23 Dekabr 2024, Bazar ertəsi

Seminar-müşavirəni Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov açıb. Komissiyanın baş məsləhətçisi Xəlil Əliyev “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası” mövzusunda çıxış edərək bildirib ki, Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Qeyd olunub ki, bu haqda şikayət yazılı verilir. Onun yazılı şəkildə verilməsi mümkün deyilsə, müstəsna hallarda şifahi, telefonla və ya elektron poçt vasitəsilə verilə bilər.

Qanunvericiliyin tələbinə görə, məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), məntəqə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), dairə seçki komissiyaları sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyasının qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. Bundan əlavə, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı, cinayət işinin başlaması məqsədilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin 112.10-cu maddəsində seçki komissiyalarına seçkilərin gedişi zamanı seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayət və müraciətlərə baxılması müddəti müəyyən edilib. Qanunvericiliyin tələbinə görə, hər bir şikayət və ya müraciət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. Həmçinin seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Vurğulanıb ki, ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq, müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir), şikayətçiyə çatdırılır və ya göndərilir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzusunda çıxış edərək bildirib ki, Seçki Məcəlləsinin 115-ci maddəsində hansı şəxslər tərəfindən seçki hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət, Mülki və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyət daşımaları göstərilib və seçki hüququnun pozulması və ya məhdudlaşdırılması kimi hesab edilən qanunazidd hərəkətlər sadalanıb. Qanunvericiliyin tələbinə əsasən sadalanan əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq cinayət xarakterli əməllərin törədilməsinə görə məsuliyyət Cinayət Məcəlləsində, inzibati xətalara görə isə məsuliyyət İnzibati Xətalar Məcəlləsində göstərilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə isə sözügedən şəxslər ümumi əsaslarla mülki məsuliyyət daşıyırlar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında konstitusiya nəzarətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi təmin etdiyindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir. Naxçıvan Muxtar Respublikasında seçkilərin qanunda nəzərdə tutulmuş prinsiplər əsasında keçirilməsinin nəticəsidir ki, bu günədək muxtar respublika Ali Məhkəməsinin icraatına seçki hüquqlarının pozulmasına dair elə bir müraciət daxil olmayıb.
Qeyd edək ki, tədbirdə muxtar respublika üzrə dairə seçki komissiyalarının sədrləri və müavinləri, Şikayətlərin Araşdırılması Komissiyasının üzvləri iştirak ediblər.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR