Ermənistanın ekspert icması hələ uzun müddət düşdüyü rüsvayçı şokdan özünə gələ bilməyəcək. Bu vəziyyət Prezident İlham Əliyevin Münxen debatları zamanı baş nazir Nikol Paşinyanı darmadağın etməsindən sonra yaranıb.
Beləliklə, politoloq Aleksandr Manasyan (bax: http://yerkramas.org/article/166535/zayavleniya-pashinyana-byli-ne-samymi-ubeditelnymi) hesab edir ki, Paşinyan özünün ilk ictimai debatına hazırlıqsız gəlib. O yazır: “Bağlı qapılar arxasında müzakirələr asan olur, lakin iki dövlət başçısının rəqabət apardığı mətbuat konfransının gedişində hər şey başqa cürdür. Birinci halda konkret nəyin müzakirə olunduğu məlum deyil, lakin ehtimal etmək mümkündür. Mətbuat konfransı isə mitinqə bənzəyir. Amma bu mitinq Yerevanda keçirilmir və ona yaxşı hazırlaşmaq lazımdır”.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın şəxsində erməni tərəfinin bəyanatı “çox da inandırıcı deyildi”. Ekspert əlavə edir: “Paşinyanın Böyük Tiqran haqqında və Ermənistanda inqilabla bağlı söylədiyi tarixi sübutlar zəif olub”. Onun fikrincə, bunu hətta aparıcı da başa düşdü və o, təəccüblənmişdi.
Eyni zamanda, Manasyan qeyd edib ki, bu cür sübutlar ABŞ, Rusiya və Aİ kimi böyük aktorların xoşuna gəlmir. Belə ki, həmin vaxt bir çox dövlət mövcud deyildi və belə bəyanatlar onların qüruruna və şərəfinə toxunur.
Öz tərəfimizdən əlavə edək ki, indi erməni etnosunun həmin Tiqranın Ermənistanına heç bir aidiyyəti yoxdur. Çar Tiqran Parfiya mənşəli idi, indiki haylara isə həmin qədim dövlətdən yalnız sırf coğrafi ad qalıb. Amma bu ad heç də etnik xarakter daşımır.
Yeri gəlmişkən, Manasyan elə buradaca dəqiqləşdirir ki, “əgər hökumət başçısı bu yolla getməyə qərara veribsə, onda həmin sübutları da ağılla və daha dəqiq təqdim etmək lazım idi. Bu, mənfi reaksiya doğurmazdı”.
O, tarixi faktlara müraciəti yersiz hesab edir: “Ümumiyyətlə, Paşinyanın etdiyi kimi, tarixə bu qədər dərin ekskursiyanın heç bir mənası yox idi. Çünki həmin vaxt hüquqi aspektlər tarixi sübutlardan heç də az əhəmiyyətli deyildi”, - deyən politoloq nəhayət bunu anlayıb.
Öz növbəsində, David Mkrtçyan hesab edir ki, Paşinyanın uğursuzluğu hazırkı hökumətin də imicini zərbə altına qoyub (bax: http://yerkramas.org/article/166549/uzhe-vsem-yasno--kem-na-samom-dele-yavlyaetsya-pashinyan). O yazır: Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu, hazırkı hakimiyyəti çətin vəziyyətə saldı. İndi vəziyyəti düzəltmək üçün Paşinyan növbəti populist addım atmağa qərar verib. O, Qarabağ probleminin nizamlanması üzrə özünün “Münxen prinsipləri” barədə bəyanat verib. Yəqin ki, Paşinyan öz tərəfdarlarına onların təbliği barədə göstəriş verəcək ki, hansısa üsulla Münxendəki davranışını unutdursun. Lakin bu, növbəti populist addımdır. Onun 6 maddəsi yalnız tosta bənzəyir. Bundan başqa, artıq tamamilə aydındır ki, o, saman çöpündən tutaraq bu rüsvayçı vəziyyətdən çıxmağa can atır”.
Paşinyanın öz ölkəsini gülməli vəziyyətə salması Mkrtçyanı utandırıb. O, təəssüflə qeyd edib: “Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarovda yox, hər halda, Münxen, Moskva, Vaşinqton, Parisdə və digərlərində də gülüş doğurub. Artıq Paşinyanın kim olduğu hamıya məlumdur. Reallıq belədir”.
Ermənistanın sabiq baş naziri Xosrov Arutyunyan öz kədərini bölüşür (bax: http://yerkramas.org/article/166538/poetapnyj-variant-uregulirovaniya-snova-raschishhaet-sebe-put). O yazır: “İlk təəssürat: Paşinyan sanki beynəlxalq ictimaiyyət qarşısında çox orijinal, bir çoxlarından, xüsusən Ermənistanın keçmiş rəhbərlərinin mövqelərindən fərqli yanaşma ilə dayanmaq istəyirdi. Ələlxüsus söhbət danışıqlar prosesində yersiz olan “mikroinqilab” terminindən gedir. Bu termin mahiyyət etibarilə heç bir çərçivəyə sığmırdı və qarışıqlıq yaradırdı. Əgər söhbət kreativ, ordinar olmayan addımlardan gedirsə, onda bu cür də danışmaq lazımdır. Lakin “inqilabın” buna heç bir dəxli yoxdur. O, öz fikirlərini dəqiq ifadə edə bilmədi”. Debatların gedişinə tamamilə ədalətli qiymət verən Paşinyanın sələfi əlavə edib ki, “uğursuzluğun səbəbi, mütəxəssislərin də qeyd etdiyi kimi, Paşinyanın beynəlxalq tədbirlərə uyğun gəlməyən ingiliscə səviyyəsi ola bilər”. Amma məsələ dil bilməkdə deyil, arqumentlərin zəif olmasındadır!
Arutyunyanın yazdığı fikirlərlə razılaşmamaq mümkün deyil: “Əliyev fikirlərində dəqiq idi: problem ərazi ilə bağlıdır, mübahisə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan bizim torpaqlarımızı işğal edib. Hər şey son dərəcə dəqiq ifadə edilib”.
“Təəssüf ki, Əliyev öz fikirlərində Paşinyana nisbətən daha dəqiq və cəsarətli idi. Belə təəssürat yaranırdı ki, Paşinyan bu görüşə pis hazırlaşıb, ağlına gələn sözləri və fikirlərini düşünmədən çatdırır. Beynəlxalq ictimaiyyətin gözləntiləri barədə suala cavab qeyri-kafi oldu, çünki münaqişənin hərb yolu ilə həlli olmadığı bəyanatı çoxdan qəbul edilib, onun davamı da olmalıdır”, - deyə Ermənistanın sabiq baş naziri özünün indiki həmkarının tənqidi üzrə sözlərinə yekun vurur.