Bu gün – fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçdi.
Bu seçim həm də fevralın 9-da keçirilən parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında ən yüksək nəticə göstərən (94,6 faiz) cənab Vasif Talıbova muxtar respublika sakinlərinin dərin inam və etimadının növbəti təzahürü kimi yadda qaldı.
Sessiyada çıxış edərək göstərilən etimada görə muxtar respublika əhalisinə və Ali Məclisin deputatlarına təşəkkürlərini çatdıran Ali Məclisin Sədri dedi ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna diqqət artırılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür”.
Təbii ki, Naxçıvanda qısa dönəmdə həyata keçirilən böyük işləri ölkəmizdə, hətta, yaxın coğrafiyada hamı görür, bilir və dəyərləndirir. Ona görə də, Ali Məclis Sədrinin ən çətin dövrlərdən – 1995-ci ildən rəhbərliyə başlamasından ötən dönəmdə Naxçıvan üçün etdiklərini qısa bir məqalədə çoxlu fakt və rəqəmlərlə sadalamaq fikrindən uzağam. Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq və sosial-iqtisadi inkişaf proqramlarını qısaca olaraq belə xarakterizə etmək olar: “Ulu öndər Heydər Əliyevin yoluna dərin sədaqətdən doğan yüksək vətənpərvərlik və idarəçilik modeli”.
Şəxsən mənim ötən 25-30 ildə gördüyüm və dərk etdiyim sadə həqiqət budur ki, cənab Ali Məclis Sədrinin vətənçilik, dövlətçilik fəlsəfəsi öz təsdiqini real və konkret işlərdə, muxtar respublika əhalisinin rahat və firavan yaşayışında tapıb. Təkcə bir faktı demək lazımdır ki, iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı son 10 ildə 17 dəfədən çox artıb. Yüzlərlə elm və təhsil müəssisəsi, o cümlədən 66 ümumtəhsil məktəbi, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilib, yüzlərlə qəsəbə və kənd mərkəzi istifadəyə verilib. Naxçıvan əvvəlki illərdə olduğu kimi, bu gün də öz inkişafına görə ölkəmizin iqtisadi rayonları arasında lider mövqedədir. Qədim diyarın enerji, ərzaq və müdafiə təhlükəsizliyi tam təmin edilib. Dövlət büdcəsinin vəsaitlərindən qanunauyğun və səmərli istifadə edilməklə ən müasir infrasturukturlar qurulub yaradılıb.
Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Cənab Vasif Talıbov həm də ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin ön sıralarında dayanmış, müdrik rəhbərin məktəbini keçmişdir. Azərbaycanda müstəqilliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycan Partiyasının, eləcə də yeni və müasir Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, Naxçıvanın ərazi bütövlüyünün qorunması kimi taleyüklü məsələlər də Ali Məclis Sədrinin möhkəm dövlətçilik fəaliyyətinin əsas konturlarıdır.
Təbii ki, burda söhbət həm də biri işğalçı Ermənistan olmaqla üç ölkə ilə həmsərhəd olan, blokadada yaşayan Naxçıvanı idarə etməkdən gedir. Bu gün kənardan baxıldığında da olduqca cazibədar və müasir inkişaf səviyyəsində görünən Naxçıvanın məhz bu mürəkkəb coğrafiyada böyük uğurlara imza atması heç kimə asan görünməməlidir... Məhz Ali Məclis Sədrinin müasir dövrün görkəmli dövlət xadimi səviyyəsinə yüksəlməsinin də kökündə bu mühüm amillər dayanır. Bu, həm də ümummilli lider Heydər Əliyevin nə qədər uzaqgörən olduğunun daha bir təsdiqidir: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
…İllərdir Naxçıvanda belə bir deviz də var: “Hər kəsə bilik və bacarığına görə iş, işinə görə qiymət”. Bu hesaba da muxtar respublikada əsasən orta təbəqə ailələrdən olan, rayon və kəndlərdə doğulub boya-başa çatan minlərlə bacarıqlı, savadlı və vətənpərvər kadrlar hazırlanaraq dövlət idarəçiliyinə gətirilib. Bununla bərabər, öz vəzifə səlahiyyətlərini aşanlara, ondan sui-istifadə edənlərə, tutduğu mövqeyə hörmət gətirməyənlərə, vəzifəni xidmət yeri yox, imtiyaz sayanlara qarşı da ciddi tədbirlər görülüb və görülməkdədir. Və atılan hər bir addım isə ilk növbədə, qədim diyarın sabitliyinə, inkişafına, xoş və firavan gələcəyinə hesablanıb.
Hər kəs əmindir ki, Prezident cənab İlham Əliyevin himayəsi və qayğısı, Ali Məclis Sədrimizin rəhbərliyi ilə qədim diyar bundan sonra da inkişaf edib çiçəklənəcək. Cənab Sədrimiz sessiyadakı çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin bu fikirləri ilə tamamladı:
“Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.
Seçimin mübarək, uğurların bol olsun, Ulu diyar!
Sahil Tahirli
Naxçıvan televiziyası