Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasını təşkilatın sədri Elman Cəfərli açaraq geniş hesabat məruzəsi ilə çıxış edib, muxtar respublikamızın 2019-cu ildəki inkişafından ətraflı danışıb.
Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən quruculuq siyasəti Naxçıvan şəhərinin simasında da özünü bariz şəkildə göstərib. Şəhərimiz qədim maddi mədəniyyət abidələrini qoruyub saxlamaqla, sözün əsl mənasında, zövqoxşayan müasir Avropa məkanlarından birinə çevrilib. Təşkilat üzvləri də bu tərəqqiyə töhfələrini verib, inkişaf prosesində yaxından iştirak ediblər.
Bildirilib ki, təşkilat 2019-cu ildə muxtar respublikanın ictimai-siyasi həyatında fəallıq göstərib, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan 5 bələdiyyə üzrə 53 yerdən 41-ni qazanıb. Hazırda təşkilat fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyət planına uyğun şəkildə qurur.
Vurğulanıb ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Belə ki, ötən il təşkilatda 924 nəfər partiya sıralarına qəbul edilib ki, bunların da 912-si 18-35 yaşlı gənc, 489-u qadındır. Hazırda sıralarında 18 min 269 partiya üzvünün fəaliyyət göstərdiyi təşkilat 152 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Təşkilatda təmsil olunan partiya üzvlərinin 9 min 647-si qadın, 11min 6-sı gəncdir.
Elman Cəfərli ötən il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublika haqqında dediyi sözləri xatırladıb: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri əminliyini bildirib ki, təşkilatın şurası və digər rəhbər strukturları 2020-ci ildə də səylə çalışacaq, ölkəmizin, muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edəcək və qazanılacaq uğurlara səmərəli fəaliyyətləri ilə öz töhfələrini verəcəklər.
Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərazi ilk partiya təşkilatının sədri Elmin Fərəcov və Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Tünzalə Dilanova çıxış ediblər.
* * *
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı şura iclası keçirilib. İclasda təşkilatın sədri İsa Məmmədovun məruzəsi dinlənilib.
Vurğulanıb ki, partiyanın uğurları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonunu da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hər il rayonun qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, məktəb binaları tikilir, yaşayış məntəqələri abadlaşdırılır, körpülər, yollar salınır, yeni iş yerləri açılır. Təkcə ötən il muxtar respublika rəhbərinin iştirakı ilə Babək rayonu ərazisində muxtar respublikada ilk dəfə olaraq müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı”, rayon Elektrik Şəbəkəsi üçün inşa olunan yeni inzibati bina istifadəyə verilib. Ötən ilin payızı qədim yaşayış məntəqəsi olan Kültəpə və Gülşənabad kəndlərinin müasirliyə qovuşması ilə də əlamətdar olub.
İsa Məmmədov bildirib ki, 57 ilk partiya təşkilatında 7078 nəfər partiya üzvü qeydiyyatda durur. Bunlardan 2339-u, yəni 33 faizi gənc, 3021-i, yəni 42,6 faizi isə qadınlardır. Partiya üzvlərinin 4470-i dövlət, 2056-sı isə özəl sektorda fəaliyyət göstərir. 2019-cu ildə təşkilatın 12 idarə heyəti, 4 şura yığıncağı olub. Ötən il partiya sıralarına 128 üzv qəbul edilib. Hazırda təşkilat bu il ölkəmizdə, muxtar respublikamızda keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini təqvim planına uyğun aparır.
Qarşıda duran vəzifələrdən də bəhs edən İsa Məmmədov deyib ki, ərazi ilk partiya təşkilatları gənclərlə iş sahəsinə ciddi fikir verməli, dövlətçiliyimizin möhkəmləndirilməsi və partiyanın cəmiyyətdəki nüfuzunun daha da gücləndirilməsi işinə töhfə verə biləcək vətəndaşlar partiya sıralarına cəlb edilməlidir.
Tədbirdə şura üzvü Nihal Məmmədov və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Turan Məmmədlinin çıxışları dinlənilib.
Xəbərlər şöbəsi