23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın pak ruhundan od alan ocağımız gur yansın, süfrələrimizdən ruzi-bərəkət əskik olmasın

Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz bayramı çox qədim tarixə malikdir. Baharın gəlişini – varlığın canlanmasını, ana təbiətin “dirilmə”sini yeni ilin, yeni günün başlayacağını müjdələyən Novruza xalqımız Kiçik çillə çıxdıqdan sonra, bayrama bir ay qalmış hazırlaşmağa başlayır. Ev-eşikdə, həyət­-bacada səliqə-sahman işləri görülür, arxlar, çay kənarları təmizlənir, əkiləcək toxumlar saf-çürük edilir, çərşənbə tonqalları üçün çır-çırpı, odun yığılıb saxlanılır. 

 Novruzun gəlişini böyük sevinc və səbirsizliklə gözləyən xalqımız bayrama dörd həftə qalmış hər çərşənbə axşamını təmtəraqla qeyd edir. Həmin çərşənbələr bunlardır: Su, Torpaq, Yel (külək) və nəhayət, sonuncu – Od çərşənbəsi. Od çərşənbəsinə xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə” də deyirlər.

İlin sonuncu çərşənbəsi həm də “İlaxır çərşənbə” adlanır. Bu çərşənbəyə xüsusi hazırlıq görülər, evlər al-əlvan bəzədilər, döşəməyə rəngarəng xalça-palaz salınar. Ailənin hər bir üzvü təpədən-dırnağa təzə geyinər. Hamı bu günü bayram edər. İmkansız ailələrə qohum-əqrəbası, qonum-qonşusu əl tutar ki, kimsənin bayramı boş keçməsin.
Bu əziz gündə hər kəsin evində cürbəcür yeməklər bişirilər, soğan qabığı ilə yumurtalar boyanar, bol nemətlərlə bəzədilən bayram süfrələri açılar. Muxtar respublikanın rayonlarında bayram süfrəsinə maş çöçəsi, nimçə dəstənası, quru ərik kompotu, boyanmış bayram yumurtaları, “yeddiləvin”lə, yəni quru meyvə və çərəzlərlə bəzədilmiş xonçalar və digər təamlar düzülər. Həmin süfrənin şahı isə plov hesab olunur. Qaralı, sarıçiçəkli plovlar dəmlənər, üstünə xoruz, quş əti qoyular. Plovu dəmləməmişdən öncə bir ovuc düyünü götürüb atarlar evin damının üstünə ki, bu da quşların ruzisidir. Qoy quşlar da bayram etsin. Onların da payı tutular. İnanca görə, sonuncu çərşənbəni hər kəs öz ocağında keçirməli, öz evində bayram etməli, doğmaları ilə bərabər olmalıdır. Səfərlər, vacib işlər bayramdan sonraya saxlanmalıdır. Deyilənə görə, bu əziz günü evində bayram etməyən, onu ocağında qarşılamayan yeddi il evindən, doğma adamlarından ayrı düşər. Adətə görə, süfrə açılanda əziz bayramı öz evində keçirə bilməyənin də adına pay qoyular. Süfrəyə əyləşməzdən əvvəl bişirilmiş bayram çöçələrindən, dəmlənmiş plovdan da qonum-qonşuya pay tutular.
Doğma diyarımızın bir sıra rayonlarında İlaxır çərşənbə “Baca-baca” adı ilə də tanınır. Məlumdur ki, keçmiş dövrlərdə dam-daşlar (evlər) palçıqdan tikilər, damların üstünə bacalar qoyulardı. Belə damlarda, demək olar ki, pəncərə az olar və yaxud da ki, heç olmazdı. Bacalar pəncərəni əvəz edər, onlar vasitəsilə evlərə işıq düşərdi.
İlaxır çərşənbənin bəzi rayonlarımızda həm də “Baca-baca” adlandırılması isə həmin günə məxsus “bacadan şalsallama” adəti ilə əlaqədardır. Belə ki, Od çərşənbəsində axşam tonqallar alışdırıldıqdan sonra cavanlar, həmçinin adaxlı oğlanlar, uşaqlar dəstə halında damları gəzər, bayram payı almaq məqsədilə bacalardan evlərə şal, torba, papaq sallayardılar. Adaxlı olanlar nişanlısının evindən – bayram süfrəsindən pay umar, gözə görünməsin deyə, bacaya çıxıb şalını sallayar, pay gözləyərdilər. Nənələrimiz, analarımız bacadan evə sallanan torbalara meyvə qurusu, cəviz, badam, noğul, çöçə, boyanmış yumurta, süfrəsində nə varsa, nəyə gümanı gəlirsə, qoyub ağzını bağlayar, torba sallayan payını yuxarı, bacaya çəkib alardı. Yer-yeməli ilə yanaşı, torbalara başqa əşyalar da – bayramçalıq da qoyulardı. “Bacadan şalsallama” adı ilə tanınan bu mərasim “papaqatdı”, “dəsmal­atdı”, “torbaatdı” adları ilə günümüzdə də yaşadılır. Sadəcə olaraq indi bacaları evlərin qapıları əvəz edir. Papaq atanlar görünməsinlər deyə, qapını döyüb tez gizlənər, ev yiyəsi döyülən qapıları yubanmadan açar, atılan dəsmallara, papaqlara bayram sovqatı qoyar. Papaq atanlar paylarını alıb digər qapıları gəzərlər.

Novruzun ən çox sevilən ərəfəsi – İlaxır çərşənbə Ordubad rayonunda “yeddiləvin” də adlandırılır. Sonuncu çərşənbə axşamı oğlan evinin qız evinə apardığı şirninin içərisində onun müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı verilib. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür ki, bunlar da, əsasən, 7 adda olmalıdır.
İlaxır axşamı qapı-baca açıq saxlanar. Bu axşam hər evdən çal-çağır səsi gələr. Elə ki qaranlıq düşdü, ərgən qızlar və yaxud könlündə bir istəyi olanlar dəstə-dəstə “qulaq falı”na çıxarlar. Niyyətlərini tutub, hərə bir qapıya qulaq verər. Əgər evdən yaxşı söz eşidilsə, qapı pusan inanar ki, niyyəti qəbuldur və sevincək qapını açıb içəri girər ki, mən sizin qapını pusmağa gəlmişdim, yaxşı söz eşitdim. Qulaq falını təkcə qız-gəlinlər etməz. Gənc oğlanlar da dostları ilə birgə istədiyi, gözaltı etdiyi qızın evinin damına çıxar, bacadan evə qulaq verər. Əgər eşitdiyi söz-sov yaxşıdırsa, xeyirədirsə, onda oğlan həmin qapıya elçisini göndərər. Elə bütün bunlara görə də həmin axşam hamı çalışar yaxşı, xeyirli söz danışsın ki, qapıya qulaq falına gələnlər kor-peşman qayıtmasınlar.
Od çərşənbəsi günü, hava qaralana macal hər evdə, hər qapıda tonqal qurular. Bu bayram axşamı ən çox uşaqlar sevinər. Əl-ayaqda uşaqlar olar. Belə bir qayda var ki, qaranlıq düşəndə kənddə, məhəllədə hamı eyni zamanda tonqalını yandırar. Bunun üçün kiçik bir oğlan uşağı damın üzərinə çıxar, kəndi seyr edib görsə ki, həyətlərdə tonqallara od vuruldu, dərhal xəbər verər, ailə də həyətində öz tonqalını alışdırar. Adətə görə, yanar tonqalın başına, istisinə, işığına ailə üzvlərinin hamısı yığılmalıdır. İnanca görə, ağrı-acıdan, qada-bəladan, azar-bezardan xilas olmaq üçün hər kəs bayram tonqalının üstündən üç və ya yeddi dəfə hoppanmalı, bu sözləri deməlidir:
Ağırlığım-uğurluğum
Tökülsün bu odun üstünə.
Sarılığım keçsin sənə,
Qızıllığın mənim olsun.
Od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı gedilməsidir. Bayram tonqalını, adətə görə, çərşənbənin səhəri də o başdan qalayıb yandırar, üzərindən atlanarlar.
İlaxır çərşənbədə subay qızlar bir yerə toplaşıb maraqlı ayinlər yerinə yetirərlər. Onlar qabaqlarına içi su ilə dolu yekə bir qab qoyub başına yığışarlar. Həmin “dilək qabı”nın içinə sırğa, yaxa sancağı, üzük, başqa bəzək əşyaları atarlar. Sonra üstünü əlvan bir yaylıqla örtərlər. Qızlar ya mahnı, ya şeir, ya da haxışta oxuya-oxuya niyyət edib gözlərini yumub növbə ilə qabın içindən bir əşya çıxararlar. Götürü­lən bəzək əşyası kimindirsə, deyilən şeir, haxışta, oxunan mahnının sözləri onun sonrakı taleyinə yozular. Beləcə, qabın içindəki əşyalar qurtarana qədər bu ayin davam etdirilər.
İlaxır çərşənbənin mühüm adətlərindən biri də həmin axşamdan sonra da bayram əhval-ruhiyyəsini saxlamaqdır. Od çərşənbəsinin səhəri günü bütün el obaşdan ayağa qalxar. Hava işıqlanan kimi böyükdən-kiçiyə hamı su üstünə, bulaq başına gedər, müqəddəs saydıqları suya salam verib salavat çevirər, üstündən üç dəfə hoppanarlar. Pak çərşənbə suyundan içər, əl-üzlərini, pal-paltarlarını yuyarlar. Su qablarını çərşənbə suyu ilə doldurarlar. Bulağın içinə əl atıb bir-iki çınqıl götürüb doldurulmuş su bardaqlarının içinə atarlar. Evə qayıdıb gətirdikləri çərşənbə suyunu həyət-bacaya, meyvə ağaclarının dibinə, qapı ağzına, evin künc-bucağına səpərlər ki, aydınlıq olsun. İnanca görə, çərşənbə suyu mübarəkdir, müqəddəsdir. Bu su insanların günahlarını yuyar. Həmçinin həyət-bacadakı, evdəki natəmizliyi, uğursuzluğu, ruzisizliyi aradan qaldırar. Çərşənbə suyundan təzə gəlinlərin üzərinə səpərlər ki, uşağı tez olsun. Bu çərşənbə suyundan xəstələrə də içirərlər ki, şəfa tapsınlar, sağlıqlı olsunlar. Su üstünə getməyən uşaqları hökmən bulağa göndərərdilər, yaxud da gətirdikləri sudan onlara içirər, üstlərinə çiləyərdilər. Götürdükləri çərşənbə suyundan xəmirə (maya) tutarlar və bu xəmirəni illik saxlayardılar ki, evə ruzi-bərəkət gəlsin. Çərşənbə günü bulaqdan gətirilən suyun içindəki çınqıllar da atılmır. İçilən su qablarının içinə atılıb ta gələn axır çərşənbəyədək saxlanılar. Həmçinin səhər tezdən davarları (qoyun-quzu, keçi) çərşənbə suyuna ötürərlər ki, heyvanlar da bu saf sudan içib salamat, artımlı olsunlar.
Bu əziz günləri el gəzintidə olar. Hamı bir-birinə pay tutar, bayram donluğu aparar. Bayram günləri sübhdən hər kəs bayram görüşünə gedər. Hər kəs əzizlərini ziyarət edər. Xüsusən tayfanın ağbirçək və ağsaqqallarına baş çəkilər, onlara bayram sovqatı aparılar. Bu, elə əziz bayramdır ki, el adətincə hər kəs yad edilməlidir. İstər yaxın, istərsə də uzaq qohum və ya qonşu, dost, tanış-biliş olsun, hər evin qapısı açılmalıdır. 

Ağzı xeyir-dualı nənə-babalarımızın, ulularımızın Od çərşənbəsindən nur alan “Ocağın bərəkətli olsun!”, “Ocağın sönməsin!”, “Ocağına nur çilənsin!” alqışları bu gün də dilimizin əzbəridir. Biz də əziz bayramı­mızda bu el alqışlarına qoşularaq diləyirik ki, xalqımızın pak ruhundan od alan ocağımız daha da gur şölələnsin! Ulu Tanrı ocağımızdan odu, süfrələrimizdən ruzi-bərəkəti əskik etməsin, bütün arzu-diləklərimiz çin olsun! El-obamızda bayram, zəfər tonqalları alovlansın hər zaman! Bu bahar özü ilə xoş müjdələr gətirsin! İlaxır çərşənbəniz mübarək!

Gülnarə ABBASOVA
Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
Qıvraq qəsəbə filialının müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR