23 Dekabr 2024, Bazar ertəsi

Nazirlər Kabinetində 2020-ci ilin 2 mart tarixində “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikasında tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası ­Nazirlər Kabinetinin 2016-cı il 18 may tarixli 51 nömrəli Qərarının ləğv edilməsi barədə və “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 27 nömrəli Qərarının ləğv edilməsi haqqında qərarlar qəbul edilmişdir. Qərar Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, muxtar respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayi­nəsinə göndərişlərin verilməsini tənzimləyir.
Qəbul edilmiş digər qərarlardan biri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 sentyabr tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nə dəyişiklik edilməsi haqqındadır. Sözügedən qərara uyğun olaraq komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir, dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir, eləcə də, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv pro­qramlarını və digər məsələləri həyata keçirir.
Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 43 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəzaçəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişik­liyə əsasən tərtib edilən məcburi müalicə tədbirləri yalnız narkoloji xəstə məhkumların səhhətinin yaxşılaşdırılmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkoloji xəstə məhkumların normal həyat tərzinə qaytarılmasına və digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.
Bundan başqa, həmin tarixdə Nazirlər Kabinetinin 46 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativlər”i təsdiq edilmişdir. Adıçəkilən qərara görə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaş­ları sxeminin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 3 avqust tarixli 79 nömrəli Qərarı ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 və 13 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişik­liklər edilmişdir. Dəyişikliyə əsasən muxtar respublikaya idxal olunmuş steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad edilmişdir. Digər dəyişikliyə görə reaktiv mühərrik yanacaqlarının idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik olunmuşdur.
Qəbul edilmiş digər bir qərara görə “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 46 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 22 avqust tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 mart tarixli 57 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumtəhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən müəllimlər diplom üzrə ixtisaslarına uyğun qiymətləndirilmədə iştirak edə bilərlər. Müvafiq ixtisaslı pedaqoji kadr çatışmazlığı səbəbindən müəllimə qiymətləndirilmədən keçdiyi ixtisas üzrə, eləcə də məzmun və mahiyyət etibarilə yaxın fənlər üzrə dərs ­saatları verilərsə, bu zaman əməkhaqqı artımı bütün dərs saatlarına şamil olunur.
Nazirlər Kabinetinin 2020-ci il 13 mart tarixli 53 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri təsdiq edilmişdir. Qərara əsasən bir sıra spirtli və energetik içkilər və siqaretlərin idxalına görə ödənilən aksizin müəyyən hissəsinin icbari tibbi sığorta fonduna ödənilməsi müəyyən edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin ­13 mart tarixli 55 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəssisələrinin psixoloq ştat sayının müəyyən edilməsi haqqında” Qərar qəbul olunmuş və “Ümumtəhsil məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli 81 nömrəli Qərarında dəyişiklik edilmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR