24 Dekabr 2024, Çərşənbə axşamı

  

 

 

 

 

 

Muxtar respublikanın Şərur rayonunun ərazisində tarixin bütün mərhələlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri var.

Bu, bölgənin qədim tarixə malik olduğunu sübut edir. “Şərur” adının yaranması və etimologiyası ilə bağlı bir çox tədqiqatçıların fikirləri də onun qədimliyindən xəbər verir.

Tədqiqatçı Məmməd Ellinin fikrincə, “Şərur” adının yaranması qədim şumer əsatiri ilə bağlıdır. Şumerlər “Ninurta tanrının hünəri” adlı əsatirdə “İlahi nizə”ni “Şərur” adlandırmışlar. Əsatirin qısa məzmunu belədir: “Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman – nəhəng (əjdaha) yaşayırmış… Asaq ölümsaçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: “Heç qorxub eləmə! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm”. Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir”.

Həmin qədim əsatirə görə, “Şərur” sözünün mənası “nizə”, yəni qara qüvvənin, şərin, pisliyin qənimi, “ilahi güc”, “əzəmət”, “qüvvət” deməkdir. Digər bir mənbədə isə göstərilir ki, “Şərur” adı qədim elam-kassit tayfalarının dilində “Şeru” – “çöl”, “düzənlik” mənasını verir.

Yazılı tarixi mənbəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında da “Şərur” adına rast gəlinir. Dastanın “Uşun Qoca oğlu Səgrəyin boyu”nda göstərilir: “Üç yüz nəfər say-seçməli igid Şərukun ucundan Göyçə dənizinə qədər yol gedirlər. Orada qələbə çalıb Əlincə qalasına dönürlər”. Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” dastanında Şərurun ilkin adlarından biri kimi “Şəruk” adı göstərilmişdir.

Tədqiqatçıların da fikrincə, “Şərur” adının yaranması və mənşəyi qədim türk tayfası olan şumerlərlə sıx bağlıdır. Belə ki, şumer şəhər-dövlətləri olan Ur və Uruq şəhərləri eramızdan əvvəl III minillikdə qədim Mesopotamiyanın ən qüdrətli şəhər-dövlətləri idi. Bu şəhər-dövlətlərlə Azərbaycanın cənubu və şimalı arasında daha sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaranıb. Bu səbəbdən də ərazidə yaşayan qədim türk tayfaları – naxç və gərgərlər bu ulu yurdu “Şərur” adlandırıblar. Diqqət edək: “Şərur” adı zaman-zaman dəyişərək “Şəruk”, “Şəuruk”, “Şərur” və nəhayət, “Şəril” şəklinə düşüb. Göründüyü kimi, qədim Mesopotamiyanın Ur və Uruq şəhər adları “Şərur” və ya “Şəruk” adının ikinci komponenti ilə üst-üstə düşür. Şərurun qədim şumerlərlə sıx bağlı olduğunu sübut edən başqa bir mənbə arxeoloji abidələrimizdən aşkar edilmiş saysız-hesabsız maddi-mədəniyyət nümunələridir.

Uzun əsrlərboyu bu qədim diyarın adı tarixi mənbələrdə Şəril (Şəril eli, Şəril mahalı, Şəril çuxuru) kimi də çəkilib. Hətta gözəl saz havacatları olan “Şərili”, “Ağır Şərili” və “Orta Şərili” el aşıqlarının dilindən bu gün də düşmür.

Bu qədim yurdun Azərbaycançılıq möhürü sayılan tarixi abidələr - Havuş kəndində Dana qalası, Gəlin qayası, Havuş mağarası, Axura kəndində Ağvantəpə, Hadıqayıb, Pisdər mağaraları, Tənənəm kəndində Qazma mağarası, Gümüşlü kəndində Qarasu qalası, Qız qalası, Aşağı Yaycı kəndində Yaycı qalası, Qız qalası, Dizə kəndində kurqanlar, Ovçular təpəsi, Oğlanqala kəndində Qalacıq arxı, Şahbulaq və Danyeri kəndlərindəki qalalar, Arpaçay üzərində birtağlı Dədəli körpüsü, Cəlilkənddə Buzxana, Zeyvə kəndində Daş heykəl və sair onlarla abidə Şərurun keçmişini bu günə daşıyan tarixi yaddaşımız sayılan nadir incilərdir. Bu abidələr eramızdan əvvəl V-III minilliklərdən başlamış bizim eranın XVIII-XIX əsrlərinə qədər böyük bir dövrü əhatə edir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR