Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişi davam edir.
Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalayıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub. Mədəniyyət müəssisəsində görkəmli dramaturqun özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanımın şəxsi pianosu, ədibin hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. Muzeyin fondunda 2300-dən artıq eksponat mühafizə olunur. Onların 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir, muzey fondunun zənginləşdirilməsinə diqqət yetirilir, ədibin həyat və yaradıcılığına aid dərslər burada əyani şəkildə keçilir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Xatirə Muzeyini, Daxili İşlər Nazirliyinin və nazirliyin Veteranlar Şurasının əməkdaşları Qarabağlar Türbə Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Cəmşid Naxçıvanski Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyini, Fövqəladə Hallar Nazirliyinin və struktur qurumlarının əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Dövlət Gömrük Komitəsinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Ədəbiyyat Muzeyini ziyarət ediblər.
Maliyyə Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində, İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Dövlət Vergi Xidmətinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Nəbatat bağında, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin kollektivləri Biznes Mərkəzində, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzeti redaksiyasının və Televiziya və Radio Şurasının əməkdaşları Duz Muzeyində olublar.
Qeyd edək ki, yanvarın 25-də muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.
Nail ƏSGƏROV