Nikol Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev parlaq çıxış etdi:
“Bu çıxışda ermənilərin tarixi manipulyasiyaları və son otuz il ərzində Azərbaycana qarşı dezinformasiya kampaniyası ifşa olunub. Prezident İlham Əliyev yüksək ixtisaslı, unikal demokratik dövlət xadimidir. Çiçəklənmə, multikulturalizm və heyrətamiz tarixi irs Azərbaycanı hər kəsi ruhlandıran müstəsna məkana çevirir”.
P.Teys qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir:
“Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.
Ekspert əlavə edib ki, mövcud status-kvo dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır:
“Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.