23 Dekabr 2024, Bazar ertəsi


Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətidən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirəni açıq elan etdikdən sonra muxtar respublikamızda ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2019-cu tədris ilində qoşunlarda döyüş hazırlığının, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək bildirilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur.

General-leytenant Kərəm Mustafayev vurğulayıb ki, 2019-cu ildə döyüş hazırlığında əsas diqqət şəxsi heyətin hərbi-peşəkarlıq səviyyəsinin, əməliyyat və döyüş hazırlığı tədbirlərinin effektivliyinin artırılmasına, idarəetmə orqanlarının və qoşunların peşəkar hərbi kadrlarla komplektləşməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilib.

Qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə ötən tədris ilində bir neçə dəfə Naxçıvan Qarnizonu Qoşunlarının birgə təlimləri keçirilib. Aprelin 18-də “Naxçıvan Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşma planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirədə Ali Məclisin Sədri qarnizonun birləşmə və hissələrinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib.

Ötən il ərzində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə iki əməliyyat taktiki təlimi keçirilib. Bunlardan biri Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Qış-2019” beynəlxalq təlimi, digəri isə
Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” təlimi olub. Naxçıvanda keçirilən təlimi Ali Məclisin Sədri, Türkiyə Respublikasının Milli Müdafiə naziri və Azərbaycan Respublikasının Müdafiə naziri izləyib. Bundan başqa Azərbaycan Ordusu miqyasında keçirilən Əməliyyat təlimində də Naxçıvan Qarnizonu Qoşunları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Yola saldığımız 2019-cu il ərzində Naxçıvan Qarnizonu Qoşunların yeni “Culfa” Təlim Mərkəzinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binasının və istirahət parkının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binasının, Naxçıvan hərbi şəhərciyində 220 yerlik zabit yataqxanasının istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev vurğulayıb ki, ümumilikdə ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib. Qarnizonun “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı əməldə özünü göstərib.

Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyevin, Hərbi Prokurorun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun 2019-cu tədris ilində görülmüş işlər və 2020-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib.

Müşavirəyə Naxçıvan qarnizonunun rəisi, general-­leytenant Kərəm Mustafayev yekun vuraraq 2020-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın müdafiəsinin daha etibarlı və tam zəmanətlə təmin edilməsi, Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqəsinin kordinasiyası məqsədi ilə Ali Məclis Sədri tərəfindən təsdiq edilən “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı” dürüst və dəqiq yerinə yetiriləcəkdir. Yeni tədris ilində Naxçıvan Qarnizonu qoşunlarının əsas səyləri qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, səfərbərlik, əməliyyat və döyüş hazırlığının düzgün təşkilinə, tabelikdəki qoşunların hazırlıq prosesinə ciddi nəzarət olunmasına və köməkliyin göstərilməsinə, real vəziyyətin daim dərindən öyrənilməsinə və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəldiləcəkdir.

Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, qiymətli hədiyyə və “Fəxri Fərman” təqdim olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR