24 Dekabr 2024, Çərşənbə axşamı

Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib: "Karantin rejiminə gəldikdə, bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

 Bunu nəzərə alaraq, biz əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik.

Ancaq nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq".

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR