Türkiyə ictimaiyyəti Böyük Millət Məclisinin yaranmasının yüz illiyini, eləcə də 23 aprel - Milli Suverenlik və Uşaq Bayramını yerli vaxtla saat 21:00-da evlərində və ya yaşadıqları mənzillərin eyvanlarında dövlət himnini birlikdə oxumaqla qeyd edib.
Dövlət himninin oxunmasının ardından alqış səsləri ilə həmrəylik nümayiş olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlcə bayram münasibətilə ölkə ictimaiyyətinə canlı müraciət edib. Bundan sonra dövlət başçısı ailəsi və uşaqlarla birlikdə dövlət himnini oxuyub, Türkiyənin istiqlal bayramını alqışlayıb.
Qeyd edək ki, koronovirus (COVID-19) pandemiyasına qarşı görülən işlər çərçivəsində Türkiyədə kütləvi bayram tədbirləri ləğv olunub. Buna baxmayaraq, parlamentin sədri Mustafa Şəntopun rəhbərliyi ilə rəsmi heyət Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara