Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2019-cu ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb.
Vurğulanıb ki, Gənclər və İdman Nazirliyi 2019-cu il ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 386 tədbir keçirib. Ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanılıb.
Qeyd edilib ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Karate-do Federasiyasıdır. Hazırda Naxçıvanda 20 bölmədə 600-ə yaxın şəxs bu idman növü ilə məşğul olur. Gənclər və İdman Nazirliyi federasiya ilə birgə karate-do idman növünü inkişaf etdirmək və kütləviliyinin təmin olunması məqsədilə çoxsaylı tədbirlər reallaşdırıb. Belə ki, ötən il ərzində karate-do üzrə 2 muxtar respublika çempionatı, 3 rayon açıq birinciliyi, 1 beynəlxalq turnir keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbləri” təşkil olunub.
Azad Cabbarov çıxışının sonunda bildirib ki, 2019-cu ilin dekabr ayında Dünya Şotokan Federasiyasının və Türkiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyətinin və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun muxtar respublikada olmaları, burada digər idman sahələri ilə yanaşı, karate idman növünün də inkişafını yüksək qiymətləndirmələri, Dünya Şotokan Federasiyasının prezidenti və idarə heyətinin qərarına əsasən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərovun Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilməsi muxtar respublikanın idman həyatındakı mühüm hadisələrdəndir. Qazanılan uğurlar məqsədyönlü fəaliyyətin nəticəsidir.
Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olaraq bütün sahələr kimi, idman da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Qeyd edilib ki, federasiya bu qayğıdan bəhrələnərək 2019-cu ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 20 karate bölməsi fəaliyyət göstərir. 2016-cı ildə yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək ötən il Naxçıvan şəhərində daha bir bölmə açılıb. Hazırda 4 qız bölməsi fəaliyyət göstərir. 2019-cu ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 7 qızıl, 12 gümüş və 12 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olanların 100-dən çoxu qızlardır.
Diqqətə çatdırılıb ki, federasiya ötən il muxtar respublikanın şəhər və rayonlarında 12 yarış, o cümlədən 1 beynəlxalq turnir keçirib. Bu yarışlarda yaxşı nəticə göstərən 4 nəfər istedadlı idmançı seçilərək yığma komandanın tərkibinə daxil edilib. Hazırda yığma komandanın tərkibində 20 idmançı davamlı olaraq məşq keçir. Federasiyanın idmançıları ötən il ərzində Türkiyə Respublikasının İstanbul və Rizə, Rusiya Federasiyasının Moskva, Ukrayna Respublikasının Xarkov, İran İslam Respublikasının Urmiya və Astara, Gürcüstan Respublikasının Tbilisi və Batumi şəhərlərində beynəlxalq turnirlərdə, həmçinin Rumıniyanın Buxarest şəhərində Dünya çempionatında, eləcə də Makedoniya Respublikasının Skopya şəhərində Avropa çempionatında iştirak edərək uğurlu nəticələr qazanıblar. Bundan əlavə, karateçilərimiz Bakı şəhərində təşkil olunmuş beynəlxalq turnirlərdə, yarışlarda da təmsil olunublar. Ümumilikdə, 2019-cu ildə bu idman növü üzrə idmançılar 1 dünya, 1 Avropa və 14 beynəlxalq çempionatlarda, 5 ölkədaxili yarışda və 12 muxtar respublika birinciliyində qüvvələrini sınayıblar. Həmçinin il ərzində seminar-treninqlər keçirilib, 142 nəfər idmançı kəmər imtahanlarına qatılıb. Onlardan 85 nəfəri küy dərəcələrinə, 1 nəfəri isə birinci Dan qara kəmərə layiq görülüb.
Federasiya sədri bildirib ki, karateçilərimiz 2019-cu il ərzində keçirilən yarışlarda 172 medala sahib olublar. Təkcə dünya və Avropa çempionatlarında, o cümlədən beynəlxalq turnirlərdə 31 qızıl, 44 gümüş, 67 bürünc medal qazanılıb. Göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı, dünya çempionu Rafiq Hüseynlinin adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülüb. Federasiyanın digər idmançısı Vüsal Seyidov Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən gənc idmançısı seçilib.
Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.
Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV