Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində də böyük nailiyyətlər var: “Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla fəaliyyət göstərir. Bu dəmir yolunun gələcək fəaliyyəti barədə bu gün danışıldı. Bir önəmli sənəd də imzalandı. O da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə Naxçıvan uzun illərdir, demək olar ki, blokada, mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal edilən məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq. Beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaq. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda Naxçıvanın gələcək uğurlu inkişafı barədə də fikir mübadiləsi aparıldı. 3 il əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutulub. Buna görə də minnətdarıq. Əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaq”.