23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan digər sahələrdə olduğu kimi, elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilmiş, dünya elminə töhfələri ilə diqqəti cəlb etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyət göstərdiyi dövrlərdə Naxçıvan Muxtar Respublikasında elm və təhsil sahəsində də davamlı inkişaf və dirçəlişə nail olunmuşdur.

 Ulu öndər Naxçıvanda elmin inkişafı strategiyasını mühüm mövqedən müəyyənləşdirərkən demişdir: “...Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Bu səbəbdən də görkəmli dövlət xadimi Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 2002-ci il 2 avqust tarixli Fərman imzalamış, bölmənin yaradılması və inkişafına ardıcıl qayğı göstərmişdir. Bu müdrik siyasət təkcə elmi inkişaf etdirmək məqsədi daşımamış, həm də xüsusi geostrateji əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini başlıca zərurətə çevirmişdir. Elm və təhsilin inkişafına prioritet sahə kimi xüsusi diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. 

Məhz bu müdrik fikirlər Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətlərinin, flora və faunasının, yeraltı və yerüstü təbii ehtiyatlarının öyrənilməsini ciddi vəzifəyə, elm sahəsini müdafiə qüdrətinə malik bir ordunun mövcudluğu qədər xüsusi əhəmiyyət kəsb edən mühüm amillərdən birinə çevirmişdir.

İftixarla demək olar ki, ulu ­öndərimiz Heydər Əliyevin yadigarı olan, dövlət başçısının yuxarıdakı tövsiyə və tapşırıqlarını əsas götürən AMEA Naxçıvan Bölməsi diyarımızda elmin baş qərargahı rolunda çıxış etməklə digər elm və təhsil müəssisələri ilə birlikdə elmi inkişafa yeni vüsət vermiş, bu isə, öz növbəsində, müxtəlif sahələrdə elmi məktəblərin formalaşmasına gətirib çıxarmışdır.
Naxçıvandakı elmi məktəblər sırasında tarixşünaslıq və ədəbiyyatşünaslıq sahələrinin inkişafı xüsusilə diqqəti cəlb edir. Aparılan tədqiqatlar, çap etdirilən çoxsaylı elmi əsərlər Naxçıvan tarixşünaslıq məktəbinin yaranmasını şərtləndirmişdir. Ciddi elmi tədqiqatlar tarixşünaslıq elminin müxtəlif istiqamətlərinin – arxeologiya, etnoqrafiya, Vətən tarixi sahələrinin inkişafı üçün də geniş stimul yaratmışdır. Bu inkişaf nəticəsində həm də məhsuldar elmi kadrların fəaliyyətinə geniş imkanlar açılmış, bu elmi məktəbin inkişafında xüsusi mövqeləri olan nüfuzlu alimlər, güclü potensial formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüs və qayğısı ilə ərsəyə gələn “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh Peyğəmbər. Dünya tufanı və Naxçıvan”, “Naxçıvanın epiqrafik abidələri” və digər əsərlər Naxçıvan tarixşünaslıq məktəbinin səciyyəvi cəhətlərini özündə təcəssüm etdirən böyük elmi əsərlərdir. Ali Məclis Sədrinin Sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi də muxtar respublikada elm sahəsində aparılan dövlət siyasətinin konkret bəhrələri kimi qiymətləndirilir. Bundan başqa, naxçıvanlı alimlərin Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə və digər ­ölkələrdən olan elm adamları ilə birgə apardıqları ciddi tədqiqatlar nəticəsində Naxçıvanda ilkin yaşayış və şəhərsalma, Duzdağ mədəniyyətinin aşkarlanması, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin məhz Naxçıvanda olması faktı təsdiqini tapmışdır. Bu, diyarın qədim tarixə malik olduğunu bir daha sübut edir.
Müstəqillik illərində Naxçıvan ədəbiyyatşünaslıq elmi məktəbi ardıcıl inkişaf etmiş, görkəmli akademik İsa Həbibbəylinin bilavasitə rəhbərliyi altında burada çoxsaylı ədəbiyyatşünas alimlər yetişmişdir. Bu elmi məktəb özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə fərqləndiyi kimi, nailiyyətləri ilə də muxtar respublikamıza, ümumilikdə, ölkəmizə öz töhfələrini verməkdədir. Özünün mövzu əhatəsi, elmi-tədqiqat üslubu, təhlil və tədqiq tərzi və digər özünəxas cəhətləri ilə, ən başlıcası, milli ideologiyaya sədaqəti, bu ideologiyanı zənginləşdirməsi ilə fərqlənən bu məktəb artıq kifayət qədər öz sözünü demişdir. Naxçıvanın ən qədim dövrlərdən üzübəri ədəbi mühitinin, görkəmli şəxsiyyətlərinin, ədəbi prosesinin inkişaf ənənələrinin öyrənilməsi nəticəsində yeni faktlarla zəngin elmi əsərlər ərsəyə gəlmişdir.
Naxçıvanda bu inkişafdan bəhrələnən folklorşünaslıq, dilçilik, sənətşünaslıq və başqa elm sahələri də diqqəti cəlb edir. Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri yeni müstəvidə, müasir tələblər səviyyəsində məhz bu dövrdə öyrənilmiş, yeni materiallar toplanmış, daha təkmil dialekt sözlüyü hazırlanmışdır. Elə Naxçıvanla bağlı yer-yurd adlarının, Naxçıvan əhalisinin etnogenezinin öyrənilməsi də bu dövrə təsadüf edir. Naxçıvan və bu diyara məxsus digər yer adlarının etimologiyası, habelə digər elmi faktlar sayəsində alimlərin Nuh Peyğəmbərin dünya tufanı zamanı məhz Naxçıvanda quruya enməsi və burada məskunlaşması barədə fikirləri maraqlı faktlarla zənginləşmişdir. Aparılan tədqiqatların nəticəsini elmi ictimaiyyətə təqdim edən beynəlxalq konfransların, simpoziumların keçirilməsi, çoxsaylı monoqrafiya və tədqiqat əsərlərinin nəşri də bölmədəki elmi və təşkilati işlərin uğurlarından xəbər verir. Qədim diyarımızın zəngin folklor mühiti ilə bağlı yeni elmi tədqiqatların aparılmasını, “Naxçıvan folklor antologiyası” kitabının üç cilddə nəşr edilməsini, Naxçıvan folklor mühitini tədqiq və təhlil edən digər çoxsaylı elmi əsərləri də folklorşünaslıq sahəsində əldə edilən nailiyyətlər kimi diqqətə çatdırmaq olar.
Belə ciddi elmi nailiyyətlərin əldə edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı dövlət sənədləri, verdiyi tövsiyə və tapşırıqlar əsaslı rol oynamışdır. Məhz elmin inkişafına hədəflənmiş bu məqsədyönlü siyasətin həyata keçirilməsi sayəsində Naxçıvanda ilkin yaşayış və mədəniyyətin tarixinə dair ciddi nəticələr əldə edilmiş, tarixi abidə qeydə alınmış və pasportlaşdırılmış, Nemətullah Naxçıvani kimi həyatı və fəaliyyəti indiyədək öyrənilməmiş tarixi şəxsiyyətlər qiymətli yaradıcılıq mirasları ilə geniş elmi-ictimai müstəviyə çıxarılmış, xalq yaradıcılığının müxtəlif sahələrinin öyrənilməsi, tədqiqi, təbliği və nəşri məsələləri uğurla həyata keçirilmişdir. Naxçıvan yallılarının nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO səviyyəsində dünyanın Qeyri-maddi mədəni irs və təcili qorunma siyahısına daxil edilməsi də məhz düzgün elmi araşdırmaların və aparılan müdrik, uğurlu siyasətin nəticəsidir.
Naxçıvanda elmlə iqtisadiyyatın, nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi də uğurlu və nümunəvi bir şəkildə həyata keçirilir. Bölmənin elmi inkişafda xüsusi rol oynayan, elmi-texniki imkanları və coğrafi mövqeyinin unikallığı ilə tanınan Batabat Astrofizika Rəsədxanası Naxçıvanın elmi-mədəni abidəsi olmaqla bərabər, həm də elmin inkişafına verdiyi töhfələrə görə xüsusi əhəmiyyət kəsb edir. AMEA Naxçıvan Bölməsinin Kimya və Biokimya laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Bölmənin tərkibində ən müasir texnologiyaya əsaslanan Seysmoloji Mərkəz qurulmuşdur. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin tədqiqatları üçün müasir təchizata malik şöbə və laboratoriyalar yaradılmışdır. Taxılçılığın inkişafı sahəsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan təcrübə və tədqiqatların nəticələrinin istehsalata tətbiq edilməsi uğurlu elmi-təcrübi fəaliyyətə bir nümunədir. Muxtar respublikada ərzaq ehtiyatının yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı ilə əlaqədar uğurlu elmi təcrübələr əldə edilməkdədir. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzinin yaradılması, Darıdağ Arsenli Su Müalicəxanasının fəaliyyəti, Şorsu palçığının müalicəvi əhəmiyyətinin öyrənilməsi və tibdə tətbiqi kimi çoxsaylı faktlar elmlə istehsalatın qarşılıqlı inkişafı nəticəsində əldə olunan uğurlardır.
Naxçıvanda formalaşan elmi məktəblərin nailiyyətləri “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Ensiklopediyası” (iki cilddə), “Naxçıvanın tarixi atlası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvanın folklor antologiyası” (üç cilddə), “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Naxçıvanın teatr salnaməsi”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitab”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (iki cilddə), “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-etnoqrafik atlası, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində), “Naxçıvan tarixi” çoxcildliyi və başqa qiymətli əsərlər şəklində elmi ictimaiyyətə təqdim olunur.
Onu da xüsusi qeyd etmək lazımdır ki, 2014-cü il 4 sentyabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi elmin və təhsilin davamlı inkişafının muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Bu günədək fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, elmi innovasiyaların, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Təkcə ötən il fond tərəfindən 30-a yaxın müxtəlif əsər nəşr etdirilib. Müstəsna elmi dəyərə malik həmin nəşrlər bir daha göstərir ki, bu gün qədim köklərə malik Naxçıvanla bağlı müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparılması davamlı xarakter alıb. Ulu öndər Heydər Əliyev siyasi kursunu özünün fəaliyyət proqramı elan edən Ali Məclisin Sədri davamlı olaraq Naxçıvanda elmin, təhsilin inkişafı qayğısına qalır. Qısa zaman kəsiyində bu cür vüsətli inkişaf Ali Məclis Sədrinin uzaqgörən qərarları, xalqa bağlılığı, dövlətçiliyə sədaqəti nəticəsində əldə olunmuşdur. Ötən il Naxçıvanda Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsinə mühüm töhfədir. Fondun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri demişdir: “Elm inkişaf etmədən ­­ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır”. Heç şübhəsiz ki, bu mühüm məramla yaradılmış Elmin İnkişafı Fondu Naxçıvanın tarixi, mədəniyyəti və digər sahələrini öyrənən elmi layihələrin həyata keçirilməsinə töhfələrini verməklə böyük uğurlara imza atacaqdır. İlk layihə olaraq Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvanda ən çətin ictimai-siyasi dövrdə fəaliyyət göstərmiş Araz-Türk Respublikasının tədqiqi ilə bağlı bir layihənin qəbul edilməsi də özlüyündə rəmzi məna daşıyır.
Son 30 ilə yaxın bir dövr ərzində Naxçıvan Muxtar Respublikasında elmin inkişaf tarixinə nəzər saldıqda bir daha məlum olur ki, müstəqillik illəri bu inkişafın ən qabarıq şəkildə təzahür etdiyi bir mərhələdir. İftixarla deyə bilərik ki, hazırda AMEA Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsinin 100-ə yaxın elmi işçisi, ali təhsil müəssisələrinin 420 nəfərlik professor-müəllim heyəti elmi-tədqiqat işləri sahəsində çoxsaylı uğurlara imza atıblar. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında da dərc edilir. Bütün bu uğurların əsasında elmin inkişafı, elmi-tədqiqat işlərinin səmərəliliyi məqsədilə yaradılan maddi-texniki baza, müasir elm, texnika və texnologiyanın ən son nailiyyətlərinin geniş tətbiqi dayanır. Qazanılan bu uğurlar isə məhz ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin bəhrələridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 mart tarixli Sərəncamına əsasən 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi milli elmimizin növbəti inkişafı üçün mühüm stimul olmuşdur. Dövlət başçısı təntənəli yubiley tədbirindəki çıxışında demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır”. Bu baxımdan hər zaman yüksək dövlət qayğısı ilə əhatələnən Azərbaycan elminin inkişafına 2016-cı ildə qəbul edilən “Elm haqqında” Qanun da hüquqi-siyasi təminat yaratmışdır. 2014 və 2016-cı illərdə elmin nailiyyətlərini sərgiləyən, elmi festivalların təşkil edilməsi elm və ictimaiyyət arasında əlaqələrin təminatına geniş imkanlar açmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin “Elm Günü” kimi təsis edilməsini də ictimaiyyət və çoxsaylı ziyalılar ölkəmizdə elmə göstərilən qayğının təzahürü kimi minnətdarlıqla qarşılayır. Muxtar respublika rəhbərinin elm adamlarına göstərdiyi diqqət və qayğı, doğma diyarımızdakı elmi mühit də elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına öz dəyərli töhfələrini verməkdədir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR