22 Dekabr 2024, Bazar

Bu mövzuda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Milli birlik – soydaşlarımızın həmrəyliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək bildirmişdir ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən bu məsələnin vacibliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması barədə təşəbbüs irəli sürmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il 16 dekabr tarixli sessiyasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası bütünlüklə milli diasporun formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yaşadıqları ölkə­lərdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülmüşdür. Nəticədə, xaricdəki həmvətənlərimiz arasında Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salmış, onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verməyə başlamışlar.

Təşkilatın sədri daha sonra bildirmişdir ki, ulu öndər Heydər Əliyevin milli birlik və Azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Bu gün Prezident cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.
Tədbirdə Kürkənd, Siyaqut, Həmzəli ərazi ilk təşkilatlarının sədrləri Elməddin Əhmədov, Çingiz Tağıyev və İsfəndiyar Hüseynov çıxış etmişlər. Vurğulanmışdır ki, milli birlik və Azərbaycançılıq ideyalarını layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR