23 Dekabr 2024, Bazar ertəsi

Dünyanın çox mühüm strateji məkanlarından olan Cənubi Qafqaz son bir neçə yüzilliklər ərzində həm gərgin etnik münaqişələr, hərbi-siyasi qarşıdurmalar, müxtəlif xarici güclərin geosiyasi maraqlarının toqquşmaları meydanı, həm də tarixboyu müxtəlif etnosların, dinlərin və sivilizasiyaların yanaşı, bəzən iç-içə yaşadığı bir məkan olmuşdur. Cənubi Qafqaz zəngin dövlətçilik ənənələrinə malik olub Ön Asiyanın və Yaxın Şərqin bir sıra qüdrətli imperiyalarının mühüm tərkib hissəsini, bəzi hallarda isə özəyini təşkil etmişdir. Nəticədə, region əsrlərboyu qurulan və dağılan imperiyaların maraq dairəsində olmuş, hərbi yürüş və müharibələr meydanına çevrilmişdir.

Cənubi Qafqaz ərazilərinə sonralar yerləşdirilən yad, köçürülüb gətirilmə etnos olan erməni toplumunun bitmə­yən əsassız ərazi iddiaları, erməni siyasi-klerikal liderlərinin ekspansionist siyasəti, regionun yerli əhalisinə qarşı onların deportasiya və soyqırımı bu saxtakarlıqları və vandalizmi ifşa edəcək yeni elmi, elmi-kütləvi nəşrlərin yaranması zərurətini də ortaya çıxarmışdır. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun yenicə çapdan çıxmış “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” kitabı da qədim dövrdən müasir dövrə qədər Cənubi Qafqazda gedən etnik-siyasi proseslərə aydınlıq gətirir.
Kitabın elmi məsləhətçiləri akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Zəhmət Şahverdiyev, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Emin Şıx­əliyev, rəyçi isə tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir. Yeni nəşr müəllimlər, tələbələr, magistrantlar, ideoloji işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub, giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

Kitabın birinci fəslində müəllif ermənilərin sərsəm ərazi iddialarının, mifik “Böyük Ermənistan” uydurmalarının yüz il əvvəl olduğu kimi, günümüzdə də erməni toplumunun həyat fəlsəfəsinin əsasını təşkil etdiyini təsdiqləyir, “erməni soyqırımı”, ermənilərin qədim mədəniyyətə malik “əzabkeş xalq”, dünyanın “ilk xristian toplumu” olmaları və digər məsələlər etnik düşmənçilik siyasətinə xidmət edən əsassız iddialar kimi dəyərli faktlarla təkzib olunur. Erməni saxtakarlarının tarixi reallıqlara, elmi əsaslara deyil, siyasi ambisiyalara əsaslanan iddialarına rəğmən nə qədim dövrlərdə, nə də erkən orta əsrlərdə onların Qafqazda bir toplum olaraq yaşamaları barədə tutarlı faktların olmamasına aydınlıq gətirilir. Belə bir elmi qənaətə gəlinir ki, orta əsrlərin əvvəllərinə qədər Qafqaz torpaqları və bu regionun yerli əhalisi erməni deyilən bir toplumu tanımırdı. Saxtakar erməni tarixçilərinin uydurma tarix kitablarının əksinə olaraq heç bir sanballı tarixi mənbə erməniləri Qafqaz əsilli etnos olaraq tanımadıqları kimi, Qafqazı da erməni torpaqları olaraq tanımır.
İkinci fəsildə 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra bütün torpaqların, o cümlədən azərbaycanlıların yaşadığı Lori mahalının ərazilərinin dövlət torpaqları elan edilməsi və bura ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə başlanılması ilə bağlı maraqlı məlumatlara rast gəlinir. Qeyd olunur ki, müsəlman əhalinin sayının azaldılması üçün Azərbaycan xanlıqlarının ərazilərində də oxşar addımlar atılmış, Rusiya imperiyasının get-gedə sərtləşən müstəmləkə üsuli-idarəsindən qaynaqlanan sıxışdırmalarına, habelə erməni əsilli hökumət məmurlarının özbaşınalığına, təhqir və məhrumiyyətlərə dözməyən nəinki bütöv tayfalar, eləcə də hakim siniflərin bir çox nümayəndələri, din xadimləri, ziyalılar mühacirət etməli olmuşdu.
Müəllif haqlı olaraq diqqətə çatdırır ki, I Dünya müharibəsinin başa çatması ərəfəsində regionda baş verən dramatik hadisələr – çarizmin devrilməsi və ikihakimiyyətliliyin yaranması, ardınca baş verən Oktyabr çevrilişi və kommunistlərin hakimiyyətə gəlməsi ilə Rusiyanın Cənubi Qafqaz siyasətində yeni mərhələnin əsası qoyuldu. Cənubi Qafqazda köç proseslərinin növbəti, üçüncü mərhələsi regionun Sovet Rusiyası tərəfindən istilası ilə başladı ki, bu mərhələdə də “erməni amili” özünü bariz şəkildə göstərdi. Yeni nəşrdə qeyd olunur ki, bolşeviklər də sələfləri olan rus çarizmi kimi Cənubi Qafqazı məhz ermənilərin birbaşa yardımı və iştirakı ilə işğal etdilər, buradakı milli dövlətlərin varlığına son qoydular. Bolşeviklər işğalın ilk günlərindən regionda köç proseslərinin yeni dalğa­sına təkan verdilər. Bu dalğada əsas məqsədi regionda müsəlman-azərbaycanlıların sayını mümkün qədər azaltmaq, ərazi baxımından Türk dünyası ilə mümkün təmas nöqtələrini kəsmək, daxili siyasətdə “erməni amili”nə əsaslanmaq təşkil edirdi. Sanki Rusiya imperiyasının I Pyotr dövründə başlanan Cənubi Qafqaz siyasətində Rusiya kommunistlərinin zamanında da heç nə dəyişməmişdi. Əsərdə həmin hadisələrin elmi-siyasi təhlili bir daha təsdiq edir ki, azərbaycanlıların köçlərə məcbur edilməsi bir neçə istiqamətdə həyata keçirilirdi. Belə ki, keçən əsrin 20-40-cı illərində bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycan SSR-də əksər mühüm dövlət, partiya və təsərrüfat orqanlarında rəhbər vəzifələrə qeyri-azərbaycanlıların təyin edilməsində erməni amilinə üstünlük verilməsi mərkəzi hökumətin Cənubi Qafqaz siyasətinin ana xəttini təşkil etmişdir. Müəllif vurğulayır ki, erməni ideoloqlarının bütün bu cəhdləri bir məqsədə xidmət edirdi ki, bu da türk-müsəlman xalqlarının tarixən onlara məxsus torpaqlardan yox edilməsi, boşaldılan ərazilərə ermənilərin yerləşdirilməsi, Ermənistan Respublikasının sərhədlərinin genişləndirilməsi idi. Üçüncü fəsildə bu və bu kimi geniş məsələlərə tutarlı tarixi mənbələrə, ədəbiyyatlara və arxiv sənədlərinə əsaslanmaqla aydınlıq gətirilir.
Yeni nəşrin sonuncu fəsli XX əsrin ortalarında və II yarısında Sovet rejiminin antiazərbaycan siyasətində erməni amilindən bəhs edir.
Tədqiqatçı-alim son fəsli ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu fikri ilə tamamlayır: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun, müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir… Mən buna inanıram, inanıram ki, o yerlərin sahibləri-müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar”.
Orta əsrlərin məşhur dövlət xadimi və mütəfəkkiri, siyasi idarəçiliyin böyük ustadı olan İbn Xəldun özünün dünyaca məşhur olan “Əl-Müqəddimə” əsərində yazırdı: “Dövlətin maliyyədə və hərbidə təcəssüm edən dayaqlarının çürüməsi nəticəsində dövlət özü çürüyür…Dövlət məmurlarının zinət, sərvət içərisində yaşamaq cəhdi, həmçinin dövlət üçün zəruri olan ordunu saxlamaq xərcləri ölkədə bahalığı getdikcə artırır. Bu da nəticədə, iqtisadiyyatın dağılmasına gətirib çıxarır”.
Bu gün ordusu pozulan, əhalisi səfil-sərgərdan həyat keçirən, iqtisadiyyatı çökən, nəinki məmurları, hətta yüksəkrütbəli hərbçiləri belə, korrupsiya və rüşvət bataqlığında boğulan Ermənistan məhz İbn Xəldunun böyük uzaqgörənliklə dediyi fikrin real nəticəsini əks etdirir. Bu isə “Böyük Ermənistan” xülyası ilə yaşayan, reallıqda isə xarici güclərin forpostu və əlaltısı olan bir ölkənin özünün gələcəyini şübhə altına alır.
Əminliklə demək olar ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” kitabı qədim dövrdən müasir mərhələyə qədər Cənubi Qafqazda həyata keçirilən etnik münaqişələrin, hərbi-siyasi qarşıdurmaların, xarici güclərin geosiyasi maraqlarının və sair kimi məsələlərin öyrənilməsində etibarlı və zəngin mənbə rolunu oynayacaqdır.


Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər
kafedrasının baş müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR