“Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən Ali Məclis Sədrinin fəaliyyət proqramı sayəsində bu gün qədim yurd yerinin hər bir yaşayış məntəqəsi öz inkişafı ilə nümunə gücündədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”. Bəli, Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilib, muxtar respublika ulu öndərimizin arzuladığı, görmək istədiyi kimi qurulub. Bütün bunlara isə cəmi 25 il ərzində nail olunub.
* * *
Bu illər ərzində 22 kənd və 1 şəhəri əhatə edən Culfa rayonu da, demək olar ki, başdan- başa yenidən qurulub. Bu istiqamətdə rayonun bütün kəndlərində kompleks quruculuq işləri aparılıb, 16 kənd mərkəzi, 13 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 14 xidmət mərkəzi istifadəyə verilib. Kəndləri magistrala birləşdirən yollara asfalt örtük verilib, insanların müxtəlif ünvanlara gediş-gəlişi asanlaşıb, həyata keçirilən tədbirlərlə kəndlərimizə şəhər mədəniyyəti gətirilib.
Digər rayon mərkəzlərində olduğu kimi, burada da ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt Culfa şəhərinin ən gözəl ünvanıdır. Prospekt boyu səliqə-sahman, görülmüş abadlıq işləri göz oxşayır. Məlumat üçün bildirək ki, rayonun əksər idarə, müəssisə və təşkilatları bu ünvanda yerləşir. Həmin təşkilatlarda çalışan işçilər üçün hərtərəfli şərait yaradılıb. Şəhər mərkəzindəki digər küçələrdə də son illərin quruculuq ərməğanları, salınmış rahat yollar, parklar, yaşayış binaları, bazar, ticarət mərkəzi qədim Culfa şəhərinə müasir görkəm bəxş edib.
Bu gün rayonun hər bir sakini iftixar hissi keçirir ki, bütün bu yaradılanlar, qurulanlar, abad guşələr uğurla aparılan quruculuq siyasətinin layiqli töhfələridir. Bu tədbirlər sayəsində 47 mindən çox əhalisi olan Culfa müasir Azərbaycan rayonuna çevrilib. Məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilib. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, mövcud yaşayış binalarının və infrastruktur obyektlərinin əsaslı təmirinə şərait yaradıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 876 min 600 manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin həcmi 37 milyon 175 min 600 manat olub.
Bəhs olunan dövrdə Ərəfsə kəndində tarixi körpünün bərpası başa çatdırılıb, Yaycı kəndində yeni ticarət mərkəzi istifadəyə verilib, Bənəniyar və Xanəgah kəndlərində 3 çörək istehsalı, Camaldın kəndində 1 priket istehsalı, Kırna kəndində 1 mebel yığımı, Yaycı kəndində isə dəmir qapı istehsalı sexləri yaradılıb, həmçinin Bənəniyar kəndindəki mövcud polietilen sexində yeni avadanlıqlar quraşdırılaraq sexin istehsal gücü artırılıb.
Rayon mərkəzindəki Heydər Əliyev prospektində əsaslı təmir və yenidənqurma işləri, Culfa şəhərində yanacaqdoldurma məntəqəsi və maye qazdoldurma stansiyasının tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin vaqon təmiri sexinin, inzibati binasının tikintisi və yenidən qurulması davam etdirilib. Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin, Rabitə İdarəsinin, Təhsil Şöbəsinin inzibati binalarında tikinti və yenidənqurma işləri aparılıb, Qazançı kəndində yeni məscid binasının tikintisi davam etdirilib. Bundan əlavə, Culfa şəhəri və ətraf kəndlərin içməli su təchizatı, həmçinin kanalizasiya sistemlərinin yenidən qurulması, kəndlərdə kaptajların əsaslı şəkildə təmir olunması, şəhərdəki həcmi 5 min kubmetr olan 2 su anbarının tikintisi, yeni suvarma şəbəkələrinin qurulması, Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz, ekoloji cəhətdən təmiz suyun verilməsi rayonda bu sahəyə göstərilən diqqətin təzahürüdür.
Bu tədbirlər mənzil-kommunal təsərrüfatı sektorunda da həyata keçirilib. Belə ki, xidmətlərin yaxşılaşdırılması, istismarda olan binaların cari və əsaslı təmiri üzrə görülən işlər nəticəsində Culfa şəhərinin Məmməd Əsgərov küçəsində yeni mərkəzləşdirilmiş qazanxana binasının tikintisi, 42 nömrəli yaşayış binasının əsaslı təmiri və həyətinin abadlaşdırılması davam etdirilib. Mehdi Hüseynzadə küçəsindəki 28 nömrəli 36 mənzilli yaşayış binasının əsaslı təmiri və həyətinin abadlaşdırılması, Heydər Əliyev prospektindəki Şəhidlər xiyabanının yenidən qurulması başa çatdırılıb.
İçməli su xətlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, kəndlərdəki içməli su xətlərinin, ümumilikdə, 7600 metrində təmir-bərpa işləri aparılıb, su kaptajlarının 720 metrində təmir və lildən təmizləmə işləri həyata keçirilib. 19 evə yeni içməli su xətti çəkilib, həmçinin 11 ədəd istifadəyə yararsız hala düşmüş su sayğacı yenisi ilə əvəzləşdirilib.
Bu dövrdə meliorasiya işləri də diqqət mərkəzində saxlanılıb. Nasos stansiyalarındakı 4 nasos, 2 nasos aqreqatı əsaslı təmir edilib, 1968 metr suvarma su şəbəkəsi quraşdırılıb, 7275 metr suvarma xəttində təmir işləri aparılıb, 200 metr drenaj qazılıb. Bu dövrdə Yaycı “Daşarx” kanalının 800 metrlik hissəsinin istiqamətinin dəyişdirilməsi işləri başa çatdırılıb.
* * *
Culfa kənd təsərrüfatı rayonudur. Tarixən burada əhali müxtəlif təsərrüfat sahələri ilə məşğul olub. Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb. Bəhs olunan dövrdə təsərrüfatın müxtəlif sahələri ilə məşğul olan insanlara güzəştli kreditlərin verilməsi torpaq mülkiyyətçilərini daha da ruhlandırıb. Məhsul istehsalçılarına güzəştli şərtlərlə 959 min 850 manat dəyərində 1465 ton mineral gübrə, əkinçiliyin və heyvandarlığın inkişafı üçün 52 min manat kredit verilib.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 13 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildə əkinçilik sahəsi üzrə 1326 nəfər istehsalçıya yanacaq və motor yağlarına görə 571 min 90 manat dövlət yardımı verilib, 50 faizi güzəştli şərtlərlə olmaqla, 959 min 850 manat dəyərində 1465 ton mineral gübrə satılıb. Bütün bunlar rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafında əsaslı rol oynayıb. 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında və 2019-cu ilin yazında 8053 hektar sahədə əkin aparılıb.
2019-cu ildə 7066 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahələrindən 15 min 712 tonu buğda, 3281 tonu arpa, 1650 tonu dənli-paxlalılar olmaqla, 20 min 643 ton məhsul yığılıb, 3045 ton kartof, 41 ton qarğıdalı, 38 ton günəbaxan tədarük edilib.
Rayonun taxılçıları ötən ilin payızında 2020-ci ilin məhsulu üçün 6213 hektarı buğda, 1246 hektarı isə arpa olmaqla, ümumilikdə, 7467 hektar sahədə payızlıq səpin aparıblar.
Təbii-coğrafi şəraiti Culfada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün də geniş imkanlar yaradır. Bu sahənin inkişafı ilə bağlı 2016-cı il fevralın 8-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində 2019-cu ildə rayonda 364 hektar sahədə tərəvəz, 130 hektarda bostan bitkilərinin əkini həyata keçirilib, yeni meyvə və üzüm bağları salınıb, Kırna və Gülüstan kəndlərində tingçilik təsərrüfatları yaradılıb.
Görülən tədbirlər məhsul istehsalının artması ilə nəticələnib. 2019-cu ildə rayonda 4680 ton tərəvəz, eləcə də 1890 ton bostan məhsulları, həmçinin barverən bağlardan 3254 ton meyvə, 6234 ton üzüm tədarük edilib. Onu da xüsusi qeyd edək ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da ailə təsərrüfatlarının yaradılması və onların fəaliyyətinə qayğı göstərilməsi diqqət mərkəzindədir.
Ötən il də ekoloji tarazlığın qorunması məsələlərinə rayonda ciddi önəm verilib, yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, 14,7 hektar sahədə yeni yaşıllıqlar salınıb, 8,3 hektar mövcud yaşıllıq sahəsində meşəbərpa işləri aparılıb. Bu dövrdə 12 min 415 meyvə, 1560 meşə, 1979 həmişəyaşıl ağac və 1015 ədəd gül kolu əkilib.
* * *
Bu gün muxtar respublikamızda təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi yeni mərhələyə qədəm qoyub. Ən ucqar kəndlərdə belə, təhsil müəssisələri üçün yeni binalar tikilir, onların maddi-texniki bazası gücləndirilir. Culfa rayonunda da təhsilə göstərilən dövlət qayğısı sayəsində indiyədək 26 tam orta məktəbdən 24-ü yenidən tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir tələblərə cavab verən təhsil ocaqlarının yaradılması, onların yeni avadanlıqlarla təmin edilməsi gənc nəslin hərtərəfli biliyə, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik yetişməsinə şərait yaradır. Culfa rayonunda bu istiqamətdə də uğurlu nəticələr qazanılıb. Təkcə ötən tədris ilində 279 nəfər ali məktəblərə sənəd verib, onlardan 177-si, yaxud 63,4 faizi tələbə adını qazanıb.
Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da səhiyyənin inkişafı, eləcə də əhalinin sağlamlığı naminə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Ucqar dağ kəndlərində istifadəyə verilən feldşer-mama məntəqələri, həkim ambulatoriyaları, sosial layihələr çərçivəsində görülən işlər göstərilən qayğının ən bariz nümunələridir.
Rayonun bütün yaşayış məntəqələrində yaradılmış şəraitin, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Culfa turistlərin ən çox üz tutduğu ünvanlardan birinə çevrilib. Xanəgah Abidə Kompleksi, Gülüstan türbəsi, Qazançı körpüsü, Daş körpü, Əlincəqala kimi tarixi-mədəni abidələrimiz də diqqət və qayğıdan kənarda qalmayıb. Onlara yeni həyat verilib, yenidən elmi əsaslarla bərpa olunaraq xalqımıza qaytarılıb. Tarix yenidən yazılıb... Bəli, bu gün zirvəsində məğrur-məğrur dalğalanan üçrəngli Azərbaycan bayrağı ilə Əlincəqala hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
Rayonda həyata keçirilən quruculuq və iqtisadi siyasət davamlı inkişafa, firavan həyata gətirib çıxarıb. Bütün bu misilsiz nailiyyətlər Heydər Əliyev siyasi kursunun muxtar respublikamızda yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Bu gün hər bir culfalı müstəqil və inkişaf etmiş bir rayonda yaşadığı üçün müasir Naxçıvanın QURUCU Rəhbərinə sonsuz minnətdarlığını bildirir.
Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru