24 Dekabr 2024, Çərşənbə axşamı

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. 

Əqli mülkiyyət dövlət siyasətinin müvafiq məqsədlərinə nail olmaq aləti kimi bir tərəfdən yaradıcılıq və yenilikçiliklə əlaqədar məhsul və xidmətlərə investisiyaların qoyulması fəaliyyətinə əlverişli şəraitin yaradılmasına xidmət edir, digər tərəfdən bazarda ədalətli rəqabətin güclənməsinə imkan yaradır. Əqli mülkiyyət insan kapitalının dəyərinə, onun kəmiyyət xarakteristikalarına, həmçinin texnoloji dəyişikliklərin temp və istiqamətinə ciddi təsir göstərməkdədir. Biliklərə əsaslanan müasir iqtisadiyyatda əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. Xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilməklə əqli mülkiyyət fenomenini prioritet fəaliyyət istiqaməti kimi formalaşdırır. 

 Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur. 

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur.Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. “Davamlı inkişafın Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. “İndi dünyada inkişaf təbii sərvət üzərində deyil, bilik, müasir texnologiya üzərində qurulur. Bu səbəbdən biz təbii sərvətlərin insan kapitalına çevrilməsinə çalışırıq” – deyən ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də öz əksini tapmışdır. 

Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyəti nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır. 

Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyət hüquqlarının qorunması və bu sahənin innovativ inkişafı üzrə həyata keçirilən uğurlu iqtisadi siyasət ümumilikdə əqli mülkiyyət sisteminin səmərəli formalaşdırılması üçün ciddi əsaslar yaratmışdır. İntellektual kapitaldan aktiv istifadənin və texnoloji inkişafın davamlı olaraq stimullaşdırılması hazırda üstün istiqamət kimi saxlanılmaqdadır. 

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısında muxtar respublikada innovasiyalı inkişafla bağlı yürüdülən iqtisadi siyasətəadekvat xidmətlərin göstərilməsi, əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir trendə uyğunlaşdırılaraq sənayedə tətbiqinin dəstəklənməsi kimi funksional vəzifələr dayanır. Əqli mülkiyyət investisiyalarının cəlb edilməsini, innovasiyaların reallaşdırılmasını və yeni texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləmək əsas hədəflərdəndir. Xidmət, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur. 

Fəaliyyəti dövründə Patent şöbəsinə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanı və coğrafi göstəricilər üzrə 2100 müraciət daxil olmuş və müvafiq prosedurlara uyğun olaraq dövlət ekspertizası aparılmışdır. Bu dövr ərzində iddiaçılara ümumilikdə 1214 mühafizə sənədi verilmişdir. Xidmətin tərkibində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın patent fondu da mütəmadi olaraq komplektləşdirilməkdədir. Fonda əmtəə nişanları, coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair rəsmi bülletenlər toplanmış və ardıcıl qaydada yeni ədəbiyyatlar daxil edilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri­-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirilməkdədir. 

Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və patentlərin beynəlxalq mühafizəsi işi bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir. 

Naxçıvan Muxtar Respublikası

Antiinhisar və İstehlak Bazarına

Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR