23 Dekabr 2024, Bazar ertəsi

Yaxın günlərdə ön xətdə yerləşən bölmələrə idarə, müəssisə və təşkilatlar tərəfindən sovqat aparan zaman yolumuz ucqar dağ və sərhəd kəndi olan Yuxarı Buzqovdan düşmüşdü. Mənfur ermənilərin ötən əsrin 90-cı illərindəki həmlələrinə qarşı mətin dayanan kənd bu gün müasirlik donundadır. Etibarlı qorunan, təhlükəsizliyi igid Azərbaycan əsgərinə əmanət edilən, turizm mövsümündə yaxından-uzaqdan gələn dosta-qonağa qucaq açan, rahat yolu, abad məktəbi ilə diqqətçəkən yurd yeridir Yuxarı Buzqov...

Kəndin mərkəzində yeni inşa olunan tikilinin qarşısında inzibati ərazi dairəsi üzrə nümayəndə Vahid Şahverdiyevlə görüşürük.Yaşadığı kəndi, onun insanlarını, hətta ordumuzun kənddən bir neçə yüz metr aralıda yerləşən ön xətt mövqelərini də “əlinin içi” kimi tanıyır. Bir sözlə, bu yerləri tanımayıb, yolu Yuxarı Buzqova düşənlər üçün Vahid müəllim yaxşı bələdçidir. Postlarda xidmət aparan hər bir Vətən oğlunu da öz övladından seçmir. Həmişə bayram günlərində, əlamətdar tarixlərdə kənd camaatı ilə, arandan gələn qonaqlarla postlara baş çəkir, əsgərlərimizdən hal-əhval tutur və onlara ara-sıra sovqat aparırlar. Bu dəfə də ənənəsinə sadiq qalır və bizi də gedəcəyimiz yerə qədər tək buraxmır. Yolboyu söhbətləşirik. Deyir ki, o vaxt ermənilər “Yellicə”, “Qara kahı”, “Süst” adlandırdığımız istiqamətlərdən kəndə hücuma keçdilər. Amma Yuxarı buzqovlular, eləcə də ətraf kəndlərdən gələn eloğlularımız onları yerlərinə oturda bildilər və düşmənin kəndimizlə bağlı planları puç oldu. O vaxt silah-sursatımız az olsa da, torpağımıza, el-obamıza sonsuz sevgimiz sayəsində dədə-baba yurdumuz qorundu. Bu kənd bizə ulularımızın, əcdadlarımızın əmanətidir. Biz bu əmanəti atıb gedə bilməzdik.

Ünvana çatırıq. Həmsöhbətim yaxınlıqdakı tikilini göstərib deyir: – Bu bölmə indi çox dəyişib. Məlum hadisələr dövründən buradayam və postlarımızda əvvəllər hansı şəraitin olduğunu da yaxşı bilirəm. Mərhələ-mərhələ nəinki Yuxarı Buzqovda, hətta qonşu Aşağı Buzqov və Gərməçataq kənd­lərində yerləşən hərbi obyektlər də başdan-başa yeniləndi, hərbi qulluqçulara hər cür şərait yaradıldı. İndi özünüz görəcəksiniz ki, bu binadakı səliqə-sahman, məişət təminatı heç də ev şəraitindən geri qalmır.

Postlarda olduğumuz bir neçə dəqiqə ərzində biz də bu həqiqətə şahidlik edir, Vətənin keşiyində ayıq-sayıq dayanan oğullarla həmsöhbət oluruq. Geri qayıtmağa hazır­laşarkən Vahid müəllim təkidlə bizi buraxmaq istəmir, qonaqpərvərliklə evinə dəvət edir. Axşamdan yağan qar kəndin dağ-dərəsini çoxdan ağ rəngə boyayıb. Çöldə temperaturun mənfi 10 dərəcəyədək düşdüyü bir vaxtda isti evdə, süfrə arxasında kəklikotu çayını Buzqov balı ilə içməkdən ləzzətli nə ola bilər?..
Bu an insan əsl qış ab-havasına köklənir. Ətrafa göz gəzdirirəm. Artıq hər bir naxçıvanlı ailəsi üçün adi hala çevrilən daimi qaz, elektrik enerjisi, rabitə, hətta “Wi-Fi” internet şəbəkəsi burada da mövcuddur. Süfrə arxasında söhbətimiz Buzqov balı kimi şirin alınır. Vahid müəllim deyir ki, əvvəllər qış aylarında “qara günlərimiz başladı”, – deyərdik. Bir tərəfdən müharibə, kəndin sərhədlərindəki işğal təhlükəsi, sabahın qeyri-müəyyənliyi, yanacaq qıtlığı bizə də çətin günlər yaşatdı. Ağır şərait insanı hər şeyə vadar edir. Doğrusu, kəndin dağ-dərəsindəki yüzillik ağacları kəsib yandıranda çox təəssüfləndik. Amma neyləmək olardı, tale belə gətirmişdi ki, yanacaq yox idi və biz mübaliğəsiz deyirəm ki, ­donurduq.
Heç kim xəyal edə bilməzdi ki, bir gün Yuxarı Buzqovda daimi işıq və qaz olar. Artıq bu saydıqlarım kəndimiz üçün xəyal deyil, reallığa çevrilib. Hərdən oğul-uşağa deyirəm ki, bu günün qədrini bilin. İndi isti evlərimizdə oturub yanacaq dərdi çəkmiriksə, iş otaqlarımızda rahat işləyib sabahın planlarını qururuqsa, artıq məktəblərimiz taxta-şalbanla deyil, müasir istilik sistemi ilə qızdırılırsa, biz bunu müstəqilliyimizə, vətəndaşına sonsuz dəyər verən dövlətimizə borcluyuq. Heç kimə asan gəlməsin... Naxçıvan şəhərindən 30-35 kilometr uzaqda yerləşən ucqar bir dağ kəndinə yol çəkmək, körpü salmaq, məktəb, kənd və xidmət mərkəzləri tikdirmək iqtisadi gücümüzdən, qüdrətimizdən xəbər verir. Deməli, inkişaf ən ucqar dağ və sərhəd kəndlərinə qədər gəlib çatıb. Özü də kəndimiz əlamətdar tarixdə – Babək rayonunun ulu öndər Heydər Əliyev tərəfindən təşkil olunmasının 40 illik yubileyi ərəfəsində abadlaşdırıldı, Ali Məclisin Sədri cənab Vasif Talıbovun xeyir-duası ilə istifadəyə verildi. Sizi inandırım, əvvəllər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və digər dövlət qurumlarının yerləşdiyi binada oturmaq qış aylarında insandan, sözün həqiqi mənasında, hünər tələb edirdi. İki ildir ki, bu qayğılarımız həll olunub. Daha qış bizi qorxutmur. İndi görürəm ki, evində, işində hər cür şəraitin varsa, qış fəsli də gözəldir. Artıq qış narahatçılığa, təşvişə yox, yaratdığı mənzərələrlə böyükdən-kiçiyə hər kəsin sevincinə səbəb olur. ­Qurub-yaradan əllər var olsun...

Vahid müəllim deyir ki, Yuxarı Buzqovda zəhmətə qatlaşmayan, heç bir əmək fəaliyyəti, məşğuliyyəti olmayan insan tapa bilməzsiniz. Buranın zəhmətkeş sakinləri üçün isə hər cür sosial şərait yaradılıb. Yaşlılar təqaüdlərini vaxtlı-vaxtında şəhərə üz tutmadan poçt bölməmizdən alır, ucqar kənddə çalışdığımıza görə dövlət qulluqçularına və müəllimlərə əlavə vəsait verilir, kənd təsərrüfatındakı işlərimiz də öz qaydasındadır. Yuxarı Buzqovda arıçılıq yaxşı inkişaf edib. Buna görə də Şəmsi, Vasif, Habil kimi təsərrüfatçılar 60-a yaxın arı ailəsi saxlayır. Kəndimizdə heyvandarlıq sahəsi ilə məşğul olanlar da çoxdur. Mövsüm ərzində çaşırı, baldırğanı yığıb turşusunu qoyanlar, müxtəlif mürəbbələr hazırlayanlar, hətta müxtəlif yaz otlarını yığıb qurudan ailə təsərrüfatçıları da az deyil. Onlar qışda həmin məhsulları bazara çıxarıb yaxşı gəlir götürürlər.
Artıq çay süfrəsi arxasından durmağın vaxtı çatıb. Vahid müəllim bizi qarşıladığı yerdən yola salır. Dönüb başıqarlı dağlara baxır və düşünürəm: İllərdir ki, bu yurd yerinin keşiyində dayanan insanlar möhtəşəmliyi, əzəmət və vüqarı məhz bu dağlardan alıblar...

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR