Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş videobağlantı formatında tədbir keçirib.
Nümayəndəlikdən bildiriblər ki, tədbirdən əvvəl daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, daimi nümayəndəliyin kollektivi adından görkəmli alimin məzarına gül-çiçək dəstəsi qoyub. Ulu öndər Heydər Əliyevin də məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra daimi nümayəndəliyin əməkdaşlarının iştirakı ilə videobağlantı formatında tədbir keçirilib.
Çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov görkəmli elm xadimi akademik Zərifə Əliyevanın mənalı ömür yolundan və elmi fəaliyyətindən danışaraq qeyd edib ki, xalqımızın fəxr etdiyi, adını daim uca tutduğu görkəmli elm xadimi, tibb elmləri doktoru, professor, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu, zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental elmi əsərləri Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Bu gün dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı videobağlantı formatında olsa belə, Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi olaraq, bu böyük insanın xatirəsinin işığına toplanmağımız bizim mənəvi borcumuzu ifadə edir. Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və xüsusilə, həkimlər üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir desək, yanılmarıq. Bu gün hər il olduğu kimi, dünya şöhrətli alimin əziz xatirəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir. Səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, ətrafındakılara göstərdiyi yüksək diqqət və qayğısına görə xalqının məhəbbətini qazanmış akademik Zərifə xanım Əliyeva ilk növbədə əsl ziyalı və nurlu bir şəxsiyyət idi. Doğma torpağı olan Naxçıvanın Bakı şəhərindəki daimi nümayəndəliyində ənənəvi keçirilən bu tədbir də Zərifə xanımın əziz xatirəsinə sonsuz məhəbbətin, dərin ehtiramın ifadəsidir.
Bildirilib ki, mənalı və zəngin həyat yolu keçmiş Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalı ailəsində, Şahtaxtı kəndində, görkəmli alim və dövlət xadimi, siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açıb. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtı kəndində keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanıb. Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşib. Dahi öndər Heydər Əliyev siyasi fəaliyyətinin ən çətin dövrlərində ona öz sevgisi ilə güc verən xanımının varlığını yüksək qiymətləndirərək deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
“Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə bu İnstitutu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Bundan sonra o, Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, elmi-praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra doğma vətəninə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulub. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olub, elmi axtarışları dövründə özünə heç də rahat yol seçməyib, Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışıb. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində o zamankı Sovetlər Birliyi məkanında məhz ilk elmi işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib”, – deyə sözlərinə əlavə edən Bəxtiyar Əsgərov bildirib ki, Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibbi kadrların hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi, fundamental elmi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyib: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Vurğulanıb ki, Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır.
“Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, o, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyüdüb. Zərifə xanım Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmayıb. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. Dünya şöhrətli böyük alim, xalqımızın sevdiyi şəxsiyyət akademik Zərifə Əziz qızı Əliyeva haqqında danışarkən, dövlət xadimi, ictimai-siyasi xadim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov belə deyib: “Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Bu ailə əsrlərboyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, Ulu Öndərə etibarlı mənəvi dayaq olan əsl şəxsiyyət və ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən ana kimi də unudulmazdır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür”.
Yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunmuş akademik Zərifə xanım Əliyevanın sağlam vətəndaş mövqeyi, həyat yolu, ictimai fəaliyyəti həm də qadınlar üçün böyük nümunədir. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad edilir. İndi sayılıb-seçilən onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun əziz xatirəsinə ucaldılan abidələr isə görkəmli alimə və əsl insana olan dərin hörmətin, sonsuz ehtiramın və sönməz məhəbbətin tükənməz təzahürüdür. Hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən, humanizmlə yoğrulmuş böyük bir insan, bütöv şəxsiyyət, gözlərə nur bəxş edən, ətrafına işıq saçan əsl ziyalı kimi tanıdığı akademik Zərifə xanım Əliyeva bu gün də yaddaşlarda ilahi duyğulara malik insanlıq mücəssəməsi meyarı kimi yaşayır və xatırlanır. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaq.
Tədbir digər çıxışlarla davam etdirilib.