Fevralın 3-də 25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd Seymur Talıbovun seçicilərlə görüşü olub.
Naxçıvan Şəhər Əliabad qəsəbəsində bu münasibətlə keçirilən görüşü Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov açaraq bildirib ki, V çağırış Naxçıvan Muxtar Respublika Ali Məclisində Yeni Azərbaycan Partiyası 41 depuatatla təmsil olunub. Qarşıdan gələn seçkilərdə də partiyanın 45 dairənin hamısında namizədləri qeydə alınıb. 25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası hazırki deputat, alim və gənc siyasətçi Seymur Talıbovun şəxsində yenidən bu mübarizəyə qoşulub. Seymur Talıbov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq, 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin magistraturasında Beynəlxalq hüquq, 2009-2010-cu illərdə İngiltərədə London City Universitetinin magistraturasında Beynəlxalq siyasət üzrə təhsil alıb. 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilikdən məzunu olub. Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında müəllim, baş müəllim, 2017-ci ildən dosent, 2016-cı ildən həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyir. 2013-cü ilin may ayında dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi adını alıb. Seymur müəllim bir dərs vəsaiti və 20-ə yaxın elmi məqalənin müəllifidir. O, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyası Şurasının üzvü, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Bu gün Seymur Talıbov Şahmat Federasiyasının sədri kimi də, bu idman növünün inkişafında yaxından iştirak edir.
25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd Seymur Talıbov çıxış edərək bildirib ki, dövlətimizin həyata keçirdiyi tədbirlər və qarşıya qoyduğu vəzifələr hər bir namizədin platformasıdır. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu partiyanın qurulması ilə müasir Azərbaycan dövlətçiliyinin təməl sütunları formalaşıb. Azərbaycan gündən-günə inkişaf edir və dünyada tanınan bir ölkəyə çevrilir. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf yolundadır. Bu inkişaf muxtar respublikanın hər bir şəhərini, kəndini və məhəlləsini əhatə edir.
Seymur Talıbov bildirib ki, təhsil onun ictimai-siyasi fəaliyyətinin əsasını təşkil edir. Muxtar respublikanın təhsil siyasəti dövlətin inkişaf strategiyasının prioritet sahəsidir. Bu gün muxtar respublikada aparılan quruculuq siyasətinin tərkib hissəsi kimi hər bir kənddə məktəblərin tikilməsi və ya yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz olunması yüksək keyfiyyətli tədris prosesinə tam şərait yaradır. Bunun nəticəsində kadr hazırlığının vəziyyəti və əldə olunan nailiyyətlər muxtar respublikada müasir təhsil mühiti formalaşdırır və yüksək bal toplayan tələbələrin sayı ilbəil artır. Hazırda Naxçıvanda 3 ali təhsil ocağı fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində dünya standartlarına uyğun müasir təhsil metodları əsasında yüksək səviyyəli tədris şəraiti yaradılıb. Dövlətin ardıcıl diqqət və qayğısı ilə güclənən maddi-texniki baza, beynəxalq əməkdaşlıq və innovativ elmi mühit Naxçıvan Dövlət Universitetinin reytinq cədvəllərində birincilik qazanmasına səbəb olur. Bu universitet nüfuzlu ali təhsil ocaqları ilə birgə ortaq elm və təhsil layihələri, idman və mədəniyyət sahələri üzrə əməkdaşlıq həyata keçirir. Bunun nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetində 9 ölkədən 800-dən artıq xarici tələbə təhsil alır. Universitetin məzunlarına bu gün nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində geniş karyera imkanları açılır və bu ali təhsil ocağının diplomları bütün dünyada tanınır.
Qeyd olunub ki, əhalinin firavan həyatı ölkənin iqtisadi gücündən aslıdır. Bu gün muxtar respublikamızda sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhalinin sosial rifah halının yüksəldilməsinə, insan kapitalının inkişafına və dayanıqlı əmək bazarının yaranmasına şərait yaradır. Dövlətin ailə təsərrüfatlarına, mikro biznes sahiblərinə ucuz kredit imkanları yaratması Naxçıvanda kiçik sahibkarlığın inkişafı ilə nəticələnib. Daxili bazarın qorunması, sahibkarlığın inkişafı üçün qanunvericiliyin təkmilləşdirilməsi və iqtisadi sahədə güclü infrastrukturun yaradılması muxtar respublikada iqtisadyyatın davamlı və dayanıqlı inkişafına şərait yaradır. Muxtar respublikada davamlı inkişaf edən sahələrdən biri də tikinti-quruculuqdur. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərimiz də qaz və elektrik enerjisi, həmçinin müasir rabitə xidmətləri ilə təmin edilib. Muxtar respublikamızın bütün rayonlarında kənd mərkəzlərinin, təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, həkim ambulatoriyalarının tikilib istifadəyə verilməsi dediklərimizin əyani göstəricisidir. Artıq rayon mərkəzləri inkişafına görə şəhərlərimizdən geri qalmır. Bütün bunlar əhalinin rahatlığı, rifahı və xoşbəxt gələcəyi üçündür.
"Naxçıvan əhalisi ən çətin tarixi dövrdə müstəqillik uğrunda mübarizədə ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan naminə öz xilas yolunu seçdi. Əminik ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təlimi bizi daha güclü Azərbaycan naminə sıx birləşərək həmrəy olmağa və inkişafa aparacaqdır", - deyən Seymur Talıbov görüş üçün seçicilərə təşəkkürünü bildirib, hər kəsi fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə dəvət edib.
Seçicilərdən Tofiq Əliyev və Məlahət Rüstəmova son illərdə Əliabad qəsəbəsində həyata keçirilən quruculuq tədbirlərindən danışıb, bundan sonra da Yeni Azərbaycan Partiyasının təmsil etdiyi siyasi yolu dəstəklədiklərini bildiriblər.
"Şərq qapısı"