Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ikinci 15 günü ərzində müəyyən Qərarlar qəbul edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Bundan başqa, yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Naxçıvan Muxtar Respublikasında gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 iyun tarixli 114 nömrəli Qərarında dəyişiklik olunmuşdur.
Həmin tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında da dəyişikliklər edilməsi barədə Qərar qəbul edilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 yanvar tarixli 22 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiq edilmişdir. Qərara əsasən icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.
Eyni zamanda “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin mətbuat xidməti