24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 21-də qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib. Bu gün hazırda innovasiyaların geniş tətbiq edildiyi ölkəmiz üçün əlamətdar hesab olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılıb, bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir, innovativ sahibkarlıq sürətlə inkişaf edir.

Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə, o cümlədən vençur maliyyələşməsi vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Eyni zamanda, ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında 2019-cu il 10 yanvar tarixli Sərəncamı ilə qarşıya mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasının innovasiya strategiyasının hazırlanması, koordinasiya subyektlərinin idarəetmə orqanlarında innovasiyalar üzrə mütəxəssis olması, koordinasiya subyektlərinin illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi, işçilərin innovasiya təşəbbüskarlığının və rəqəmli texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi kimi mühüm tapşırıqlar verilib.

İnnovasiya təşəbbüskarlığının təbliği, gənclərin bu prosesə aktiv qoşulması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “I2B – İdeyadan Biznesə” layihəsi, “InnoWeek – İnnovasiya həftəsi”, “InnoFest – İnnovasiya festivalı” və müxtəlif yarışlar keçirilir. Bu tədbirlərə ildən-ilə maraq artır. 2019-cu ildə “I2B – İdeyadan Biznesə” layihəsinə 12 regiondan 2000-dən çox iştirakçı – gənclər və tələbələr qatılıb, 153 komanda finala çıxmaq uğrunda mübarizə aparıb.

İnnovasiyayönümlü tədbirlər sırasında “Bakutel” sərgisini də qeyd etmək olar. “Bakutel 2019” 25-ci Yubiley Sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. 2019-cu ildə xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minədək ziyarətçinin 6 min nəfəri uşaq olub.

“Innofest – İnnovasiya festivalı” Azərbaycanda startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda, regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir.

Azərbaycanda ilk dəfə olaraq 29 may – 4 iyun 2019-cu il tarixlərində keçirilmiş “InnoFest” çərçivəsində təşkil edilmiş Beynəlxalq “Lightest” Forumuna, “ICT innovation and startup ecosystems” seminarına, “EU4 Digital proqramı”nın təqdimatına, “Monex Summit”ə, Gənclər İnternet İdarəçilik Forumuna, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumuna və III Robot Olimpiadasına ümumilikdə 1500 nəfərdən çox iştirakçı qatılıb, onlardan 158 nəfərini xarici qonaq təşkil edib. “InnoFest Village”də iştirak edən 1800-dən artıq ziyarətçidən 300-dən çoxu əcnəbi olub.

Ölkəmizdə 2018-ci ildən keçirilən Beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. 2019-cu ildə keçirilmiş II Beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “I2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı, “Roboday” sərgisi, 2-ci “Bakı Elektron Ticarət Forumu” (BEF – 2019), “İnnovasiya ekosisteminə siyasi baxış” (Innovation Policy Outlook) mövzusunda dəyirmi masa, “Euroasia İnnovation Day”, “Kaspersky Security Day”, “Innovation Awards Gala” mükafatlandırma mərasimi baş tutub. “InnoWeek – İnnovasiya həftəsi”nə 2800-dən çox iştirakçı qatılıb, onlardan 220 nəfərdən çoxunu əcnəbilər təşkil edib.

Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi inkişaf edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı – 2019”-da Azərbaycan “İnnovasiya yönümlü kompaniyaların artımı” göstəricisinə görə 141 ölkə arasında 21-ci yeri tutub. İnnovasiya yönümlü kompaniyaların sayının artması ölkə iqtisadiyyatının innovativ inkişafında əhəmiyyətli rol oynayır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR