23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır. Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə olunmasına öz töhfəsini verən Sədərək rayonunun yaranmasının bu il 30 ili tamam olur. Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar dağ silsilələri ilə əhatələnən Sədərək ərazisi iki xarici ölkə ilə – Türkiyə və Ermənistanla həmsərhəddir. Rayon özündə bir qəsəbə, üç kəndi birləşdirir.

 Qədim yurd yerimiz

“Naxçıvan Ensiklopediyası”nda qeyd olunur ki, Sədərək Naxçıvan ərazisində Eneolit dövrünə aid yaşayış məskənlərindən və mədəniyyət ocaqlarından biridir. 1958, 1978, 1983 və 2000-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı burada Eneolit və İlk Tunc dövrlərinə aid yaşayış yeri aşkar edilib. Əldə olunan əmək alətləri, keramika məmulatları və digər maddi mədəniyyət nümunələri hazırda Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasını bəzəyir. Sədərək ərazisində bu günə qədər “Əjdəkan”, “Cin təndiri”, “Cəhənnəm dərə”, “Şir arxı”, “Dəhnə”, “Qaraburun”, “Qırmızılar”, “Karvansaray” kimi qədim yer adlarının olması bu yurd yerinin tarixi keçmişindən soraq verir. Əjdəkan dağının ətəyində yerləşən Əjdəkan mağarası, bir qədər aşağıda 7 ildən bir qaynayıb çıxan Cincili bulaq, insanların tez-tez ziyarət etdikləri Ağoğlan piri, Sədərək qalası, “Div hörən” deyilən siklop tikili qalıqları haqqında dolaşan əfsanə və rəvayətlər bu gün də elin yaddaşındadır. Həmçinin Sədərək qəbiristanlığında XVIII-XIX əsrlərə dair məzar kitabələri mövcuddur ki, bu da ta keçmiş zamanlardan türklərin həmin ərazidə məskunlaşdığını göstərir. Ümumilikdə, Sədərək bölgəsində 3 dünya, 11 ölkə, 14 yerli əhəmiyyətli tarixi abidə mövcuddur. Ərazidə XX əsrin əvvəllərinə aid edilən hamam, 2 tarixi məscid binası burada həm də memarlığın tarixi inkişafından xəbər verir. Tarixi qaynaqlarda sədərəkli memar Məhəmmədin, Təqi oğlu Məşədi Əhmədin adları keçir.
2010-cu ildən arxeoloji tədqiqatlara cəlb edilən Sədərək yaşayış yeri Eneolitdən Son Dəmir dövrünə və orta əsrlərədək böyük bir dövrü əhatə edir. Abidə xalq arasında Kültəpə, şəhər yeri adları ilə də tanınır. Ərazidə əmək alətləri, eləcə də Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları üstünlük təşkil edib.
Səfəvilər dövründə Sədərək Naxçıvanın digər bölgələri ilə birlikdə Çuxursəd bəylərbəyliyinin tərkibində olub. Ticarət-karvan yollarının kəsiş­diyi yerdə yerləşən Sədərək orta əsrlərdə şəhər səviyyəsinə yüksəlib. Fransız səyyahı Jan Şarden, türk səyyahı Övliya Çələbi və digərləri öz qeydlərində Sədərəkdən də bəhs ediblər. “İrəvan əyalətinin icmal dəftəri”ndə Sədərək nahiyəsinin 24 kənddən ibarət olduğu qeyd olunub.

Qədim tarixə malik olan Sədərəyin adına “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Tədqiqatçılar dastandakı Səgrək adının toponimləşərək Sədərək oykoniminə çevrildiyi qənaətindədirlər. “Sədərək” sözünün etimologiyasının “Çox adam yaşayan yer” mənasını bildirən “Sedrək”, ərəbcə “düşərgə” mənasını ifadə edən “Sədər”, XIV əsrdə bu ərazilərdə yaşamış “Səədli” tayfasının adları ilə əlaqəli olduğunu iddia edənlər də var. İstənilən halda Sədərək qədim oğuz-türk yurdudur və bunu sübut edən tarixçilərin kifayət qədər ortalığa çıxardığı faktlar mövcuddur.
Bu torpağın yetirməsi, mərhum şairimiz Vaqif Məmmədovun təbirincə desək:

Tarix hopub bu yerdə hər kəlməyə,
Qarışında neçə nağıl, söz olar.
Sədərəyin tarixini bilməyə
İnsan üçün bir ömür də az olar.

Üzümçülüyün məskəni

Sədərəklilərin əsas məşğuliyyətini tarixən əkinçilik təşkil etsə də, sonralar təsərrüfatlarında üzümçülük də yer alıb. Bu barədə faktları Övliya Çələbinin “Səyahətnamə”sindən oxuyuruq: “Biz Sədərək kəndinə çatdıq. Naxçıvan torpağında yerləşən kənd gözəl və abaddır, min gözəl evi, saysız-hesabsız bağ və üzümlükləri, xoş iqlimi var”. Sovetlər dönəmində ən gözəl şərab emalı mərkəzlərindən biri məhz Sədərək hesab olunub. Bu yerin bol bəhrəli üzüm bağları 3 şərab emalı sahəsinin inkişafına rəvac verib.

Hələ 1974-cü ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illiyi tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn ümummilli lider Heydər Əliyev Sədərəkdə olmuş, yeni salınmış üzüm bağlarında kənd əməkçiləri ilə görüşmüşdür. Ulu öndər Sədərək ərazisindən səmərəli istifadə olunması, üzümçülük təsərrüfatının genişləndirilməsi, Ermənistanla lap sərhəddə şərab zavodunun tikilməsi tapşırıqlarını vermişdir. Azərbaycan KP MK-nın birinci katibi, görkəmli dövlət xadimi Heydər Əliyev 1977-ci ildə Bakıda kənd əməkçilərinin respublika müşavirəsindəki nitqində Azərbaycan üzrə ən yüksək göstəricilərə nail olan 10-12 təsərrüfatın sırasında Sədərək üzümçülük sovxozunun da adını çəkir, Süleyman Nəsirovun sovxozdakı briqadasını Azərbaycanda üzümçülüyün mayaklarından biri kimi qiymətləndirir. 70-ci illərin sonlarına doğru Sədərək nəinki muxtar respublikanın, hətta ölkənin ən iri və diqqət mərkəzində olan üzümçülük təsərrüfatı məkanlarından birinə çevrilir.
1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi 2-ci dəfə Naxçıvana gələn ulu öndər Sədərəklə Ermənistan arasındakı boş ərazidə əhali ilə görüşür. O, kənd ağsaqqallarına, ziyalılara Sədərək üçün gələcəkdə görüləcək işlər barədə, xüsusilə burada salınacaq nümunəvi yaşayış qəsəbəsindən bəhs edir. Elə oradaca Naxçıvan-İrəvan magistralının üstündə salınacaq bu qəsəbənin proyektinin Pribaltikadan gətirilməsi barədə tövsiyə və tapşırıqlarını verir.
Beləliklə, sərhəddəki boş ərazidə görkəmli dövlət xadiminin şəxsi təşəbbüs və qayğısı ilə Pribaltika layihəsi əsasında nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki yüzə yaxın ailə həmin qəsəbəyə köçürülür. Ən əsası isə düşmənə gözdağı olan bu qəsəbənin salınması ilə sərhəd bir qədər də möhkəmləndirilir…
1980-ci il may ayının 19-da yenə İrəvandan avtomaşınla Naxçıvana gələn ümummilli lider Sədərəyin bir çox əkin sahələrində olmuş, əməkçilərlə və kənd ağsaqqallarının nümayəndələri ilə görüşüb kəndin problemləri ilə bağlı söhbətlər aparmışdı. Dahi rəhbərin Naxçıvana və Sədərəyə hər gəlişi bu qəsəbənin inkişafına stimul vermişdir.
Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sərhəddə inşa edilən və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutan şərab emalı zavodu fəaliyyətini davam etdirir. Ta ermənilər bu zavodu dağıdana qədər...
Atalar yaxşı deyib: “Dişin ağrıyır, çək qurtar, qonşun pisdir, köç qurtar”. Üzqarası olan bu ermənilərlə nə istəyərəkdən qonşu olmuşuq, nə də xəritədə tarixən yerləşdiyimiz ərazilər yanaşı olub. Fakt budur ki, tarixi saxtalaşdırmaqda mahir olan ermənilər zamanla torpaqlarımıza yerləşdirilib. Özlərini məzlum və zavallı xalq, mehriban qonşu kimi göstərməyə müvəffəq olan bu toplum yerləşdikdən sonra öz coğrafiyalarını genişləndirməyə, yerlərini bərkitməyə nail olub. Və beləliklə, tarixi torpaqlarımıza sahibləniblər. Çar Rusiyasının yarı köçürülmə, yarı qəsbkarlıq siyasəti nəticəsində Sədərəyin ta yaxınlığınacan gəlib çıxa biliblər.

Lakin bu, digər qonşuluqlara bənzəməz. Torpağı nə pay vermək olar, nə də tərk etmək. 1990-cı il Sədərək hadisələri nəinki Sədərəyin, Azərbaycanın tarixində mühüm bir səhifəni təşkil edir. Lakin gəlin görək ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdənmi başladı? – Xeyr. Bunun tarixi kökləri keçmişə dayanır. Və erməni fitnəkarlığı zamanla özünü büruzə verib. 1905-1907, 1918-1920-ci illərin o ağır, qanlı-qadalı günləri Sədərəkdən də yan keçməyib.
1918-1920-ci illərdə Sədərək əhalisinin erməni daşnaklarına qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş “Qırmızı Tabor”un böyük xidmətləri olub. Onun əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Taborun üzvlərindən 40 nəfəri sədərəkli olub. Onlardan Həsən Şahverdiyev, Heydər Heydərov, Müseyib Tarverdiyev, Ələkbər Sadiqov, Nəcəf Əliyev, Qafar Əliyev, Qasım Hüseynov, Allahverdi Cəfərov, Zeynalabdin Həsənov, Yusif Əliyev, Məhəmməd Əkbərov, Həbib Bağırovun adlarını çəkmək olar. Bu igidlərlə yanaşı, Zəhra Dünyamalıyeva adlı qadın da olub. Ermənilərə olan nifrətini silaha sarılaraq mübarizə aparmaqla ifadə edib. Kişi libasında kişi kimi döyüşüb.
Həmin dövrlərdə Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmırdı. “Qırmızı Tabor”un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində düşməni geri oturtmuş və bu döyüşlərdə böyük qəhrəmanlıq nümunəsi göstərərək yurdu qorumuşlar. 1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur, Şərur və digər yerlərin erməni daşnaklarından təmizlənməsində fərqləndiklərinə görə “Qırmızı Tabor”un “Qırmızı Bayraq” ordeni ilə təltif olunmuş 19 döyüşçüsünün 4 nəfəri sədərəkli olub: Qasım Hüseynov, Nəcəf Əliyev, Qafar Əliyev, Ələkbər Sadiqov.
“Qırmızı Tabor”un fəal üzvlərindən olan Sədərək taborunun komandanı Həsən Şahverdiyev 17 nəfərlə kəndi mühafizə ediblər. Bununla belə, Sədərəyin bu qəhrəman oğlu həmkəndlilərinin yaddaşında xeyirxah əməlləri ilə də qalıb. Belə ki, 1929-cu ildə onun təşəbbüsü ilə dağlardan daş daşınaraq çətinliklə də olsa, 4 sinifli məktəb tikilib.

Köç

Beləliklə, zaman “mehriban qonşuluğ”un əsl iç üzünü ortalığa qoydu. Erməni fitnəkarlığı illər sonra yenə də özünü göstərdi. Yenə qəfil hücum, yenə hiylə, yenə əsassız torpaq iddiası...
Şair-publisist Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabından oxuyuruq: “Şərurdan Sədərəyə gəlirdik. Dəmirçi kəndinin yaxınlığında gözləmədiyimiz və o vaxta qədər görmədiyimiz çox böyük bir maşın karvanı ilə rastlaşdıq. 150-200 yük maşınından ibarət bu karvanla Ermənistanda yaşayan azərbaycanlılar köçürülür... Ən daşqəlbli adam da bu mənzərəni, bu faciəni görsə, dəhşətə gələr (21 noyabr 1988-ci il)”.

Bu faciə tarixin müxtəlif dönəmlərində yaşanıb. Bəhruz Kəngərlinin 1918-1920-ci illərdə yaratdığı “Qaçqınlar” silsilə əsərlərində əks olunub. Sovet dövründə də bu hadisə təkrarlanıb. 1948-1953-cü illər deportasiya tarixinə nəzər salmaq kifayətdir ki, minlərlə insanın acı taleyini təsəvvür edəsən. İ.Stalinin SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarında göstərilir ki, “könüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Məqsəd Ermənistandan, daha doğrusu, əzəli ata-baba yurdlarımızdan azərbaycanlıları təmizləmək, ərazini erməniləşdirmək idi. Ermənilərin digər planı “Böyük Ermənistan”a Naxçıvanı da daxil etmək olub. Lakin illərlə planlarını gerçəkləşdirə bilməyən ermənilər şanslarını bir də ötən əsrin 90-cı illərində sınamağa başladılar. İşğalçılıq planlarını sərhədboyu həyata keçirməyə cəhd edən ermənilərdən ən böyük zərbəni Sədərək aldı. 14 dəfə düşmənin qəfil hücumu ilə ciddi dağıntılara məruz qaldı. 

Kərkini niyə itirdik?

Bu suala cavab tapmaq üçün tarixi vərəqləmək lazım gəlir. Sədərəyin bir parçası olan Kərki ermənilərin zaman-zaman həyata keçirdikləri məkrli planların qurbanı idi. Və bu, 1990-cı ildə tam reallaşdı.
Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən, 960 hektara yaxın ərazini əhatə edən yaşayış məskənində “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlər də bu torpağın qədim tarixinin nişanələrindəndir. Lakin bu nişanələri saxtalaşdırmaq, mənimsədikləri digər Azərbaycan torpaqlarıtək Kərkini əldə etmək kimi məkrli planlar həyata keçirməkdə usta olan ermənilər bu istəklərinə də elə addım-addım yaxınlaşdılar.
Tarixçi-alim Vaqif Məmmədov yazır: “Hələ Azərbaycan Demokratik Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz hakimiyyətlərini qurmağa səy etdikləri bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib Naxçıvanı ələ keçirmək, öz ərazilərini bu torpaqlar hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi öz sözünü layiqincə dedi”.

1921-ci il 16 mart tarixdə Mos­kva, həmin il oktyabr ayının 13-də isə Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqavilələrində adıçəkilən, eyni zamanda Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq dərəsi”, “Cəhənnəmdərə”, “Qara­ağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” adlı yerlər də Azərbaycan ərazisi olub.
Lakin ermənilərin uzun illərboyu keçmiş SSRİ məkanında apardıqları xəyanətkar siyasətin nəticəsi olaraq heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli Qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Nəticədə, azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Bütün bunlar azmış kimi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndi ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü.
1989-cu ildən gözdənuzaq, könüldəniraq qalan Kərkinin başını qara buludlar aldı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən Kərkiyə Qaraağac-Cəhənnəmdərə istiqamətindən yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərə kərkililərlə birlikdə kəndin keşiyini çəkir, səhər geri qayıdırdılar. Vəziyyət o yerə çatmışdı ki, Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdılar. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış ermənilərlə döyüşən Kərkinin müdafiəçilərinin bütün səylərinə baxmayaraq, rus hərbçilərinin əli ilə Azərbaycanın qədim torpağı, Sədərəyin bir parçası olan Kərki ermənilərə “ərməğan” edildi.

Sədərək necə qorundu?

Sədərək 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb, buraya 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Düşmənin məkrli planı, güclü texnika ilə qəfil hücumları və buna hazırlıqlı olmayan sədərəklilər. Hələ 1988-ci ildən başlayan hadisələr, silahlı hücumlar 1990-cı ildə kulminasiya nöqtəsinə çatdı.
Erməni-rus hərbi birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, şimal-şərq istiqamətindən Sədərəyə tərəf xeyli irəliləyə bilmiş, Əjdəkan, Cin təndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi bir növ mühasirə vəziyyətinə salmışdılar. Beləcə, Sədərək ağır sınaqla üz-üzə qaldı.
Bütün bu çətinliklərə baxmayaraq, Sədərəkdə həyat yenə də öz axarında davam edirdi. 1990-cı il 19 yanvar tarixdə səhər saat 11 radələrində eşidilən atəş səsləri ilə məktəbdə dərslər dayandırılır. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər köməyə gəlirlər. Sədərəklilər və Naxçıvanın müxtəlif bölgələrindən – Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən və digər kəndlərdən Sədərəyin köməyinə gələn el oğulları birləşərək öz sinələrini düşmənin önündə sipər edir, “öldü var, döndü yoxdu”, – deyirlər. Və Sədərək həmin gün ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.
Səhər saatlarında daha ağır bir xəbərlə üz-üzə qalır sədərəklilər. Paytaxt Bakı şəhərində baş verən 20 Yanvar faciəsi hər kəsi sarsıdır. Lakin geri dönüş yoxdur. Özündə güc və iradə tapmaq, düşmənin illərdir, həsrətində olduğu Naxçıvan arzusunu gözündə qoymaq uğrunda mübarizə əzmi Sədərəyi Naxçıvanın müdafiə qalasına çevirir. Əli silah tutan hər kəs ayağa qalxır. Qadınlar, qocalar, uşaqlar kənddən çıxarılaraq yaxınlıqdakı Dəhnə adlı ərazidə müvəqqəti olaraq çadırlarda yerləşdirilir. 1 nömrəli məktəb boşaldılaraq hərbi kazarmanın ixtiyarına verilir. Hətta yuxarı sinif şagirdləri də gücləri çatan qədər kömək etməyə başlayırlar. Məktəbli uşaqlar dağlarda vuruşanlara çörək və su daşıyır. Naxçıvanın bütün kəndlərindən dəstə-dəstə könüllülər gəlir Sədərəyin köməyinə...
1990-cı il iyul ayının 22 -də Naxçıvana gələn ulu öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gedir. Burada baş verən hadisələrdən, azğın ermənilərin Sədərək üzərinə hücumlarından danışaraq əhalini daha dözümlü və əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir.
29 avqust 1990-cı ildə Sədərək rayonunun yaradılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı çıxır. Qeyd edək ki, o vaxta qədər Sədərək kəndi Şərur rayonunun tabeliyində olub və rayonun yaradılmasında məqsəd bu bölgənin müdafiəsini və inkişafını gücləndirməyə xidmət edib. Daim sədərəklilərin yanında olan dahi rəhbər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati ərazi bölgəsində dəyişiklik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli Qərarı da dahi şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi.
18 may 1992-ci il... Strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Ermənilərin digər planı ilə həmin gün Sədərək səddi də yarılmalı idi. Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən – Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək nəyin bahasına olursa-olsun rayonu işğal etmək qərarına gəlmişdilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Yaralıların sayı isə bundan da çox olur. Mildə şəhid olanlardan 17 nəfərin nəşini götürmək mümkün olmur. Qəhrəman şəhidlərimiz ulu öndər Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Görkəmli dövlət xadimi Heydər Əliyev həmin ağır günlərdə Sədərəyin müdafiəsində yaralananların da taleyinə bir an belə biganə qalmır, onların müalicəsi ilə maraqlanır, ağır yaralıların qardaş Türkiyənin müxtəlif şəhər xəstəxanalarına göndərilməsi üçün ciddi tapşırıqlar verir.
1992-ci il mayın 28-i həm də əlamətdar bir hadisə kimi tarixə düşür. Həmin gün Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilir. Körpünün açılışında Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak edirlər. Təbii ki, bu xəbər pusquda duran ermənilər üçün sarsıdıcı zərbə olur.
1993-cü ilə qədər davam edən müharibədə naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Sədərəyi mərdliklə qorumağa müvəffəq olurlar. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bu müharibədə 109 nəfər şəhidlik zirvəsinə yüksəlir.
İllər sonra
Ümummilli lider 2002-ci ilin avqust ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayon zəhmətkeşləri ilə görüşündə əvvəlki illəri belə xatırlayır: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm”.
Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sədərək rayonu ərazisində salınan 71 ailədən ibarət nümunəvi qəsəbə ermənilərin hücumu nəticəsində bərbad vəziyyətə düşsə də, yenidən dirçəldilir. Sakinlərin təşəbbüsü ilə qəsəbə buranın qurucusu və yaradıcısı, görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə Heydər­abad adlandırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin inkişafına təkan verir.

Mərkəzi Heydərabad qəsəbəsi olmaqla, abadlaşan, gözəlləşən Sədərək bu gün inkişafının ən yüksək dövrünü yaşayır. Sədərəklilər üçün 90-cı illərin o dəhşətli, əzab dolu günləri artıq geridə qalıb. Hər kəs Naxçıvanın qeyrət qalası Sədərəyin inkişafına öz töhfəsini verməyə çalışır. İnsanlar qurur, yaradır, şən, firavan günlərini yaşayırlar. Onlar artıq arxayındırlar. Nə 1918-ci ilin, nə 1948-1953-cü illərin, nə də 90-cı illərin rüzgarı artıq bu torpağın üstündən əsə bilməz. Sədərəyi dövrələyən o məğrur dağların başında müzəffər ordumuzun məğrur əsgərləri keşik çəkir. Bugünkü Sədərək düşmənə gözdağıdırsa, dağlarda məskən salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən uzanacaq. Çünki tarix həqiqətin tərəfindədir.

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR