublika rəhbərliyi  koronovirusla mübarizəyə dair yardım kompaniyasına qoşularaq, vətəndaşların rifahı naminə öz dəstəklərini nümayiş etdirmişlər. Qeyd edək ki, Fonda 4 milyon 760 min 250 manat vəsait toplanmışdır. İanə köçürənlərdən 405hüquqi, 543 fiziki şəxslərdir.

Muxtar respublikada virusa yoluxma hallarına yol verməmək üçün mütəmadi dezinfeksiya və izolyasiya işləri görülməkdədir. Karantin rejiminə əməl etməklə yanaşı, virusa yoluxmamaq  üçün vətəndaşlara davamlı gigiyenik qaydalar izah edilir, həmçinin sağlam qidalanmağın vacibliyi vurğulanır.  Qəzet, televiziya materialları əhalinin maarifləndirilməsi, bu virusun yoluxma hallarının aradan qaldırılması istiqamətində hazırlanır. Bu günlərdə işini ürəkdən sevən və belə vəziyyətdə də öz məhsuliyyətini hiss edərək bizi qoruyan polislər, sağlamlığımızın qayğısına qalan həkimlər  də bu həmrəylik ətrafında sıx birlik nümayiş etdirirlər. Məktəblərdə tədris dayansa da şagirdlərə onlayn dərs keçən müəllimlərimizin də əziyyətləri danılmazdır. Təhsil Nazirliyinin internet saytı vasitəsilə videodərsləri  hər gün uşaqların dərslərdən geri qalmamsı üçün təşkil olunub. Nazirliyin gündəliyindən də gördüyümüz qədər belə müəllimlər mükafatlandırılmış və təltif edilmişdir.

Həmçinin onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzeylər də öz eksponatlarını onlayn  internet resursları vasitəsilə nümayiş etdirirlər. Mütəmadi olaraq onlayn tamaşalar, konsert proqramları, rəsm və şeir yaradıcılıq müsabiqələri də internet vasitəsilə vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsinə həsr edilmişdir.

 Bundan başqa Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbərliyi ilə təşkil olunmuş sosial könüllülərdən ibarət qruplar bu günlərdə daha fəallıq nümayiş etdirirlər. Mütəmadi olaraq muxtar respublikanın rayon və kəndlərində yaşı 65-dən yuxarı ahılları ziyarət edib onlara sovqatlar aparır, evlərində qabaqlayıcı tədbirlər həyata keçirirlər. Təbii ki, belə bir çətin zamanda ehtiyacı olan yaşlılara yardım etmək onlara qayğı göstərmək  və ərzaqla təmin etmək bir xalq kimi mənəvi dəyərlərimizə sahib çıxmağın göstəricisidir.


Xalqımız birlik, həmrəylik nümayiş etdirməklə bu çətin günlərin də öhdəsindən gəlir və gələcək. Nəticə göz qabağındadır. Son günlərin statistikasına nəzər salanda görürük ki, yeni yoluxanların sayı günbəgün azalmaqda, sağalanların sayı isə artmaqdadır. Zamanında verilən düzgün qərarlar bu gün bizim həyatımız üçün düşünülmüş addımlar idi. Bir çox ölkələr bu qərarları vaxtında vermədiyindən  virusun  yayılma əhatəsi genişlənərək çoxsaylı insan tələfatlarına səbəb oldu. Növbəti yazılarımızda Azərbaycanı bu virusdan qalib gələn bir ölkə kimi təqdim etmək diləyi ilə... Evdə qalın sağlam qalın!

 

Türkan HÜSEYNLİ

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR