“Şərəfli zabit həyatı yaşayaraq gələcək nəsillərə örnək olmaq arzusu bu gün hər bir kursantın həyat amalına çevrilib. Hər bir gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığına görə fəxr hissi ilə özünü əsl Vətən müdafiəçisi hesab edir. Hazırda liseyin 3 mindən çox məzunu müxtəlif qoşun növlərində şərəflə xidmət edir”. Bu fikirlər Heydər Əliyev adına Hərbi Liseyin yaranmasının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra liseyin rəisi, general-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi lisey fəaliyyət göstərməyə başlayıb. Lisey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə indiyədək mühüm təşkilatlanma və inkişaf yolu keçərək möhkəm maddi-texniki bazaya malik nümunəvi hərbi təhsil müəssisəsinə çevrilib. Vətəninə, dövlətinə və xalqına sədaqətli, vətənpərvər, tam orta təhsil üzrə yüksək biliklərə malik, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirmək kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli genişləndirilib. Burada kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımi şərait yaradılıb. Təbrik oxunduqdan sonra tribuna önündən şəxsi heyətin təntənəli keçidi olub.
Nəriman Nəcəfov