24 Dekabr 2024, Çərşənbə axşamı

Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildiriblər ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 2020-ci il 20 aprel tarixinədək isə xüsusi karantin rejimi elan edilib.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilib, burada müalicə-profilaktika işləri həyata keçirilib, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirib və koronavirusla mübarizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini verib. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilib, xaricdən xəstəliyin idxalının qarşısı alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 2020-ci il 28 fevral tarixindən bu günədək 1373 nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86 min 607 test aparılıb.

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Bu baxımdan xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR