23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanət və mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həm də həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verir. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə böyük ehtiramla yanaşır.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda da qadın əməyinə yüksək qiymət verilir, müxtəlif sahələrdə onların uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bütün dövlət strukturlarında olduğu kimi, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrük orqanlarında da qadın əməkdaşların sayının ildən-ilə artması onların cəmiyyətimizdə fəal iştirakına göstərilən böyük etimaddan xəbər verir. Bu gün muxtar respublika gömrük orqanlarında 50 rütbəli qadın əməkdaş xidmət edir ki, onlardan da 30-u gəncdir.
Qeyd edək ki, ulu öndərimizin 1992-ci il 24 fevral tarixli Qərarı ilə yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi doğma diyarımızın iqtisadi təhlükəsizliyinin qorunmasına, xarici ticarət əlaqələrinin inkişafına xidmət edir.

Komitədə uğurlu fəaliyyəti ilə seçilən qadın gömrükçülərimizin bir neçəsi ilə söhbətimiz oxucularımız üçün də maraqlı olar.
Gömrük xidməti mayoru Nüşabə Sadıxova 1989-cu ildən Culfa gömrük sərhəd-buraxılış məntəqəsində xidmət edir. Bu illər ərzində Naxçıvan gömrüyünün keçdiyi inkişaf yolunun canlı şahididir.
Söhbət zamanı deyir: – Culfa gömrüyünün 190 ildən artıq yaşı vardır. Tarixən bu yerlərdə həmişə ticarət, gediş-gəliş olub. Gömrük orqanlarında xidmətə başladığım illər doğma Naxçıvanımız üçün çox ağır, məşəqqətli illər idi. Ancaq buna baxmayaraq, sanki hamının içində bir ümid işığı vardı. O işığı ümummilli liderimiz Heydər Əliyev yandırmışdı. İndi bu gözəl, firavan, azad, müstəqil günlərdən dönüb o illərə baxanda adam istər-istəməz qürur hissi keçirir.
Bu gün gömrük orqanlarında xidmət etmək, gömrükdən rahat, təhlükəsiz gediş-gəliş üçün hər cür şərait vardır.
2012-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Naxçıvanda ilk gömrük laboratoriyası istifadəyə veriləndən sonra bu sahədə işlə təmin olunan gənc mütəxəssislərdən biri də gömrük xidməti kapitanı İnci Hüseynlidir. Gömrük orqanlarında uğurla xidmət edən bu xanım Naxçıvan Gömrük Ekspertizası İdarəsinin Ekspertiza şöbəsinin rəisi vəzifəsində çalışır. Ailəlidir. Deyir ki, adamın evində xoşbəxtlik, hüzur olanda, işində də uğur olur. Həm evimizdə, həm də iş yerimizdə yaradılan şərait belə deməyə əsas verir:
– Dövlət qayğısı hesabına dünyanın bir çox nüfuzlu firmalarının istehsalı olan avadanlıqlarla təchiz edilən gömrük laboratoriyası ölkə üzrə akkreditasiyadan keçib və ən yüksək standartlara cavab verir. İndi beynəlxalq akkreditasiyadan keçmək üçün lazımi işlər görülür. Belə olanda apardığımız analizlərin nəticələri başqa ölkələrdə də tanınacaq.
Son illər əldə olunan nəticələrə əsasən deyə bilərik ki, Naxçıvan gömrük laboratoriyası, əsasən, qida təhlükəsizliyi üzrə ixtisaslaşıb. Malların keyfiyyət göstəricilərinin yoxlanılması spektrometriya, xromatoqrafiya, atom-adsorbsiya və fiziki-kimyəvi analizlər üzrə aparılır. Məqsədimiz muxtar respublikamızın təhlükəsiz qida məhsulları və digər keyfiyyətli mallarla təmin olunması işinə töhfə verməkdir.
– Laboratoriya işi elədir ki, gərək daim öz üzərində çalışasan, müasir texnologiyanı, yenilikləri öyrənəsən. Dövlətimizin bu sahəyə diqqət və qayğısı, göstərilən etimad məsuliyyətimizi daha da artırır, – deyən İnci Hüseynli müxtəlif ölkələrdən, o cümlədən qardaş Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə keçirilən ixtisasartırma kurslarının, seminarların muxtar respublikamızda gömrük ekspertizası işinin günün tələbləri səviyyəsində qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edir.
Gömrük xidməti kiçik leytenantı Turac Budaqlı Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində xidmət edir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, ixtisasca hüquq­şünasdır. Gömrük orqanlarına xidmətə qəbulla bağlı ötən il keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanaraq xidmətə qəbul olunub. Komitədə təşkil olunan ixtisas­artırma kurslarında nəzəri biliklərini təkmilləşdirməklə yanaşı, gömrük işinə dair praktik biliklərə də yiyələnib, gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemindən istifadəni öyrənib.
Kəngərli rayonunun Təzəkəndində yaşasa da, xidmət yerinə gedib-gəlmək digər həmkarları kimi onun üçün də rahatdır. Gömrük orqanlarının istifadəsinə verilmiş müasir avtobuslar əməkdaşları vaxtlı-vaxtında xidmət yerinə çatdırır.
Həmsöhbətimin dediklərindən: – Sevindirici haldır ki, muxtar respublikamızın hər bir guşəsində aparılan çoxşaxəli abadlıq-quruculuq işləri gömrük sistemini də əhatə edir. Bu məqsədyönlü tədbirlərin davamı olaraq Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün də modern kompleks tikilir. Muxtar respublikamızın Avropaya açılan qapısında müasir infrastrukturun yaradılması xidmətin səviyyəsini yüksəldəcək, gömrük keçidi daha rahat və asan olacaqdır.
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi 24 saat fəaliyyət göstərir, gecə növbəsi sizi yormur ki? – sualımıza Turac xanım belə cavab verir: – Mən peşəmi sevib, seçib bu sahəyə gəlmişəm. İşimizin məsuliyyətini dərk edirik, ölkəmizin, muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunması, daxili bazarın qorunması, qaçaqmalçılığa qarşı mübarizə sahəsində üzərimizə düşən vəzifələri səylə yerinə yetirməyə çalışırıq. Bu mənada, biz də bu xalqın əsgərləriyik. Vətənə, millətə, dövlətə xidmətin gecəsi, gündüzü olmaz.
Bəli, bu gün bir daha şahid olduq ki, bütün sahələrlə yanaşı, gömrük orqanlarında qazanılan uğurlarda qadınlarımızın da fədakar əməyi, böyük zəhməti vardır. İnanırıq ki, üzərlərindəki sosial yükün ağırlığına baxmayaraq, dövlət işlərində, xüsusilə də hüquq-mühafizə orqanlarımızın sıralarında fəaliyyət göstərən xanımlarımız bundan sonra da ölkəmizin, o cümlədən doğma Naxçıvanımızın inkişafına, qüdrətlənməsinə, həmçinin ailə dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına öz töhfələrini verəcəklər.

Rahil TAHİRLİ
 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR