Naxçıvan Muxtar Respublikasında da aparılan məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində Naxçıvan Qarnizonunda hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində yeni binalar inşa olunur, hərbi şəhərciklərdə yeni istirahət parkları salınır və yaşayış binalarında əsaslı təmir işləri aparılır.
Hazırda Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası və 2 yataqxananın tikintisi aparılır.
Hərbi hissənin qərargah binası və yataqxanaların hər biri 3 mərtəbədən ibarət olacaq. Qərargah binasında işlər artıq yekunlaşmaq üzrədir. Binanın dam örtüyü vurulub, qapı və pəncərələri quraşdırılıb, daxili və xarici divarlar suvanıb.
Tikintisi davam etdirilən yataqxanaların birində hörgü işləri başa çatıb. Hazırda suvaq işləri aparılır, elektrik xətləri çəkilir və dam örtüyünün vurulmasına başlanılıb.
Digər yataqxana binasında isə mərtəbələrarası örtük panel qoyulur və 2-ci mərtəbədə hörgü işləri aparılır. Binaların tikintisindən sonar hərbi hissənin ərazisində sıra meydanı və istirahət güşələri də salınacaq. Bunun üçün torpaqda hamarlama işləri aparılır.
Naxçıvan Təlim Mərkəzində də 3 mərtəbəli əsgəri-məişət kompleksinin tikintisi davam etdirilir. Binada hörgü işləri tamamlanıb, dam örtüyü vurulub və fasadı suvanır. Burada idman şəhərciyi və istirahət parkının salınması üçün mühəndis-tikinti texnikaları ilə iş aparılır.
Muxtar respublikada ordu, birləşmə və hissələrin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkilinə də xüsusi diqqət yetirilir. Hazırda hərbi şəhərcikdə ailəlilər üçün binaların birində əsaslı təmir işləri aparılır və istirahət parkı salınır.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan ailəlilər üçün binada suvaq, kafel-metlax işləri görülür, pəncərə və qapılar, istilik və elektrik sistemləri yenilənir, asma tavan quraşdırılır və döşəmələr bərpa edilir. Bina təmir olunduqdan sonra hər bir mənzil müasir mebel dəstləri ilə təmin ediləcək və zirzəmidə 3 müasir çamaşırxana, dərzi və hərbi mağaza fəaliyyət göstərəcək.
Hərbi qulluqçuların və ailə üzvlərinin səmərli istirahəti üçün hərbi şəhərcikdə yeni istirahət parkı da salınır. Yerə travertin daşlarının döşəndiyi ərazidə oturacaqlar quraşdırılacaq, dekorativ ağac və gül kolları əkiləcək.
Bir məqamı da qeyd edək ki, bütün təmir-tikinti işlərində texniki-təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət edilir və bunun üçün məlumat lövhələri də hazırlanıb.
Muxtar respublikamızda ordu quruculuğu istiqamətində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə və hissələrində də davam etdirilir, yaşayış və xidməti binalar tikilir, hərbi qulluqçuların xidməti şəraiti və sosial müdafiəsi gücləndirilir.
Kənan Cəlilov