Milli Məclisə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdimatı zamanı bildirib.
Deputat deyib: “Bu layihə Prezidentin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Təklif edilən dəyişikliklər cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların növbəti mərhələsidir. Belə ki, dövlətimizin başçısının 2017-сi il 10 fevral tarixli Sərəncamının icrası və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulu ilə əlaqədar olaraq bu günə qədər 9 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilib, 3 minə qədər şəxsin cəzası yüngülləşdirilib, 800-ə qədər şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilib. Belə böyük bir rəqəm isə istənilən əfv və amnistiya ilə azad edilən şəxslərin sayından dəfələrlə çoxdur.
Milli Məclisə təqdim edilən yeni layihədə Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.
Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni, dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın iştirakçılıqla törədildiyi hallarda cinayət iştirakçıları tərəfindən ödənilməsi qaydası müəyyən edilməmişdi, məhkəmə təcrübəsinə uyğun aparılırdı. Dövlət büdcəsinə ödənişi isə hər bir cinayət iştirakçısı ödəməli idi. Təklif edilən dəyişiklik isə hakimə imkan verir ki, həm ziyan, həm də dövlət büdcəsinə ödəniş cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında, belə iştirakın əhəmiyyətindən vurulmuş zərərin həcminə və xarakterinə görə məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilsin.
Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növü var. Onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi müddəası ləğv edilir.
Hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası mümkündür. Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilir. Bu da imkan verir ki, ümumiyyətlə azadlığın məhdudlaşırılması daha liberal cəza növləri ilə əvəz edilsin. Alternativ cərimə növü müəyyən edilir. Hazırda cərimə 2 üsulla müəyyən edilirdi. Birincisi 20 min manatadək cərimə və ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə. Bu isə Prezident tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi. Belə ki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərərçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs, eyni zamanda, dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməli idi. İndi alternativ cərimə təklif edilir, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğinədəkdir. Misal üçün, mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziyanı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlət büdcəsinə ödəniş. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilir. İqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır (20 min manatdan 50 min manata). Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir.
Hərbi xidmət əleyhinə cinayətlər bölməsində edilən dəyişikliklərin məqsədi orduda məhkumluqların sayının azaldılmasından ibarətdir. Belə ki, bildiyiniz kimi məhkumluqdan irəli gələn hüquqi nəticələr hərbi qulluqçuların gələcək karyerasına mənfi təsir göstərə bilər. Bununla belə orduda ciddi nizam intizamın təkmilləşdirilməsi və qorunub saxlanılması üçün Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir. Ümumiyyətlə bəzi cinayət əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.