“Zoom” proqramı vasitəsilə “Kitabi-Dədə Qorqud dastanı və milli-mənəvi dəyərlər” mövzusunda onlayn kitab müzakirəsi keçirilib.
AMEA Naxçıvan Bölməsinin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Leyla Səfərova çıxış edərək bildirib ki, kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınıb. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Qeyd edək ki, 20 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf” Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti